Uşaqlar zorakılığı oyun kimi öyrənir - Hacıbəy Heydərli

...bu siqnal artıq evlərimizin içində, məktəblərdə, liseylərdədir

“Sosial şəbəkələr və kompüter oyunları bu gün uşaqların sağlam inkişafı qarşısında duran ən ciddi maneələrdən biridir”.

“Sherg.az” xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli “İdrak” liseyində şagirdin müəllimi güllələməsi hadisəsini şərh edərkən bildirib.

Bir ay öncə İTV-nin “Xəbərimiz var” verilişində “Roblox” oyununun yaratdığı təhlükələr barədə danışdığını xatırladan H. Heydərli qeyd edib ki, həmin çıxışın bu qədər sürətlə sosial mediada trend olacağını gözləmirmiş: “Videoya gələn reaksiyalar bir həqiqəti açıq şəkildə ortaya qoydu: uşaqlar faktiki olaraq bu oyunun əsirinə çevriliblər və sosial mediada xüsusən “tiktok””da 16 yaşından aşağı uşaqların sayı həddindən artıq çoxdur və onlar çox aqressivdirlər.

Bugünkü insidentin də səbəblərini çox da uzaqda axtarmaq lazım deyil. 

“Roblox” platforması daxilində yayılan bir sıra oyunlar uşaqların psixoloji və sosial inkişafına açıq-aşkar zərbə vurur. Xüsusilə The Streets, Da Hood, Criminality, Mad City kimi oyunlarda zorakılıq, cinayət və ölüm mövzuları adi və hətta cəlbedici şəkildə təqdim olunur. Bu cür ssenarilər uşaqlarda qorxu və stressə qarşı həssaslığı azaldır, aqressiyanı isə “əyləncə” və “normal davranış” kimi formalaşdırır.

Daha təhlükəlisi isə odur ki, bu oyunlarda öldürmə, işgəncə və silah əsaslı səhnələr uşaqlarda empati, sevgi, qayğı hissinin zəifləməsinə, aqressiv davranışların isə adilləşdirilməsinə və həyat tərzinə çevrilməsinə səbəb olur. Uşaq artıq başqasının ağrısını hiss etməyi yox, zorakılıq tətbiq etməyi “uğur” kimi öyrənir və belə böyüyür. Nəticə isə artıq göz önündədir: azyaşlılar arasında aqressiya hallarının və cinayət meyllərinin artması cəmiyyət üçün ciddi siqnal və bu siqnal artıq evlərimizin içində, məktəblərdə, liseylərdədir”.