Yüksək musiqi səsi, siqnal, özbaşınalıq - Ekspert cahil sürücüləri sərt tənqid etdi

Aslan Əsədov: Maşında şou yaradanlar ictimai qaydanı pozur

Paytaxt sürücüləri arasında yüksək səslə siqnal vermək, musiqi, mahnı səsləndirmək “ənənə” halını alıb. Və pis bir ənənə. Sükan arxasında əyləşənlərin bəzisində yersiz lovğalıq, təkəbbür özünü göstərir. Sanki özlərini təsdiq etmək, avtomobillərini nümayiş etdirmək məqsədilə gah lüzumsuz yerə siqnallardan istifadə edir, gah da yüksək səslə musiqi səsləndirir.

Üstəlik avtomobilin pəncərəsini də açıq halda saxlayırlar, bununla da “mən beləyəm, istədiyimi edirəm”, mesajı ötürür, yaşlı, qoca, xəstə... kimsəni də veclərinə almırlar. Sürücülərin belə hərəkəti ətrafdakılarda ikrah doğurur. Nəqliyyat eksperti Aslan Əsədov isə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu cür hərəkətlər ikrah doğurmaq bir yana, ən əsası qanunaziddir: 

- Bəzi sürücülər yaşayış zonalarında səs siqnallarından lüzumsuz olaraq istifadə edirlər, bu da ətrafdakı hərəkət iştirakçılarının, eləcə də sakinlərin haqlı narazılığına səbəb olur. Unutmaq olmaz ki, bu qanunaziddir. Və öz növbəsində inzibati məsuliyyət yaradır. Mövcud qanunvericilik tələblərinə əsasən səs siqnallarından 2 halda – yol nəqliyyat hadisəsinin qarşısının alınması məqsədilə, digər halda isə yaşayış yerlərindən kənarda ötmə əməliyyatının həyata keçirilməsi zamanı istifadə edilə bilər. Bəzi sürücülər bilərəkdən, qəsdən avtomobillərinə əlavə səs gücləndirici avadanlıqlar quraşdırırlar. Bu da qanunsuzdur. Yol polisi bu cür qanunsuz hallara qarşı daim mübarizə aparır, qanunazidd əməllərin qarşısı alınır. Ümumiyyətlə, xüsusi siqnalların adi avtomobillərə quraşdırılması düzgün deyil. Xüsusi səs siqnalları yalnız operativ nəqliyyat vasitələrinə aiddir. Yol polisi avtomobilləri, təcili yardım, yanğınsöndürən maşınlar, xüsusi təyinatlı avtomobillərdə olmalıdır. Xüsusi səs siqnallarından sui-istifadə hallarına yol verilməməlidir. Ehtiyac olmadan siqnal verilməsi ümumiyyətlə məsləhət deyil. Xüsusən də yaşayış məntəqələri və məktəblərin yaxınlığında. Bununla bağlı “Yol hərəkəti haqqında” qanunda da müddəa mövcuddur. Yol nişanları arasında da “Siqnal vermək qadağandır” nişanı təsbit olunub. İnzibati Xətalar Məcəlləsində isə bununla bağlı cərimə nəzərdə tutulur. Sürücü şəxsi avtomobilində hansı musiqiyə, hansı mahnıya istəsə qulaq asa bilər, amma elə tonda olmalıdır ki ətrafdakıları narahat etməsin. Bir insan axı niyə dinlədiyi musiqini hamıya, hər kəsə dinlətməlidir ki?!. Bu, özündən razılığın, ictimai qayda pozuntusudur, ətrafdakıları nəyəsə məcbur etməkdir. Sürücü dinlədiyi musiqini küçə boyu, yol boyu yüksək səslə səsləndirir, insanları, digər hərəkət iştirakçılarını narahat edirsə bu hal inzibati məsuliyyət yaradır. Bütün hərəkət iştirakçıları qaydalara əməl etməli və insanların narahatlığına səbəb olmamalıdırlar.