2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il, aprelin 20-nə qədərki – 23 aylıq mövcudluğu müddətində dövlət olaraq, özünü tam doğrulda bildi. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün tarixi dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Cümhuriyyətin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması üçün prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb, yubileylə bağlı müvafiq qurumlara tapşırıqlarını verib. 2018-ci il "Cümhuriyyət ili” elan edildi və bunun fonunda müxtəlif layihələr, tədbirlər həyata keçirildi.
"Cümhuriyyət ili” çərçivəsində görülən işlər haqqında "Sherg.az”a danışan araşdırmaçı-jurnalist, "Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi Anar Turan deyib ki, bu ili ən yüksək səviyyədə dəyərləndirmək baxımından ermənilərdən, gürcülərdən geri qalmamalıyıq:
"Bu il çox önəmli siyasi hadisələrlə tarixiləşir. Bu il 1918-ci ildə müsəlman Şərqində ilk demokratik cümhuriyyətin 100 illiyidir. Üstəlik azərbaycanlılara qarşı erməni-bolşeviklərin törətdiyi dəhşətli soyqırımının 100-cü il dönümüdür. Bundan əlavə, ölkəmizdə prezident seçkiləri baş tutdu. Yəni üç mühüm siyasi hadisə bu il üst-üstə düşdü. Bu baxımdan, müvafiq işlərin görülməsində bəzi ləngimələrin olmağı təbiidir. Lakin mühüm sənəd — Prezident İlham Əliyevin "Cümhuriyyət ili”nin qeyd olunması və 31 Mart soyqırımının 100-cü il dönümünün keçirilməsi ilə bağlı sərəncamları mövcuddur. Ona görə, dövlət qurumları, elmi-ictimai institutlar səfərbər olmalı, öhdələrinə düşən vəzifələri yerinə yetirməlidirlər.
Bu il bir sıra dövlət qurumlarımızın da 100 illiyidir. Həmin dövlət qurumları da bunu təntənəli qeyd etməkdə maraqlı olmalı, müvafiq müsabiqələr təşkil etməlidir. Biz elə etməliyik ki, "Cümhuriyyət ili” cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaratsın və yaddaşlara həkk olunsun.
Diqqətə çatdırım ki, bu il Gürcüstan və Ermənistan da 100 illiklərini qeyd edəcək. Üç dövlət arasında hələ ki, yalnız Azərbaycanda dövlət başçısının birbaşa sərəncamları verilib. Ona görə, bu ili ən yüksək səviyyədə dəyərləndirməyimiz üçün ermənilərdən, gürcülərdən geri qalmağa haqqımız yoxdur”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, AMEA Tarix İnstitutunun, Müəllif Hüquqları Agentliyinin Cümhuriyyətin 100 illiyi ilə bağlı sanballı tədbirlər keçirdiyini xatırladan A.Turan düşünür ki, hələ qarşıda kifayət qədər tədbir dayanır:
"Burada ictimai təşkilatların, mətbuat orqanlarının da üzərinə böyük məsuliyyət düşür. Media "Cümhuriyyət ili”nin təbliğ olunmasında yetərincə fəallıq nümayiş etdirməlidir. Gənc nəslin, bütövlükdə cəmiyyətin milli şüurunu yüksəltmək, Cümhuriyyət xadimlərimizi, Cümhuriyyətin bu millətə qazandırdığı dəyərləri təbliğ etmək üçün KİV-in üzərində böyük yük var. İctimai təşkilatlarımız bu barədə tədbirlər keçirməli, kütləvi auditoriyalarla işləməlidirlər”.
Yubileylə bağlı təkliflərə gəlincə, A.Turan Cümhuriyyətin 100 illiyi ilə bağlı kitab nəşrləri, ensiklopedik çap məsələsinin üstünlük təşkil etməsini istəyir:
"İnternet dövrü olduğu üçün mövzu ilə bağlı bir neçə dildə elektron portal yaradılsın. Televiziyalarda "Cümhuriyyət ili” ilə bağlı debatlar təşkil edilsin. Məktəbliləri, tələbələri Cümhuriyyət xadimlərinin dəfn olunduğu yerlərə aparmaq olar. Ən azından, məsafənin yaxınlığını nəzərə alaraq, Gürcüstanda Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi ziyarət etmək olar.
Cümhuriyyətlə bağlı muzeyin yaradılması 100 illiyin təbliğ olunmasında müstəsna əhəmiyyət daşıya bilər. Cümhuriyyət liderlərinin büstlərinin qoyulduğu parklar Bakı, Gəncə, Sumqayıt, Naxçıvan kimi böyük şəhərlərimizdə də salınsa, yaxşı olar. Cümhuriyyətin 100 illiyində televiziya filmlərinin - heç olmasa bir bədii filmin çəkilməsi reallaşmalıdır. Yəni, təkliflər çoxdur, əsas odur ki, gerçəyə çevrilsin”.
Aysel Aslan