Keçən il dövriyyə 105 milyon dollar olub

Xorvatiya və Azərbaycan arasında münasibətlərin genişləndirilməsi hər iki tərəf üçün əhəmiyyətlidir



Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasına rəsmi səfər edib. Dövlət başçısı həmkarı xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüş keçirib. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, səfər çərçivəsində iki dövlət arasında mühüm sənədlər imzalanıb. Siyasi şərhçilərə görə, Xorvatiya Azərbaycanla əlaqələrin genişlənməsində çox maraqlı olan bir dövlətdir. Xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində oynadığı rolda Xorvatiyanın maraqları böyükdür. Şübhəsiz ki, əməkdaşlıqda hər iki ölkənin öz siyasətinə uyğun, özünün inkişafına uyğun maraqları var. Bu mənada hesab edilir ki, dövlət başçısı İlham Əliyevin Xorvatiyaya səfəri ikili əməkdaşlığın və tərəfdaşlığın genişlənməsinə səbəb olacaq.


Azərbaycan-Xorvatiya əlaqələri ilə bağlı "Şərq"ə danışan siyasi elmlər doktoru Zaur Məmmədov deyib ki, Xorvatiya və Azərbaycan arasında hərtərəfli, xüsusən iqtisadi münasibətlərin genişləndirilməsi hər iki tərəf üçün əhəmiyyətlidir. Politoloqun sözlərinə görə, digər Balkan ölkələri kimi Xorvatiyanın da investisiyalara ehtiyacı var

"Energetika, kənd təsərrüfatı, turizm sahəsində iki tərəf arasında əməkdaşlığı genişləndirmək lazımdır. Keçən il iki ölkə arasında dövriyyə 105 milyon dollar olub. Lakin potensial daha böyükdür və bundan yararlanmaq lazımdır. Hələ 2013-cü ildə Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. O ki qaldı Xorvatiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcəyi rola, vurğulamaq lazımdır ki, iqtisadi dövriyyə və siyasi əlaqələr hökumətlərin qərar qəbul etməsi prosesinə təsir edən faktorlar sayılır".
İsmayıl