Sosial şəbəkələrə sərt nəzarət gəlir: Prezidentin qərarı böyük dəstək qazandı

İnternetdə sərhədsiz azadlıq bitir, əxlaqsız paylaşımlara ağır cəza dövrü başlayır

Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib. Bununla da sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilir. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyuişikliyin əlavə olunması 2025-ci ilin noyabr ayında Milli Məclisin Hüquq siyasəti və dövlətçilik quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında təklif edilmişdi və Milli Məclis tərəfindən qəbul olunmuşdu. 

Sosioloq Mətanət Məmmədova cənab Prezidentin İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyi təsdiqləməsini sevindirici və müsbət hal adlandırdı. Sosioloq “Sherg.az”a açıqlamasında qeyd etdi ki belə bir qaydanın qəbulu gözlənilən idi və buna görə Prezidentə dərin təşəkkürünü bildirir: 

- Hazırkı internet dövründə bu dəyişiklikləri vacib hesab edirəm. Bunu çoxdan arzulayırdıq, gözləyirdik. Həqiqətən də, bu sevindirici və ümidvericidir ki, bundan sonra sosial şəbəkə istifadəçiləri paylaşımlarına diqqət etməli olacaqlar, sosial platformalarda kim nə istədi, ağına-bozuna baxmadan hər hansı məzmun paylaşa bilməyəcək. Hamımız görürük sosial şəbəkələrdə nələr baş verir. Mənəviyyat ayqlar altına atılır. Belə biabırçılığın qarşısı əlbəttə alınmalı idi. Mənəvi aşınmalara, yaşlı insanların təhqirinə, gənclərin əxlaqına mənfi təsirlərə səbəb ola biləcək paylaşımların qarşısı bundan sonra ciddi şəkildə alınmalı və bunu edənlər sərt şəkildə cəzalanmalıdır.