Rusiya təyyarələri Füzuli Hava Limanına enəcək

Bu, iki ölkə arasında turizmlə yanaşı, digər sferalarda əməkdaşlığın gücləndirilməsinə də təkan verəcək

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) 3 aviaşirkətə Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 7 uçuşun həyata keçirilməsi üçün icazə verib. Sözügedən şirkətlər “Azur Air”, “Severnı veter” və “İrAero”dur. Qərara əsasən, “İrAero” şirkəti həftədə iki dəfə Moskva-Füzuli və Moskva-Zaqatala reyslərini həyata keçirəcək. Bununla yanaşı, “Azur Air” şirkəti Rusiyanın dörd şəhərindən Bakıya reyslərin təşkil edilməsinə icazə alıb. Sözügedən şəhərlər Samara, Rostov-na Donu, Krasnodar və Kazandır. Şirkət hər həftə iki dəfə həmin şəhərlərdən Bakıya uçuşlar edə biləcək. “Severnı veter” aviaşirkəti isə həftədə 7 dəfə Soçi-Bakı reysinin həyata keçirilməsinə icazə əldə edib. 

Uçuşların bərpası və yeni reyslərin açılması ilə bağlı fikirlərini “Şərq”lə bölüşən millət vəkili Vüqar Bayramov deyib ki, Azərbaycana gələn turistlərin sayı baxımından Rusiya çox vacib ölkədir. Deputatın sözlərinə görə, il ərzində Azərbaycana gələn turistlərin böyük qismi məhz şimal qonşumuz – Rusiyanın payına düşür: 

“Rusiyada təxminən 2,5 milyona yaxın azərbaycanlı yaşayır. Bu da birbaşa turizm sahəsindəki əməkdaşlığımıza təsir göstərir. O baxımdan uçuşların bərpası və sayının artırılması müsbət haldır. Bu, iki ölkə arasında turizmlə yanaşı, digər sferalarda əməkdaşlığın gücləndirilməsinə də təkan verəcək. Müsbət məqamlardan biri də yeni istifadəyə verilmiş Füzuli beynəlxalq hava limanına uçuşların həyata keçirilməsidir. Gələcəkdə Füzuli hava limanına xarici ölkələrdən daha çox uçuşlar həyata keçiriləcək. Bu da təbii ki, Qarabağın yenidən bərpası, Azərbaycan iqtisadiyyatının reinteqrasiyası baxımından vacibdir. Praktik olaraq Füzuli hava limanı, eyni zamanda Qarabağdakı digər aeroportlar yaxın zamanlarda digər ölkələrin turizm və digər işgüzar səfərlər çərçivəsində maraq dairəsinə daxil olacaq”.