Taksi gedişlərinin sayı azalacaq, qiymətlər bahalaşacaq

Buraxılış vəsiqəsi olmadan sərnişin daşıyan şəxslər üçün yeni cərimələr müəyyənləşir


Taksi minik avtomobilləri ilə sərnişin daşımalarının necə həyata keçiriləcəyi açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetiriləcək. Həmçinin, layihəyə görə, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. 

Taksi üçün buraxılış vəsiqələri və taksi sifarişi operatoru fəaliyyətinə icazə 7 il müddətinə veriləcək

“Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqələri, o cümlədən taksi sifarişi operatoru fəaliyyətinə icazə 7 il müddətinə veriləcək. Layihəyə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək. 

Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. Qanun layihəsinə əsasən, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək. Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

“İctimai nəqliyyat əhali üçün maraqsız olub” 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, ictimai nəqliyyat biznes olaraq operatorlar üçün maraqlı deyil: “Bütün bunlara nəzər saldıqda artıq Bakının rəqəmsal əkizinin yaradılması zərurəti yaranıb. Keçən ilin oktyabrında artıq buna başlanıb və iyul ayının sonunda bu təqdim ediləcək. Bu təqdim olunandan sonra bizə artıq məlum olacaq ki, investisiyanı hara qoymalıyıq. Bakı şəhərində mobilliyin təmin edilməsi üçün ilk olaraq qanunvericiliyə dəyişikliklər etməyə çalışdıq. Yükdaşımalar və sərnişindaşımalar tam şəkildə artıq liberallaşıb. Bizim bu gün təklif etdiyimiz dəyişikliklər bəlli standartları – istər təhlükəsizlik, istər vətəndaşların məmnuniyyəti ilə bağlı standartları müəyyən etmək üçündür”.

"Taksi sürücüləri nə gəlirlərindən, nə də işlərindən məhrum olacaqlar"

Rəşad Nəbiyev vurğulayıb ki, məqsəd taksilərin sayını azaltmaq yox, taksi gedişlərinin sayını azaltmaqdır. Nazir bildirib ki, taksi aqreqatorları artıq onlarla məlumatlarını bölüşürlər: “O məlumatlara baxanda görürük ki, taksi gedişlərinin çoxu 1,5-3 km olan məsafəyədir. Hansı ki, bu məsafəni ya ayaqla getmək olar, ya da ictimai nəqliyyatla. Biz əhaliyə yaşadığı yerlərdən ictimai nəqliyyatın keçməsini təmin edə bilərik. Bakı şəhərinin mərkəzində bu kimi gedişlərin çox olduğunu görürük. Təxminən 67 min taksi bu gün Bakı şəhərində fəaliyyət göstərir. Onların ortalama iş saatı 14-15 saatdır. Həmin işçilərin iş saatlarının azaldılması, bazarda qiymətlərin müəyyən qədər tənzimlənməsi hesabına onlar nə gəlirlərindən, nə də işlərindən məhrum olacaqlar”. Nazir vurğulayıb ki, taksidə qiymətlər birmənalı olaraq qalxacaq.

"Taksilərin mobil datalarından yığılan məlumatlar bizim bazada var"

R.Nəbiyev bəyan edib ki, taksilərin mobil datalarından yığılan məlumatlar artıq bizim bazada var. Nazir bildirib ki, “Avtomobil nəqliyyatı haqqında” qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil: “Bu qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda, qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlar da ölkədə ekoloji təmizlik, vətəndaşlarımızın təhlükəsizliyi və s. məsələlərlə bağlıdır. Bakıda mobilliyin təmin olunması, yeniliyin faydaları barədə araşdırmalar aparırlır".

"Taksi aqreqatorları qanunvericilikdəki boşluqlardan istifadə edir"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, Azərbaycandakı taksi aqreqatorları qanunvericilikdəki boşluqlardan istifadə edir, dövlət qurumları ilə əməkdaşlıqda maraqlı olmur: "Qanunvericilikdə taksi aqreqatorları, eləcə də avtobus hesab edilməyən, taksi də olmayan nəqliyyat vasitələri ilə sərnişindaşımaya dair boşluqlar var. Məqsədimiz bu boşluqları aradan qaldırmaq, qanunvericiliyə ediləcək dəyişikliklərlə sözügedən sahədə fəaliyyəti tənzimləməkdir".

"Avtobus hesab edilməyən nəqliyyat vasitələri sərnişindaşımaları iflic vəziyyətinə gətirib"

AYNA İdarə Heyətinin sədri deyib ki, “Fərqlənmə nişanı”n verilməsindən imtina etmək mümkün deyil: "Bu sahədə sanksiyalar da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarətində deyil. “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən daşıyıcıların vahid uçotunun aparılmasına da “Fərqlənmə nişanı” şərait yaradıb. Sektorun iki sahəsi tənzimləmədən kənarda qalıb. Avtobus hesab edilməyən nəqliyyat vasitələri ilə rayonlararası sərnişin daşımalar da bunlardan biridir. Bu, müntəzəm sərnişindaşımaları demək olar iflic vəziyyətinə gətirib. Qeyd etdiyimiz nəqliyyat vasitələri üçün ümumiyyətlə, bilet satışı yoxdur. Avtovağzallarda da vəziyyət yaxşı deyil”.

"Ölkədə Gürcüstan dövlət qeydiyyat nişanlı avtobuslarla sərnişin daşımaları var, bu, yolverilməzdir"

Anar Rzayev bəyan edib ki, ölkədə Gürcüstan dövlət qeydiyyat nişanlı avtobuslarla sərnişin daşımaları var: "Bu, yolverilməzdir. Daşıyıcıların peşəkarlıq səviyyəsi də yaxşı deyil. Qanuna dəyişikliyə əsasən, daşıyıcıya buraxılış vəsiqəsi verilməsi, onun istifadəsində olan nəqliyyat vasitəsinə isə buraxılış vəsiqəsinin əlavəsinin verilməsi nəzərdə tutulur. Buraxılış vəsiqəsi almayanlara ümumiyyətlə, daşıma fəaliyyəti qadağan ediləcək”.

"Daşımalarla bağlı icazə sistemi təkmilləşdirilir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklər sərnişin və yük daşımaları sahəsində icazənin təkmilləşdirilməsinə xidmət edir: "Yeni mexanizmdə daşıyıcılara buraxılış vəsiqəsinin, onun istifadəsində olan nəqliyyat vasitələrinə isə buraxılış kartının verilməsi təklif olunur, icazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar dəqiq müəyyən edilir, icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilir. Yeni mexanizmdə icazə olmadan fəaliyyət göstərmək qadağan edilir, taksilərin və avtobusların daxili və xarici tərtibatının uyğunluğuna nəzarət mexanizmi yaradılır. "Fərqlənmə nişanı" yalnız fiskal alət rolunu yetirəcək”. T.Mirkişilinin sözlərinə görə, yenilənmiş qanunda həmçinin "taksi sifarişi operatoru" anlayışı verilir, göstərdiyi xidmətin mahiyyəti dəqiqləşdirilir: “Fərdi məlumatlar haqqında" qanuna riayət edilməsi vəzifəsi müəyyən edilir. Buraxılış kartı olmayan daşıyıcıya və yaxud sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağan olunur. Hər bir taksi sifarişi üzrə adsızlaşdırılmış məlumatların, iş və istirahət rejiminə nəzarət məqsədi ilə sürücü barədə məlumatların Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin informasiya sisteminə real vaxt rejimində ötürülməsi vəzifəsi müəyyən edilir”.

"Camaat taksiyə vərdiş edib, hamını maraqlandıran qiymətlərin nə qədər qalxacağıdır"

Deputat Rüfət Quliyev deyib ki, nəqliyyat məsələsində böyük problemlər var, həlli üçün tezliklə dəyişikliklər edilməli idi: "5 aqreqator həqiqətən ölkədə hökmranlıq edir. İçkili, hallı sürücülərdən vətəndaşlar şikayət edirdilər. Camaat hamısı artıq taksiyə vərdiş edib. Hamını maraqlandıran qiymətlərin nə qədər qalxacağıdır. Başa düşürük, inflyasiya var, qiymətlərdə artım olacaq". Deputat haqlı rəqabət olmasını təklif edib: “Biz Bakını Tiflislə müqayisə edə bilmərik. Bakıda böyük avtovağzal var, amma kənarda sərnişin daşıyan avtobuslar da var. Avtovağzaldan çıxan avtobuslar sərnişini gedəcəyi yerə 2,5 saata aparırsa, onlar avtovağzaldakılardan tez 1,5 saata sərnişin aparırlar. Amma qiymətləri avtovağzaldakından 25-30 faiz çoxdur, maşınları da it günündə.. Təklif edirəm ki, onlar da işləsin, amma dövlətə vergi versin, rəqabət mühiti artsın. Bizdə ümumi taksilər üçün qaynar xətt olması yaxşı olar”.

"Azərbaycanda taksilərin sayına qanunla məhdudiyyət qoyulacaq"

Deputat Elnur Allahverdiyev deyib ki, Bakı şəhərində tələb olunandan 4-5 dəfə çox taksi var. Bu, ekologiyaya zərərdir, tıxac deməkdir: "Metrodan istifadə edənlərin sayı azalıb. Buna səbəb də tasksilərdir. Bütün dünyada ən rahat nəqliyyat növü metrodur, amma statistikaya görə metrodan istifadə azalıb. Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir. Bizdə beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda UBER onlarda qadağan olunub. Bu, bir reallıqdır”. T.Mirkişili bildirib ki, bütün ölkələrdə şəhərin ölçüsünə görə beynəlxalq taksi şirkətlərinə və avtomobillərin sayına məhdudiyyət tətbiq edilir: "Yeni hazırlanan qanunda da bu məhdudiyyət nəzərdə tutulub.