İqtidar partiyası müxalifətin namizədini dəstəklədi

Ola bilər ki, Rusiya vasitəsilə Paşinyanla pərdəarxası sövdələşmə baş verib



Ötən gün Ermənistanda qapalı iclas keçirən hakim Respublika Partiyası müxalif lider Nikol Paşinyanın namizədliyini dəstəkləyib. Bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov məlumat verib. Lakin vitse-spiker əvvəlki mövqeyində qalaraq şəxsən Paşinyanı baş nazir vəzifəsinə layiq bilmədiyini deyib. Bəyan edib ki, Paşinyan hansı ideologiya və siyasi qüvvəyə məxsus olduğunu açıqlamayıb:

"Siyasətdə "hər şeydən bir az” olmaz. Mənim hələ də milli təhlükəsizliklə bağlı ona suallarım var. Mövqeyim dəyişməyib və lazım olsa, buna görə istefaya da hazıram”. Məlum olduğu kimi, ayın 7-də parlamentin növbəti iclası keçiriləcək və iclasda yeni baş nazir seçiləcək. Əgər sonuncu iclasda da Paşinyan baş nazir olmazsa, parlament buraxılacaq. Görünür, parlamentin buraxılmasını istəməyən, daha doğrusu, say çoxluğunu əldən vermək niyyətində olmayan Respublikaçılar Paşinyana "yaşıl işıq” yandırıblar. Ya da Moskva ilə aparılan gizli danışıqlardan sonra əvvəlki qərarlarından vaz keçiblər.


Ermənistandakı hakim gücün qərar dəyişdirməsini "Şərq”ə dəyərləndirən siyasi ekspert Zaur İbrahimli bildirib ki, erməni cəmiyyətinin Sarkisyan komandasından narazılığı gözlənildiyindən daha böyükdür. Onun fikrincə, etiraz aksiyalarının davamlı xarakter alması, tətillərin başlaması, xüsusən regionlarda dövlət orqanları rəhbərlərinin Paşinyan tərəfdarlarına qoşulması hakim partiyanı güzəştə məcbur etdi: 

"Digər amil hakim Respublika Partiyasının prosesin lap əvvəlindən uduzmasıdır. Nəzərə almaq lazımdır ki, bu yalnız baş nazirin istefa verməsi ilə şərtlənmədi, həm də hakim koalisiya dağıldı, müttəfiqlər üz çevirdilər. 1 mayda keçirilən iclasda partiya vahid mövqedən çıxış etsə də, daxili fikir ayrılıqlarının olması sirr deyildi. Ən vacib məqamlardan biri kimi diaspora və ölkənin vətəndaş cəmiyyəti, siyasi kəsimin, elitanın əhəmiyyətli hissəsi etirazçıları dəstəklədi. Ordunun açıq dəstəyi nümayiş olunurdu. Bütün olanlardan sonra polis qüvvələrinin güc tətbiq etməsi ağlabatan görünmürdü”.

Z.İbrahimli deyib ki, bütün faktorlar hələ ki, hakim partiyanın əleyhinədir. Belə situasiyada nə Moskvadakı kuratorlar, nə də Respublika Partiyasının rəhbərliyi konfrantasiyaya gedə bilməz: "İstisna deyil ki, Rusiya vasitəsilə Paşinyanla pərdəarxası sövdələşmə baş verib. Hakim partiya siyasi proseslərin müstəvisini dəyişmək üçün cəhd göstərir. Çalışır ki, qərarlar küçənin, yəni xalqın diktəsi ilə yox, siyasi kulislərdə gizli sövdələşmələr və danışıqlar hesabına baş versin. Bununla da onlar mümkün qədər az itirsinlər və siyasətdə qalsınlar. Revanş üçün daha çox imkan saxlamağa çalışırlar. Müəyyən güzəştlər də bununla bağlıdır”.

"Ermənistanda yaşanan qarışıqlıq əslində, ölkə xaricindən idarə olunur”. Bunu isə "Sherg.az”a Ermənistandakı vəziyyəti dəyərləndirərkən politoloq Elçin Xalidbəyli söyləyib. O, hesab edir ki, indiki qarışıqlıqda xalqın rolu yüksək deyil:

"Sadəcə, xalqdan vasitə kimi istifadə edilir, kütlə kənardan idarə olunur. Bu səbəbdən, prosesə iki fərqli istiqamətdən yanaşmaq daha doğru olar. Belə ki, qarışıqlığın mənbəyi Ermənistanda uzun müddətdən bəri mövcud olan klanlararası mübarizədir. Çünki Ermənistanda Qarabağ klanı hakimiyyətdə idi və yerli ermənilər bundan bezib, müqavimət göstərməyə çalışırdılar. Digər tərəfdən, bu olayların əsas qaynağı rolunda xarici güclər arasındakı mübarizə çıxış edir. Həmin mübarizənin əsas oyunçuları Rusiya və ABŞ-dır. 

Ermənistan əhalisinin narazılığı isə böyük dövlətlərin qarşıdurmasında alət kimi istifadə edilir. Ermənistanda mövcud olan qarışıqlığın necə nəticələnəcəyini və kimlərin hakimiyyəti ələ keçirəcəyini müəyyənləşdirmək üçün ABŞ-Rusiya qarşıdurmasının hansı istiqamətlərə yönələcəyini də müşahidə etmək lazım gələcək”. E. Xalidbəyli vurğulayıb ki, ABŞ və Rusiya Ermənistandakı hadisələrin müşahidəçiləri deyil, ssenaristləridirlər: "Kimin baş nazir olacağı və ya kimin hakimiyyətə sahiblənəcəyi də məhz bu iki nəhəng dövlətdən hansının ssenarisinin reallaşacağından birbaşa asılıdır”.

İsmayıl