Turizm sektoru gerilədi, amma ABŞ-dən gələn turistlər artdı - EKSPERT

Şübhəsiz, turist sayının azalmasına səbəb həm də quru sərhədlərin bağlı olmasıdır

Ölkəmizə ümumən Amerika qitəsindən gələn turistlərin sayında azalma, yalnız ABŞ-dən glənlərin sayında isə artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycana Amerika qitəsi ölkələrindən 36 126 turist gəlib. Bu, 2024-cü illə müqayisədə 2,3% azdır. İl ərzində ən çox turist ABŞ-dan gəlib - 23 952 nəfər. Bu isə 1 il əvvələ nisbətən 4,5% çoxdur. Ötən il Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud əvvəlki illə müqayisədə 2,1% az əcnəbi və Azərbaycan vətəndaşlığı olmayan şəxs gəlib. 

Azalma və artımların səbəbini “Sherg.az”a izah edən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirdi ki, ötən il ölkəmizə gələn turistlərin sayında azalma olmasına baxmayaraq, ABŞ-dən gələnlərin sayında artım iki ölkə arasında son dövrlər strateji əlaqələrin güclənməsinin nəticəsidir: 

- Bu məsələdə iki ölkə arasında strateji əlaqələr, siyasi münasibətlərdə yaxınlaşma və iqtisadi əlaqələrin güclənməsi əsas səbəblərdəm biridir. Ölkəmizdə keçirilən irimiqyaslı tədbirlər, siyasi-iqisadi müstəvidə olan görüşlər ölkələr arasında gediş-gəlişin əvvəlki illərə nisbətən artmasına münbit şərait yaradıb. Amerika qitəsi, o cümlədən ABŞ turist səfərlərinə görə ilk ölkələr sırasında deyil, amma mövcud səbəblər turist sayının artmasına səbəb olur. Ümumən turist sayının ötən ilə nibətən azalmasında kiçik rəqəm olsa – 2.1 faiz, bütün hallarda bu, turizm sektoruna mənfi təsir edir. Turist sayı artmalıdır, nəinki azalmalıdır. Şübhəsiz, turist sayının azalmasına səbəb həm də quru sərhədlərin bağlı olmasıdır. Heç də bütün turistlər hava nəqliyyatına üstünlük vermir. Turistlər səyahət üçün sərfəli gediş-gedişləri seçir.