Pediatr Vaqif Qarayev apteklərdə satılan dərmanların keyfiyyət problemindən danışıb. Sosial şəbəkədə paylaşım edən həkim bəzən insanların qonşu ölkələrdən dərman sifariş etdiyini yazıb:
- Mətbuatda bir iranlı həkimin fikirləri paylaşıldı... Doktor deyir ki, Azərbaycanda kifayət qədər peşəkar həkim var (bu fikirlə razılaşmayacaqsız, bilirəm), amma aptek şəbəkəsində keyfiyyətli dərman yoxdur (bu fikirlə razılaşacaqsız).
Amma mən razılaşıram iranlı həmkarla. Vəziyyət xoşagələn deyil. Bəzən banal qızdırmanı belə sala bilmirik. Alman aptekindən dərman almağa HAMInın imkanı yoxdur! Burda hər gün Türkiyədən, Almaniyadan və s. gələ bilən adam axtarılır. Dərman gətizdirmək istəyir insanlarımız, təbii ki, baha qiymətə...
Pediatrın fikirləri ilə razılaşanlar da olub. Vətəndaşlarımız da bu fikirdədir ki, savadlı həkimlərimiz var, lakin apteklərdə satışa çaxırılan dərmanlar çox zaman keyfiyyətsiz olur. Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, soyuqdəymə zamanı adətən «parasitomol» qəbul edərdi, bir-iki günə sağalıb işinə dönərdi. Son vaxtlarsa «Paratsitomol» daha köməyə gəlmir.
Bu dərmandan nə qədər qəbul etsə də, heç bir effekt vermir. «Paratsitomol» Başağrısına da artıq kömək etmir. Vətəndaşlarımız nəinki keyfiyyəti müzakirə predmeti olmayan Almaniya istehsalı dərmanları, Belarus dərmanlarını da sifariş edirlər, bizdə olandan daha keyfiyyətlidir deyə. Bizdə dərmanların qiyməti də qonşu ölkələrə (Türkiyə, İran) nisbətən xeyli bahadır.
Həkim terapevt Şahvələd Məmmədov «Sherg.az»a açıqlamasında son illər dərman preparatları ilə bağlı sertifikatlaşdırma aparıldığını, Tarif Şurasının vahid qiymət siyasətinə keçdiyini vurğuladı:
- Ümumiyyətlə, son 10 ildə Azərbaycan səhiyyəsində xeyli irəliləyişlər baş verib. Demək olar, tibbin bütün sahələrində kifayət qədər mütəxəssislərimiz də var. Azərbaycan klinikalarında, xəstəxanalarında ən müasir tibbi avadanlıqlar quraşdırılıb. Amma dərman bazarında, təəssüf ki, bir qədər qarışıqlıq var. Hazırda hansısa dərman preparatını qeydiyyatdan keçirmək problem deyil. İstənilən şəxs bunu edə bilir. Dərman preparatları həddindən artıq çoxdur. Aptekə daxil olanda rəflərdə gördüyünüz o qutu-qutu dərmanların heç də hamısı konkret müalicə dərmanları deyil.
Onların çoxu bioloji əlavələrdir. Bir var, konkret xəstəliyin müalicəsi üçün nəzərdə tutulan və tərkibində konkret molekullar olan dərman preparatları, bir də var tərkibində bioloji əlavələr olan preparatlar. Məsələn, biz həkimlər mədə xorası xəstəliyində pasiyentə «Pantoprozol»la yanaşı başqa vasitələr də yazırıq. Başqa vasitələr konkret müalicə dərmanları deyil. Amma müalicə dərmanları ilə yanaşı qəbul olunmaları tövsiyə edilən vasitələrdir. Həkim əgər həqiqətən öz sahəsinin mütəxəssisidirsə, pasiyentə hansı dərman vasitəsinin yazılmalı olduğunu bilməlidir, pasiyenti əlavə dərmanlarla yükləməməlidir. Həmçinin, biz həmişə vətəndaşlara tövsiyə edirik, həm də xəbərdarlıq edirik ki, həkimin təyinatı olmadan, özbaşına gedib aptekdən dərman preparatları alıb qəbul etməsinlər. Tibbi müayinə aparılmamış qəbul edilən hansısa dərmanlar mənfi nəticə verə bilər.
Ş.Məmmədov bildirdi ki, hazırda dərman preparatlarının reklamı da nəzarətsiz vəziyyətdədir. Telekanallarda müxtəlif dərman preparatları gecə-gündüz reklam edilir. Faydalarından danışılır, az qala möcüzəli qurtuluş kimi təqdim edilir.
Əhali də mahiyyətinə varmadan, bu dərmanın xeyirini-zərərini bilmədən onu əldə edir. Baxın, bu gün adi, «gündəlik» başağrısında ən çox istifadə edilən «Nemisil» tipli ağrıkəsicilər hətta, insanı şoka salmaq iqtidarındadır.
«Biz iş təcrübəmizdə belə halların çox şahidi olmuşuq. Birisi soyuqlayır, öskürür, halsızlaşır, yuxarı tənəffüs yollarının iltihabı prosesi gedir, başlayır hərarət salan dərmanlar qəbul etməyə. Bəzən iki-üç dərmanı biri-birinə qatır, eyni vaxtda qəbul edir, nəticəni gözləmədən ard-arda bir neçə dərman preparatı qəbul edir və orqanizmini çökdürür. Özbaşına həkimlik qətiyyən olmaz. Bu, insanın həyatı bahasına başa gələr».
Məlahət Rzayeva