"Azərbaycanda da mütləq bu istiqamətdə addımlar atılmalı, məhdudiyyətlər tətbiq edilməlidir"
Bakıda şagird müəllimi güllələyib. Hadisə Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “İdrak” Liseyində baş verib. 10-cu sinif şagirdinin liseyin 28 yaşlı qadın riyaziyyat müəllimini güllələdiyi bildirilir. Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Sözügedən silahlı insident məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Təhsil müəssisəsində şagirdin müəllimə qarşı odlu silahdan istifadə etməsi eyni zamanda uşaqların tərbiyəsi, aqressiv davranışların vaxtında aşkarlanması, valideyn nəzarətinin zəifliyi və məktəblərdə təhlükəsizlik mexanizmlərinin yetərli olub-olmaması ilə bağlı ciddi suallar doğurur. Hadisə göstərir ki, təhsil ocaqlarında nəzarət yalnız dərs prosesi ilə məhdudlaşmamalı, şagirdlərin psixoloji durumu və təhlükəsizlik məsələləri də daim diqqətdə saxlanılmalıdır.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov “Sherg.az”a açıqlamasında problemin kökündə valideyn nəzarətsizliyi və şiddəti təbliğ edən sosial oyunların dayandığını bildirib. Deputat qeyd edib ki, əvvəllər bu cür hadisələrin Amerika kimi ölkələrdə baş verdiyini eşidir, çox təəccüblənirdik: “Çox təəssüf ki, son illər bu cür dəhşətli hadisələri ölkəmizdə də müşahidə edirik. Həddindən artıq ağrılı bir prosesdir. Bu onu göstərir ki, gənclərimiz mənəvi və psixoloji cəhətdən ciddi problemlər yaşayır, düzgün tərbiyə olunmurlar. Hesab edirəm ki, uşaqların bu cür böyüməsinə, aqressivləşməsinə səbəb sosial şəbəkələr və “Mavi Balina”, “We Play”, “Roblox” kimi şiddəti təbliğ edən oyunlardır. “Mavi balina” indiyə kimi 130 –dan çox gəncin intiharına səbəb olub. Dünyanın bir çox ölkəsində bu oyunlara qadağa qoyulub. Azərbaycanda da mütləq bu istiqamətdə addımlar atılmalı, məhdudiyyətlər tətbiq edilməlidir. Uşaqların internetdən sərbəst istifadəsinə də yol vermək olmaz. Valideyn nəzarəti mütləqdir. Son illər valideynlər uşaqların tərbiyəsinə həddindən artıq laqeyd yanaşır. Vaxt, diqqət ayırmırlar. Bilirsiniz ki, sosial medianın uşaqların psixologiyasına təsiri son günlər dünyada ən çox müzakirə olunan məsələlərdən biridir. Bir müddət əvvəl Parlamentdə də bu məsələni qaldırmışdım. İtaliya, İspaniya kimi ölkələrdə uşaqların 16 yaşına qədər internetdən istifadəsinə məhdudiyyət tətbiq edir. İnanıram ki, problemin aktuallığı nəzərə alınaraq ölkəmizdə də bu istiqamətdə də müəyyən addımlar atılacaq. Çünki bu yeni bir tendensiyadır, Avropa ölkələri də buna yeni başlayıblar. Ona görə də biz də mərhələli şəkildə buna getməliyik”.
Deputat qeyd edib ki, burada məqsəd uşaqları rəqəmsal dünyadan tam təcrid etmək deyil, onların bu mühitdə təhlükəsiz, şüurlu və balanslı şəkildə mövcudluğunu təmin etməkdir:
“Əks halda, sosial şəbəkələrin yaratdığı problemlər gələcək nəsillərin psixoloji sağlamlığına, təhsil səviyyəsinə və sosial davranışlarına uzunmüddətli mənfi təsir göstərəcək. Valideynlər uşaqlarına vaxt ayırmalı, onların tərbiyəsinə xüsusi önəm verməli, daimi ünsiyyətdə olaraq onların psixoloji vəziyyətini müşahidə altında saxlamalıdırlar. Təhsil müəssisələrində psixoloqların, pedaqoqların peşəkarlıq səviyyəsi artırılmalıdır. Təhsil prosesində psixoloqların rolu artırılmalı, bu sahəyə də ən azı təhsil qədər önəm verilməlidir. Həm ailədə, həm də məktəbdə uşaqlar ciddi nəzarət altında olmalıdır”.