Ən böyük problem sosial mediadır
Dilin KİV-də necə işlədildiyi araşdırıldı
Klassik mətbuatda vəziyyət yaxşıdır
Ən böyük problem sosial mediadır
Ən böyük problem sosial mediadır
"İntellekt” Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə "Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı” mövzusunda seminar keçirilib. Seminarda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, AMEA-nın Dilçilik İnstitutunun əməkdaşları və jurnalistlər iştirak edib.
"Azadinform.az” saytının baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü Niyaz Niftiyev tədbirin Mərkəz tərəfindən həyata keçirilən layihə çərçivəsində baş tutduğunu dilə gətirib. O bildirib ki, layihənin icrası müddətində mətbuatda, mağazaların adında dilçilik normalarının pozulması ilə bağlı monitorinqlər aparılıb, "Kaspi” qəzetində bu mövzuda 12 yazı çap olunub. N.Niftiyevin sözlərinə görə, dil qaydalarının pozulması ilə bağlı həm saytlarda, həm televiziya, həm də qəzetlərdə problemlər var: "Ekranlarda əsas problem dil üslubu ilə bağlıdır. Televiziya sahələrində aparıcı, tərcümə və digərləri ilə bağlı çatışmazlıqlar qalmaqdadır”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə çıxışında bu cür tədbirlərin keçirilməsinin Mətbuat Şurasının işinə dəstək olduğunu deyib: "Bildiyiniz kimi, Mətbuat Şurası tərəfindən də mediada vəziyyətlə bağlı monitorinqlər keçirilir. Mətbuat dedikdə təkcə çap deyil, bütün mətbuat, eləcə də müasir vasitələri də nəzərdə tuturuq. Elektron, sosial mediaya baxanda klassik mediada vəziyyətin yaxşı olduğunu görmək mümkündür. Ən böyük problem sosial mediadadır. Bəzən gənclər salam əvəzinə "slm”, təşəkkür sözünün əvəzinə "tşk” yazır. Biz bununla dilimizi hara aparırıq?”.
Sədr müavininin sözlərinə görə, hazırda dünyada gün ərzində istehsal olunan informasiya ötən 5 il ərzində istehsal olunan informasiya ilə eyni həcmdədir: "Lakin dilin korlanmasına onun qramatikasına, leksikasına toxunmaq olmaz. Bu gün müasir jurnalistika fəaliyyəti var. Əvvəllər uzun şəkildə ifadə olunan məsələ indi qısa şəkildə cəmiyyətə çatdırıla bilir. Televiziyalarda vəziyyət bərbaddır. Televiziyalarda şou proqramlarda çox böyük və ciddi problemlər var. Bu problemlərin qaldırılmasında ənənəvi jurnalistika yardımçı olmalıdır. Dil necədirsə, onu olduğu kimi yaşatmalıyıq. Dili strukturundan, mahiyyətindən çıxartmaq olmaz”.
Müşfiq Ələsgərli hesab edir ki, dil normalarının qorunmasında dövlətin fəal, təsirli rolu ilə yanaşı, hər bir vətəndaşın ictimai borcunu dərindən anlaması da önəmlidir:
"Azərbaycan Kütləvi İnformasiya Vasitələrində dilimizin və ədəbi dil normalarının qorunması daimi olaraq müzakirə edilir. Təbii ki, zaman-zaman müəyyən problemlərlə də rastlaşırıq. KİV-lər cəmiyyətə informasiya çatdırmaqla yanaşı, maarifləndirici və təsiredici bir vasitədir. Biz nəzərə almalıyıq ki, medianı təkcə ziyalı və nisbətən yaşlı nəsil yox, gənclər, yeniyetmələr də oxuyur. Hansısa bir internet saytında ədəbi dilimizin normaları, dilimizin düzgün yazılış qaydaları pozulursa, həmin söz onların beyninə elə o cür də həkk olunur. Bu isə gələcəkdə dilimizin korlanması və öz mahiyyətini itirməsinə rəvac verə bilər. Ona görə də ölkə qanunvericiliyində, jurnalistlərin peşə kodeksində və media ilə bağlı qanunvericilikdə bu məsələyə xüsusi diqqət yetirilir. İstənilən halda kütləvi informasiya vasitələrində ədəbi dil normaları qorunmalıdır, daha doğrusu, dilimizi qorumaq medianın borcudur. Düzdür, bu sahədə ciddi nailiyyətlərimiz var, amma yenə də müəyyən problemlərin olması səbəbindən məsələ daimi olaraq gündəmdə saxlanılır”.
AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Sevinc Əliyeva qeyd edib ki, bu məsələ barədə illərdir araşdırmalar aparılır, danışılır:
"Bir məsələ sevindiricidir ki, istər TV-lərdə, istərsə də digər KİV-də əvvəlki illərlə müqayisədə vəziyyət xeyli dəyişib, inkişaf var. Təmsil etdiyim qurum və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu tərəfindən jurnalistlər üçün treninqlər təşkil edilib. Müxtəlif TV-lərdə, regionlarda olduq. Mən jurnalistlərimizin öyrənməyə həvəsli olduqlarını gördüm”.
S.Əliyeva bildirib ki, bütün TV-lərə öz tövsiyələrini veriblər: "Bu dəfə treninqlərimizə AzTV də cəlb olunmuşdu. Mediaya hər yeni gələn şəxs özü ilə yeni danışıq gətirir. Təəssüflə qeyd etməliyəm ki, insanların mütaliə səviyyəsi çox zəifdir. Jurnalistlərin nitqindəki qüsurlar mütaliə ilə bağlıdır. TV təbliğat vasitəsidir. İnsanlar yanlışlığı TV-də görəndə onun doğru olduğunu düşünürlər. Azərbaycan dilinin səlisliyini qorumaq hər birimizin borcudur”.
Filologiya üzrə elmlər doktoru Sərdar Zeynal təəssüflə dilimizdən hər kəsin öz istədiyi kimi istifadə etdiyini deyib: "Məktəbdən başlayaraq, dil uşaqlara normalara uyğun şəkildə öyrədilməlidir. Dil dəyişkəndir. Füzulinin ana dilində yazmasına sevinirik, amma əsəri oxuyanda birbaşa anlamırıq. Hər bölgənin öz dialekti var. Sıradan çıxan sözlərimizi yazıya qaytarmalıyıq. Sözlərimizi gələcək nəsillərə çatdırmalıyıq. Məsələn, reklamlarda xeyli səhvlərə rast gəlirik. Yəqin ki, bu hallara nəzarət olunacaq və qaydaya salınacaq”.
Filologiya üzrə fəlsəfə doktoru Elşad Abışov isə məhrumiyyətlərə məruz qalsa da, dilimizi qoruya bildiyimizi hesab edir:
"Dilimizin təmizliyi üçün mübarizə aparmalıyıq. Məsələn, türkiyəli iş adamları ölkəmizdə hər hansı bir şirkət, iaşə obyekti quranda öz milli adlarından istifadə edirlər. Biz isə daha çox xarici adlardan istifadə edirik. Ümid edirəm ki, bu kimi hallar zamanla aradan qalxacaq”.
AMEA-nın Dilçilik İnstitutunun bölmə rəhbəri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovun fikrincə, Azərbaycan dili saf dildir: "Bu işdə məsuliyyət məsələsi var. Dili korlamaq istəyən hər bir şəxs qınanmalıdır. Bir daha deyirəm, yazıya məsuliyyətlə yanaşılmalıdır”.
Azərbaycan Respublikası Prezidenti yanında "Bilik” Fondunun mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bu cür müzakirələrin effektiv nəticə verdiyini hesab edir:
"Dil haqqında bizdən pafoslu danışan toplum yoxdur, amma bu sahədə hələ də problemlər qalmaqdadır. Keçirdiyimiz treninqlərin iştirakçıları ixtisas üzrə jurnalist olanlar və demək olar ki, səhv etməyən jurnalistlər idi. Onlar harada səhv etdiklərini və düzgün olanı öyrənməyə gəlmişdilər. "Ulduz” aparıcılar treninqlərə qatılmamışdılar. Yüksək reytinq əldə etdiklərinə görə mütəxəssislərin treninqlərinə qatılmağa ehtiyacları olduğunu düşünmədilər. Ona görə də düşünürəm ki, efirlərə ixtisasca jurnalist olanları qaytarmaq lazımdır. Ölkəmizdə ictimai qınaq var və bütün problemlər zamanla həllini tapacaq. Orta məktəblərdə uşaqlara azadlıq verilməlidir ki, onlar fikirlərini rahat ifadə etməyi öyrənsinlər”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Bu proqram Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açır. Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında aparıcı rola malik olan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu bu istiqamətdə çoxşaxəli fəaliyyət göstərir.
Fəaliyyət istiqamətlərindən biri də ölkənin kütləvi informasiya vasitələri, həm mətbuat, həm televiziya, eləcə də elektron KİV-lərdə Azərbaycan ədəbi dilinin işlənməsi qaydaları ilə bağlı mütəmadi monitorinqlərin aparılmasıdır. Məqsəd bəllidir; Azərbaycan ədəbi dil normalarının pozulmasının qarşısını almaq, ana dilimizin qorunması və gələcək nəsillərə saf bir şəkildə ötürülməsi. Ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi də məqsədlər sırasındadır.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşüb. Mərkəz sədrinin sözlərinə görə, həm yazılı, həm də elektron KİV-lərdə Azərbaycan ədəbi dilinin qaydalarının kobud şəkildə pozulduğunu qeyd edib:
"Amma faktiki olaraq problem elektron kütləvi informasiya vasitələrində özünü daha qabarıq şəkildə göstərir. Təbii ki, burda söhbət nöqtə, vergül səhvindən getmir. Təəssüf ki, jurnalistika ilə məşğul olan adamların bir çoxu yaxşı təhsil almayıblar. Təsadüfi adamların jurnalistikaya axını bu sahədə dözülməz vəziyyət yaradıb. Aydın məsələdir ki, yaxşı təhsil ala bilməyən adam ədəbi dilin qaydalarına riayət etməyə çətinlik çəkəcək. Odur ki, gənc, savadlı kadrların mətbuata gəlməsini təmin etmək lazımdır. Bilirsiniz, biz informasiya əsrində yaşayırıq. Hazırda mətbuatın təyinatı dəyişib. Təəssüf ki, indi maarifçilik missiyası arxa plana keçib. Qəzetlər də, saytlar da özlüyündə bir kommersiya qurumudur. İnformasiya əsrində, xüsusilə, mövcud rəqabət şəraitində heç kim uduzmaq istəmir. Hazırda operativlik peşəkarlığı üstələyir.
Redaktorlar xəbəri hamıdan əvvəl təqdim etmək üçün yarışa giriblər. Bu zaman ədəbi dilin normalarını qorumağa vaxt qalmır. Təəssüf ki, bu rəqabət bəzən mənasız enerji sərfiyyatına səbəb olur. Hər bir KİV ilk növbədə oxucuya hörmət etməyə borcludur. Bəzən görürsən ki, beş-altı cümləlik xəbərdə 7-8 səhv olur. Bu cür hallar KİV-lərin nüfuzuna ciddi zərbə vurur. Vəziyyətdən çıxış yolu savadlı şəxslərin mətbuata axınını təmin etməkdir. Xüsusilə, redaktor korpusunda Azərbaycan ədəbi dilinin normalarına yaxından bələd olan şəxslərin təmsil olunmasına daha çox ehtiyac var. Hesab edirəm ki, Dilçilik İnstitutu da yaxasını kənara çəkməməlidir. Gənc jurnalistlərin peşəkarlığını artırmaq üçün Azərbaycan Mətbuat Şurası ilə birgə təlimlərin keçirilməsi ümumi işin xeyrinə olardı. İstənilən halda isə yaradıcı adam daim öz üzərində işləməlidir”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb