Emillər Azərbaycanda da var...

Uşaq bir dəfə susar, iki dəfə susar, amma sonunda mütləq açılacaq
“Elə analar var, övladı məktəbdən evə gələndə heç maraqlanmır ki, bu gün dərsləri necə keçib, ana özünə əziyyət verib yerindən qalxıb uşağın naharını da hazırlamır"


"Sehirli xalat" filmindəki epizod yadınızdadır?.. Xanın pioner Rəşidin əlindən təngə gələn səhabələrindən biri "bu uşağın böyüyəndə nələr edəcəyini fikirləşəndə, adamın tükləri biz-biz olur…" deyir. Zəmanəmizdə "adamın tüklərini biz-biz edən" uşaqlara bəzən rast gəlinir. Uşaq var, danışığı ilə, davranışı ilə hər kəsi heyrətləndirir. Uşaq var, riyazi məsələlərin həllində hesablama maşınını qabaqlayır. Uşaq yaşında kəşflərə imza atan, böyüklərin ağlına gəlməyəni edənlər də var. Heyrətə salan uşaqlardan biri, bu günlərdə, bizdə deyil, Almaniyada "peyda olub".

Almaniyada yaşayan 7 yaşlı Emil Rustiq maraqlı addım atıb. Uşaq mobil telefonu əlindən qoymayan valideynlərə qarşı "mənimlə oynayın, mobil telefonla deyil" şüarı altında yürüş keçirib. Polis də uşağı dəstəkləyib və 150-dən çox uşaq həmin yürüşə qatılıb. Emil danışıb ki, bir gün parkda atasından onunla oynamasını xahiş edib, atası isə gözünü mobil telefondan ayırmayıb və "işim var" deyib. Sonra anası ilə də eyni vəziyyət yaranıb. Anası Emilə fikir vermədən mobil telefonla məşğul olmağı üstün tutub. Vəziyyəti belə görən Emil də uşaqlarına lazımi qədər vaxt ayırmayan valideynlərə qarşı yürüş keçirmək fikrinə düşüb.

Emillər bizdə də var. Atasının diqqət ayırmadığı, anasının mobil telefonu əlindən yerə qoymadığı emillər… Yolda, avtobusda, metroda, dayanacaqda, mətbəxdə, yataq otağında, nahar süfrəsində, iş başında, gəzintidə, qonaqlıqda, konsertdə, teatrda - hər yerdə və bütün zamanlarda işi-peşəsi telefonda yazışmaq, foto paylaşmaq, "layk" etmək olan valideynlərimiz o qədərdi ki!.. Amma bizim emillər yürüş etmək, hətta etiraz etmək fikrinə də düşmür. Bəlkə də düşürlər, amma bunun Almaniyadakı kimi ümumən cəmiyyətə yansıması görünməyib hələ.

Mobil telefon, sosial şəbəkə, youtub, feysbuk, instaqram, "votsap" xəstəliyi həqiqətənmi uşaqlarımızı bu dərəcədə təsirləndirmək gücündədir?

Psixoloq Fərqanə Mehmanqızı "Şərq"ə açıqlamasında bildirib ki, cəmiyyətlər fərqli olduğu kimi, fərdlərin psixologiyası da fərqlidir:

- Azərbaycan xalqının psixologiyası tamam fərqlidir. Bizdə ailə ehkamları da başqadır. Uşaq ananın, atanın aldığı libası bəyənməyib geyinmək istəməyəndə "bu, artıq qudurub" deyirlər. Azərbaycan valideynlərinin dəyişməz ehkamı budur ki, o nə desə, nə istəsə, uşaq onu etməlidir. Uşaq şəxsi düşüncəsinə sahib olmayan, ata-ananın diktəsi ilə oturub-duran varlıq olmalıdır. "Uşaq mənimdir əgər…", "uşaq nədi, böyüyün üzünə ağ oldu, nədi" bizim ailələrdə hələ də dəyişməz qanundur. Kənara çıxanları isə "çörəyi dizinin üstündədi…", "haramzadadı" damğası vurulur, ana "südüm sənə haram olsun", ata "çörəyim gözünü tutsun" deyib qarğış edir. Bu yanaşma, bu ehkamlar, belə səhv düşüncə tərzi dəyişmədikcə, biz valideyninə etiraz edən uşaqları da görməyəcəyik. Hətta bu etiraz xeyirli, müsbət nəticəyə yönəlmiş olsa belə.

F.Mehmanqızı Azərbaycan cəmiyyətinin də eyni problemləri yaşadığını dedi:

- Hər dövrün bir tutqusu olur. Yaşadığımız dövrün tutqusu da sosial şəbəkələr, planşet, mobil telefon, feysbuk, instaqram, "votsap"… və sairdir. Hər dövrdə bir külək əsir, bizim dövrün küləyi də internetləşmə, kompüterləşmə, sosial şəbəkədir. Məgər belə xəbərləri az eşitmişik ki, uşaq pəncərədən yıxıldı, əli ətçəkən maşında qaldı, qaynar suya düşdü?! Bunlar hamısı valideyn səhlənkarlığının nəticəsidir. 

Valideynlər o qədər özləri məşğuldur ki, uşağa diqqət ayırmırlar. Uşaq diqqətdən kənar qalır, gözdən yayınır və başına hər cür fəlakət gəlir. Elə analar var, övladı məktəbdən evə gələndə heç maraqlanmır ki, bu gün dərsləri necə keçib, ana özünə əziyyət verib yerindən qalxıb uşağın naharını da hazırlamır. Uşaq bir dəfə susar, iki dəfə susar, amma sonunda mütləq açılacaq, "partlayacaq". Əsas problemlərdən biri ana-ata ilə övlad arasında ünsiyyət bağlarının olmamasıdır. Uşaqla evdə söhbət edən, onu dinləyən yoxdur. Bu da uşağın mənəvi aclığına səbəb olur. 

Uşaq 16-17 yaşına çatıb gözlənilməz bir hərəkət edəndə isə suallar başlayır: "niyə belə oldu? Kimdən öyrəndi, kimdə görüb götürdü… Birdəfəlik anlasınlar ki, uşağa nə veririksə, onu da alacağıq. Nə bir qətrə artıq, nə bir qətrə əskik. Uşağı necə yetişdiririksə, qarşılığını o cür görəcəyik. Valideynlərə səslənirəm ki, övladlarına çox vaxt ayırsınlar. İtirilmiş zamanın yerini heç nəylə doldurmaq olmur.

Məlahət Rzayeva