Amma görürsən ki, hətta meyvə-tərəvəz satılan yerdə də süni qida satılır
Körpələrin ana südü ilə qidalanması həmişə aktual məsələlərdən biri olub.
Rəsmi statistik göstəricilərə də baxanda görürük ki, ana südü ilə qidalanan uşaqların sayında kəskin şəkildə azalma var. BMT-nin Uşaq Fondunun (UNİCEF) və Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında qeyd edilir ki, Azərbaycanda hər 10 yeni doğulan körpənin yalnız ikisinə həyatlarının ilk saatında ana südü verilir.
Görəsən, ana südü ilə qidalanan körpələrin sayının azalmasının əsas səbəbi nədir?.
Analıq planlaşdırması deyilən anlayışın bütün dünyada qəbul edildiyini, lakin ölkəmizdə bu ifadənin tam olaraq dərk edilmədiyini deyən həkim-pediatr Vaqif Qarayev "Şərq"ə bildirib ki, ana südü ilə qidalanan körpələrin say azlığının əsas səbəbi məhz anaların hazırlıqsızlığıdır:
"Əslində düşünmürəm ki, ana südü ilə qidalanan körpələrin sayında azalma var. Müşahidələrimə görə, ana südü ilə qidalanan uşaqların sayı hər il artır. Təbii ki, həkim müşahidəsi rəsmi statistika qədər düzgün ola bilməz.
Hansısa bir cütlük onlara sərf edən bir vaxtda dünyaya uşaq gətirmək istəyir. Onlar həm mənəvi-psixoloji, həm maddi baxımdan sərfəli bir vaxtı gözləyirlər. Cütlük bilir ki, dünyaya gələn uşaq ana südü ilə qidalanmalıdır və onlar mövcud olan bütün nüansları nəzərdən keçirir. Amma bizdə belə bir anlayışı normal qəbul etmirlər. Ailə qurulduqdan cəmi 3 ay sonra bütün ağsaqqal və ağbirçəklər uşağın olub-olmaması ilə bağlı müzakirələr aparırlar. Gələcək ananı həm hamiləliyə, həm də ana olmağa hazırlamaq lazımdır. Burda isə ailə üzvlərinin, tibb personalının böyük rolu var. Gənc ana üçün hamiləlik bir başqa, doğuş bir başqa psixoloji basqıdır. Ümumiyyətlə, birinci doğuşdan sonra ilk günlərdə ananın südü az ola bilər və o demək deyil ki, ananın südü yoxdur. Bu işdə tibb personalını da günahlandırıram. Doğum evlərində anada süd olmayanda süni qidaya üstünlük verirlər, bu, düzgün yanaşma deyil. Psixoloji olaraq anaya kömək etmək lazımdır ki, qidasına, yuxu rejiminə fikir versin, gərgin həyat tərzi keçirməsin. Bəzi məqamları çıxmaq şərti ilə əksər hallarda ananı südvermə prosesinə hazırlamaq lazımdır.
Başqa səbəb də budur ki, bəzi analar südü olsa belə körpələrinə süd vermək istəmir. Çünki ana hazırlıqsızdır, o bilmir ki, uşağa necə qulluq etmək lazımdır. Bütövlükdə günahı nə ananın, nə də tibb personalının üstünə atmaq olmaz. Lakin bütün bunlar ana südü ilə qidalanan körpələrin sayının az olmasına səbəbdir".
Süni qida şəbəkəsinə dövlətin müdaxilə etməli olduğunu vurğulayan pediatr bildirib ki, hər yerdə süni qidaların satıldığını görmək mümkündür: "Hətta meyvə-tərəvəz satılan yerdə belə süni qida satıldığını görmüşəm. Xüsusiləşdirilmiş mağazalar olmalıdır ki, orda ancaq uşaqlar üçün qidalar satılsın. Əgər anada süd yoxdursa, uşaq təbii ki, ac qalmalı deyil və ona süni qida verilməlidir. Amma bu gün apteklərdə dərmandan çox süni qidalar satılır. Bu qətiyyən yolverilməzdir və belə hallara mütləq müdaxilə etmək lazımdır".
Yeganə Bayramova