Tural Gəncəliyev: “Ermənistanın ev tapşırığı Zəngəzur dəhlizini işlək hala gətirməkdir”

Paşinyan gec də olsa, başa düşdü
Zəngəzur dəhlizi 2028-ci ilə qədər tam açılacaq 
"Cənubi Qafqazdan keçən marşrutlar bir-birini tamamlayır, biri o birinin davamıdır və bununla da, biz Cənubi Qafqazın potensialını daha da artırırıq". Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, Vaşinqton Bəyannaməsinin 4-cü bəndinə əsasən, Qara dəniz dəmir yolu açılacaq və tranzit potensialını təkcə Ermənistan deyil, Gürcüstan və Azərbaycan istiqamətində də artıracaq: "Ermənistanla Azərbaycan arasında qurulmuş sülh elə bir layihədir ki, qonşuluq münasibətlərini Gürcüstan və İran arasında da qaydaya salacaq və Cənubi Qafqazı Şərq-Qərb istiqamətində ən cəlbedici marşruta çevirəcək. Bu o deməkdir ki, bu ölkələrin ərazisində infrastruktur artacaq və inkişaf edəcək. Biz Azərbaycan, Gürcüstan və Ermənistan arasında münasibətləri inkişaf etdirməli və onları kapitala çevirməliyik ki, regionumuzda daim sabitlik olsun".
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a deyib ki, Nikol Paşinyan Azərbaycan-Gürcüstan modelinə təsadüfən, boş yerə diqqət yönəltmir. Deputatın sözlərinə görə, Paşinyanın sözləri Ermənistandakı revanşistlərə bir mesajdır ki, Bakı və Tbilisi əməkdaşlığından Gürcüstan illər boyu çoxlu gəlir əldə edib, qazanc götürüb:
 "Paşinyan erməni ictimaiyyətinə göstərir ki, Gürcüstan Ermənistandan fərqli olaraq regional transport kommunikasiya xətlərinin üzərində olub. Baş nazir demək istəyir ki, nədən işlək Azərbaycan-Gürcüstan modeli Ermənistan üzərində də tətbiq olunmasın? Təbii ki, bu, mümkündür. Əgər bütün transport kommunikasiya xətləri və logistik məsələlər həll olunarsa, Ermənistanın regional və qlobal layihələrdə iştirakı mümkündür. Biz Gürcüstanla 30 il ərzində indiki logistikanı qurmuşuq. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri illərdir fəaliyyət göstərir. İndi Ermənistanın üzərinə düşən ev tapşırığı odur ki, zəhmət çəksin, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsini işlək hala gətirsin. O halda bəhs edilənləri reallaşdırmaq imkanları yaranacaq". 
Parlament üzvü vurğulayıb ki, cənab Prezidentin də bəyan etdiyi kimi Zəngəzur dəhlizi 2028-ci ilin sonunadək tam funksional olacaq: 
"Paşinyan hökumətinin "Sülh kəsişməsi" terminini zaman-zaman eşidə bilərik. Amma məsələ ondadır ki, ABŞ kimi böyük bir güc "Tramp marşrutu"nin açılması istiqamətində çalışır. Bu, çox önəmli faktordur. Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq ictimaiyyətin dəstəyi də mövcuddur. Lakin Azərbaycan-Ermənistan sərhədləri, sadəcə, Zəngəzurla məhdudlaşmır. Şimaldan-cənuba yüzlərlə kilometrlik məsafə, çoxlu yollar var. Gələcəkdə delimitasiya və demarkasiya prosesi bitdikdən sonra o yolların da açılması mümkün olar".