Tələbələrin xaricə üz tutmalarının bir səbəbi də budur
Ali məktəblərdə təhsil haqları niyə qaldırılıb?
Azərbaycan universitetləri regionda təhsil haqqına görə liderdir
Tələbələrin xaricə üz tutmalarının bir səbəbi də budur
Tələbələrin xaricə üz tutmalarının bir səbəbi də budur
Azərbaycanda təhsil haqlarının həddindən artıq yüksək olması hər il xoşagəlməz hallara səbəb olur. Əhalinin gəlirləri ilə müqayisədə qat-qat baha olan bu qiymətlər yüzlərlə tələbəni qəbul olunduğu ixtisaslar üzrə təhsil almaq hüququndan məhrum edir.
Yüksək təhsil haqqı tələbələrin sevincini qursağında qoysa da, ali məktəb rəhbərliyi zərrə qədər də təəssüf hissi keçirmir. Təhsil ocaqlarına kommerisya obyekti kimi baxan rektorlar öz gəlirlərini artırmaq üçün ildən-ilə qiymətləri daha da artırır. Ənənəyə uyğun olaraq bu il Azərbaycanda ali məktəblərdə bəzi ixtisaslara qəbul üzrə təhsil haqqı 1000-1500 manat artıb. Bu hal Tibb Universitetində müşahidə olunub. Universitetdə bəzi ixtisasların illik ödənişi hətta 4000-4500 manat olub.
Digər ali təhsil ocaqlarında da analoji artımlar müşahidə olunur. Yüksək təhsil haqqını tələbələrə mane olan bir amil kimi dəyərləndirən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda təhsil haqqının artmasının ən əsas səbəblərindən biri 2015-ci ildə baş verən devalvasiyadır. Onun fikrincə, devalvasiya nəticəsində xidmət xərclərinin artması universitetlərin maliyyə xərclərinin artması ilə nəticələnir.
Azərbaycanda bütün universitetlərin gəlirinin yalnız tələbələrin təhsil haqqı əsasında formalaşdırıldığını qeyd edən ekspertin fikrincə, məhz buna görə universitetlər gəlirlərini artırmaq məqsədi ilə təhsil haqqını qaldırmaq məcburiyyətində qalırlar.
Təhsil haqqının artmasının əsasən Tibb Universitetində hiss olunduğunu vurğulayan ekspertə görə, bu universitetdə təhsil haqqı ötən il 3000-3500 idisə, bu il həmin rəqəmlər 4000-4500-dür. Artım müalicə işi və stomotologiya ixisaslarında 1000 manat artım müşahidə olunub. Bu isə başadüşüləndir. Çünki keçən illə müqayisədə Tibb Universitetində plan yerləri kəskin şəkildə azalıb. Təxminən 120-130 plan yerinin azalması təhsil haqqının qalxmasını zəruri edir. Çünki universitet stabil gəlirlər əsasında öz büdcəsini formalaşdırır.
Digər universitetlərdəki qiymət artımının cəmi 100-300 manat arası olduğunu qeyd edən K.Əsədov əlavə edib ki, elə universitetlər var ki, plan yeri artsa da, təhsil haqqı olduğu kimi qalıb. Belə təhsil ocaqları arasında, İqtisadiyyat və Slavyan Universitetləri var.
Dünya təcrübəsində, universitetlərin öz büdcəsini tələbələrin təhsil haqqı hesabına formalaşdırmadığını vurğulayan ekspert deyib ki, onlar büdcələrini formalaşdırmaq üçün digər təhsil xidmətləri göstərərək, qrand layihələrdə iştirak edirlər.
Təhsil haqqının artmasının təhsilin keyfiyyətinə təsir etmədiyini deyən təhsil eksperti qeyd edib ki, Azərbaycanda dövlət universitetlərində ödənişlər çox olsa da, təhsil səviyyəsi sərf olunan vəsaitə uyğun deyil. Ölkəmizdəki univeristetlərin verdiyi təhsili dünyanın ən yaxşı təhsil ocaqları ilə müqayisə edə bilmərik. Amma Azərbaycan universitetləri təhsil haqqı baxımından dünyanın ən nüfuzlu universitetlərindən geridə qalmır.
K.Əsədov Azərbaycan universitetlərinin regionda təhsil haqqına görə lider olduğunu deyib: "Türkiyədə dövlət universitetlərində təhsil haqqı 800-900 manat arası dəyişir. Rusiyada bu, minimum 600, maksimum 2200 manat, Gürcüstanda minimum 800 manat, maksimum 1900 manat təşkil edir. Azərbaycanda minimum 1000, maksimum 6500 manat təşkil edir. Müqayisədən göründüyü kimi, Azərbaycanda dövlət universitetlərində təhsil haqqı region ölkələrdən və yaxın qonşu dövlətlərdən dəfələrlə çoxdur”.
"İmkansız tələbələr təhsillərini yarımçıq qoymalı olurlar”
"Ali məktəblərdə təhsil haqlarının yüksək olmasını müdafiə ediriksə, ali təhsilin hər kəs üçün əlçatan olması strategiyasını da unutmamalıyıq”. Bunu isə "Sherg.az”a təhsil eksperti Nadir İsrafilov söyləyib. O vurğulayıb ki, təhsil əlçatan olmalıdırsa, bu maddi cəhətdən də təsdiqini tapmalıdır: "Elə ali məktəblər var, illik təhsil haqqı 4000-6000 manat arasında dəyişir. Bu rəqəm bizim əhalinin sosial durumu ilə uzlaşmır. Ona görə, təhsil haqqının yüksək olması problemi dəfələrlə qaldırılıb. Təhsil haqqının müəyyən olunmasının konkret mexanizmi olmalıdır. Azərbaycanda 4 ali məktəbə "publik hüquqi şəxs” statusu verilib. Ola bilər, növbəti illərdə digər universitetlərə də belə status veriləcək. "Publik hüquqi şəxs” olan universitet özü-özünü maliyyələşdirməlidir.
Gələcəkdə belə universitetlərin artması müvafiq problemlər yarada bilər. Hazırda bəzi yüksək bal toplayan tələbələr seçdikləri ixtisasın ödənişi yüksək olduğuna görə, təhsil ala bilmirlər. Təhsil haqqını ödəyə bilməyən tələbələr təhsilini yarımçıq qoymalı olur. Sözügedən problemləri həll etmək üçün təhsil krediti məsələsi gündəmə gətirildi. Lakin bu tam olaraq həllini tapmadı. Çünki banklar tələbələrə minimum faizlə kredit vermək imkanında deyillər. Bizdə tələbələrin regionlardan paytaxta gəlməsi, kirayə haqqı ödəməyə məcbur olması, yataqxanaların olmaması və s. problemlər hələ də qalmaqdadır. Bütün bunların fonunda təhsil haqqının da yüksək olması tələbələri çıxılmaz duruma salır”.
N.İsrafilov hesab edir ki, təhsil haqqının yüksək olması probleminin tam şəkildə həllinin yeganə yolu təhsil kreditlərinin verilməsidir:
"Müvafiq qanun qəbul edilərsə, tələbələrin yükü bir qədər azala bilər. Milli Məclisin Təhsil Komitəsinin sədri İsa Həbibbəyli təhsil kreditlərinin gündəmdə olduğunu diqqətə çatdırdı. Deputatın sözlərinə görə, məsələ həllini tapacaq. Xarici ölkələrdə xüsusi təşkilatlar, qurumlar, şirkətlər var ki, tələbələrə yardım edirlər. Azərbaycanda isə imkanlı şəxslərin, təşkilatların, şirkətlərin belə addımlarını görə bilmirik”.
Şəymən