Azər Allahverənov: “Tibbi müayinə müddəti 90 gündən 30 günə endirilir”
Rusiyada tibbi müayinədən keçməyən miqrantlar deportasiya olunacaq. Dövlət Duması tibbi müayinədən keçməyən əcnəbilər üçün cərimə və deportasiyaya icazə verməyi planlaşdırır. Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, Rusiyada üç aydan çox qalanlar üçün tibbi müayinə müddətinin 90 gündən 30 günə endirilməsi təklif olunur. Rusiya Duması belə bir qanun layihəsi üzərində çalışır. Dövlət Dumasının spikeri başqaları üçün təhlükə yaradan xəstəliklərin olmadığını təsdiq edən sənədlərin saxtalaşdırılmasına görə cinayət cəzalarının sərtləşdirilməsinin də planlaşdırıldığını söyləyib. Qeyd edək ki, Rusiyada 90 gündən çox müddətə qalmaq istəyən əcnəbi mütləq tibbi müayinədən keçməlidir.
Rusiya hökumətinin miqrantlara qarşı təzyiq metodlarından istifadəsi bir neçə ildir başlayıb. Nəticədə minlərlə miqrant Rusiyanı tərk etmək məcburiyyətində qalıb. Hökumət gah qeydiyyat, gah rus dilini bilmək tələbi irəli sürür. İndi isə yeni – tibbi müayinə tələbinin tətbiqinə hazırlıq gedir. 
Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a açıqlamasında bildirdi ki, bəli, belə bir məlumat Rusiyanın informasiya məkanında yayımlanıb. Miqrantlarla bağlı həqiqətən də dövlət tərəfindən qanunlara dəyişikliklər təklif olunur ki, bu da miqrantların tibbi müayinədən keçməsi ilə bağlıdır:
- Hazırki qanunlara görə, şəxs ölkə ərazisində 90 gündən artıq qalmaq niyyətindədirsə, yəni Rusiyada müvəqqəti yaşamaq icazəsi almaq üçün müraciət etməlidirsə, təqdim olunan sənədlər arasında tibbi müayinədən keçdiyini təsdiqləyən sənəd də olmalıdır. Qanuna təklif olunan dəyişikliyə əsasən bu müddət 30 günə endirilir. Yəni, 90 gündən artıq qalmaq niyyətində olan şəxs mütləq 30 gün ərzində tibbi müayinədən keçməlidir. Bununla bağlı məsuliyyət də gücləndirilir. Digər normativ sənədlərdə isə qeyd olunur ki, tibbi müayinədən keçməyənlərə inzibati məsuliyyət tətbiq olunsun, həmçinin saxta məlumat təqdim edənlər də məsuliyyət daşısın. Bu, göstərir ki, Rusiyada tibbi müayinələr mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Hətta qeyd olunub ki, tibbi müayinə aparan müəssisə məlumatı dərhal həm Rusiya Federasiyasının daxili işlər orqanlarına, həm də istehlak bazarına nəzarət funksiyasını həyata keçirən “Rospotrebnadzor” qurumuna təqdim etməlidir. Bu, məlumatın gizlədilməsinin və ölkədə qalmağa davam edən şəxslərin izlənilməsinin qarşısını alır və operativ qərarların qəbuluna imkan yaradır.
Ümumilikdə bu dəyişiklik göstərir ki, Rusiya miqrasiya qanunvericiliyini təkmilləşdirmək və ölkədəki miqrantlarla bağlı nəzarəti daha da effektiv qurmaq istiqamətində addımlar atır. Bu cür layihələr mövcud vəziyyəti qiymətləndirərək hazırlanır və miqrantların məsuliyyətini artırır, onların qanunları pozmaq imkanlarını minimuma endirir. Beləliklə, 90 gündən artıq qalmaq niyyətində olan şəxslər tibbi müayinədən vaxtında keçməli, aidiyyəti strukturlara düzgün məlumat təqdim etməlidirlər. Bu dəyişiklik qəbul edildikdə, miqrantların məsuliyyətli davranışını təmin edəcək və dövlətin ictimai təhlükəsizliyi siyasətinə xidmət edəcək.