Kiyevdəki diplomatik nümayəndəliyimizin binasına və əmlakına dəymiş ziyanla bağlı məsələlər gündəmdə qalmaqdadır. Bu çərçivədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzinlə görüşü xüsusi əhəmiyyət daşıyır. Rusiya XİN-in məlumatına əsasən, 14 noyabr hadisəsi ilə bağlı Azərbaycan tərəfindən daxil olan müraciət səlahiyyətli qurumlar tərəfindən araşdırılır. Eləcə də Rusiya baş verənlərə görə səmimi təəssüfünü bildirib. Hadisənin diplomatik müstəvidə ədalətli və konstruktiv həlli isə tərəflər üçün mühüm əhəmiyyət kəsb edir.
Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında Azəebaycan səfieliyinə dəymiş ziyanla bağlı hüquqi proseslərin ədalətlə yekunlaşmalı olduğunun vacibliyini qeyd edib:

"Məlum hadisə ilə bağlı Rusiya araşdırma aparıldığını desə də əslində hər şey məlumdur. Ziyan vurulub. Kiyevdəki diplomatik nümayəndəliyimizin binasına dəymiş ziyanla bağlı hüquqi proseslər ədalətlə yekunlaşmalıdır. Təbii ki, Rusiya hər cür vəchlə bunu etiraf etməməyə çalışır. Ancaq ilkin müşahidələr və reallıq zərərin hansı mənbədən vurulduğunu ortaya qoyur".
Ekspert bildirib ki, diplomatik vasitələrlə bu məsələnin həlli tələb edilməlidir:
"Həmçinin bu görüşdə məsələnin həlli istiqamətində ölkəmizin mövqeyinin çatdırılması, Rusiyanın təəssüf bildirməsi demək olar ki, hadisənin etirafı deməkdir. Lakin dəymiş ziyan və digər məsələlər ilə bağlı da lazımi rəsmi addımların atılması gözləniləndir. Ümid etmək olar ki, bu məsələ müsbət həll olunacaq. Eyni zamanda Rusiya ilə münasibətlərin müsbət yöndə gedişatında ləngimələrə əsas verməyəcək. Bunun üçün də zərər vuran tərəfin boynuna düşən məsuliyyəti icra etməsi lübüddür".