Banklar vətəndaşların borcunu silə bilərmi ? - İZAH






Azərbaycanda problemli kreditlər artmaqda davam edir. Belə ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 782,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu məbləğ iyulun 1-i ilə müqayisədə 2,1% çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 9,55% artıb, ötən il avqustun 1-nə nisbətən isə 1,7% azalıb. İyulun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edib. Bu nisbət iyunun sonuna 14,4%, ötən il iyulun sonuna isə 14,1% təşkil edib.

Problemli kreditlərin həcmi ilə ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov "Sherg.az”a bildirib ki, məlum məsələyə dair çoxsaylı müzakirələr aparılsa da, bunun müsbət nəticəsinin şahidi olmuruq:

"Hazırda əsas diqqəti problemli kreditlərin həllinə yönəltməliyik. Məncə, az miqdarda olan kreditləri zamana buraxıb, özünü tənzimləməyə imkan verməliyik. Bu vaxt kredit borcunun üzərinə heç bir faiz gəlməməklə əhalinin müəyyən hissəsi əmanəti geri qaytaracaq. Amma orta və iri həcmli problemli kredtlərə gəldikdə isə, burada həqiqətən əsaslı tədbirlərin görülməsinə ehtiyac var.

 Çünki həmin borcların miqdarı iki dəfəyə qadər artırılaraq dinamik səviyyəyə çatıb. Bunu nə vətandaş ödəyə bilir, nə də banklar tərəfindən bu sahədə əsaslı güzəştlər tətbiq etmək mümkün olur. 

Məsələ belə qaldıqca müştərilərin banklara inam azalır. Problemli kreditlərin həlli istiqamətində əsasən üç addım atılmalıdır. Birincisi, mümkün olmasa da, banklar vətəndaşların borclarını silməlidir. Amma belə bir addım atıla bilməz. 

İkincisi hökumət məsələyə diqqət göstərməlidir və ya müdaxilə etməlidir. Əksər kredit müqavilələrinin tərkibində tərəflər arasında hansısa bir arzuolunmaz hal yaranarsa, bunun aradan qaldırılmasına dövlət kömək etməlidir. 

Üçüncüsü, danışıqlar variantlarından istifadə edilməlidir. Yəni bank, vətandaş və dövlət arasında danışıqlar aparılıb, kredit yükünü üç bərabər hissəyə bölüb, ödənilməlidir. Məsələnin həllini təmin edən ən xoşagələn variant budur. Bunu əvvəldən də bilərdilər. 

Lakin tənbəllik nəticəsində bu problem qalır. Tənbəllik edən tərəf isə bu sahə ilə maraqlanan qurumlardır. Onlar heç bir tədbir görmürlər. Yəni onlar məsələnin həll edəcək elastik bir layihə müəyyənləşdirib, ölkə başçısına təqdim etməlidirlər. Və o istiqamətdə də bəzi addımlar atılmalıdır. Problemin məhz belə həll oluna bilər”.

Kənan Eynuroğlu