Ucuz bilet məmnunluq yaradıb: Natiq Cəfərli də AZAL-ı alqışladı

“Bu şirkətin ictimai rəydəki imicinə də müsbət dərəcədə təsir göstərəcək” 

Azərbaycan Hava Yolları (AZAL) “Uçuran Cümə” kampaniyasına start verib.

Kampaniya çərçivəsində 50-dən artıq şəhərə 300 000-dən çox endirimli bilet satışa çıxarılıb. Biletləri bu həftənin cümə gününə qədər (24–28 noyabr tarixlərində) əldə etmək mümkün olacaq. Qeyd edək ki, endirimli qiymətlər 1 dekabr 2025-dən 30 aprel 2026-dək həyata keçirilən uçuşlara aiddir.

Biletləri www.azal.az saytından, AZAL mobil tətbiqindən, həmçinin kassalardan və akkreditə olunmuş agentliklərdən almaq mümkündür.

Kampaniya çərçivəsində biletlər Bakı–İstanbul üçün 91 AZN, Bakı–Moskva üçün 224 AZN, Bakı–Tbilisi üçün 73 AZN, Bakı–Berlin üçün 251 AZN, Bakı–Paris və Bakı–Barselona üçün 350 AZN, Bakı–Pekin üçün isə 291 AZN-dən başlayan qiymətlərlə təklif olunur. Qeyd olunub ki, yüksək tələbat dövrlərində kampaniya keçərli deyil.

İqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında AZAL-ın “Uçuran cümə” kampaniyasını şərh edərək bildirib ki, bu kampaniya həm aviaşirkətin, həm də ümumilikdə hava nəqliyyatı bazarının inkişafı üçün çox müsbət hal hesab oluna bilər. Onun sözlərinə görə, təqdim edilən qiymətlər kifayət qədər cəlbedicidir və səyahət planlaşdıranlar üçün əlavə imkanlar yaradır: “Əgər AZAL doğurdan da qiymətləri bu qədər endiribsə, çox yaxşı haldır. Amma yəqin ki bu qiymətlər üçün müəyyən detallar var. Güman edirəm ki, göstərilən rəqəmlər əsasən əl yükü ilə səyahət edən və biletlərdə dəyişiklik etmək niyyətində olmayan sərnişinlər üçün nəzərdə tutulub. Çünki dünya təcrübəsində kampaniya çərçivəsində satılan biletlərdə adətən sərt qaydalar – baqajın olmaması, biletlərin dəyişdirilməməsi və geri qaytarılmaması kimi şərtlər tətbiq edilir. Bu səbəbdən sərnişinlərin kampaniyaya uyğunluğu əvvəlcədən diqqətlə yoxlaması vacibdir.

Bununla belə, kampaniya ilə bağlı ümumi təəssüratım müsbətdir. Ucuz bilet alternativləri səyahət mədəniyyətinin genişlənməsinə, aviaşirkətin xidmətlərinə olan marağın artmasına və AZAL-ın uzun illərdir mövcud olan “bahalı aviaşirkət” imicinin yumşalmasına səbəb ola bilər. Bu tip endirim kampaniyalarının davamlı təklifə çevrilməsi həm rəqabəti gücləndirər, həm də vətəndaşların daha rahat şərtlərlə uçuş imkanlarından yararlanmasına şərait yaradar. Zənnimcə baqajsız səyahəət etmək istəyən insanlar bu fürsətdən səmərəli şəkildə istifadə edəcəklər. həm də AZAL-ın ictimai rəydəki imicinə də müsbət dərəcədə təsir göstərəcək”.