“Dövlət qurumları, onların rəsmi şəxsləri, mətbuat xidmətlərinin rəhbərləri daim mətbuatı məlumatlandırmalıdır ki, şayiələrə meydan qalmasın”
Mətbuat fövqəladə durumda peşəkarlıq göstərdi
Dəqiqləşməmiş, dolğun olmayan informasiya cəmiyyətdə çaşqınlıq yarada bilər
“Dövlət qurumları, onların rəsmi şəxsləri, mətbuat xidmətlərinin rəhbərləri daim mətbuatı məlumatlandırmalıdır ki, şayiələrə meydan qalmasın”
“Dövlət qurumları, onların rəsmi şəxsləri, mətbuat xidmətlərinin rəhbərləri daim mətbuatı məlumatlandırmalıdır ki, şayiələrə meydan qalmasın”
(əvvəli ötən sayda)
Ölkədə enerji kəsintisindən dolayı yaranmış çoxsaylı problemlər və paralel olaraq Gəncə şəhərində icra başçısı ilə bağlı baş verən olaylar fonunda Azərbaycan KİV-lərinin fəaliyyəti müxtəlif cür dəyərləndirilir. Sevindirici hal odur ki, həqiqi və peşəkar jurnalistika adına xidmət göstərən əksər mətbu orqanlar peşə etikasından və təcrübədən kənara çıxmadan hadisələri obyektiv və operativ şəkildə işıqlandırdılar.
Məhz həmin media qurumları sayəsində ictimaiyyət ölkədə iki gün ərzində yaşanan arzuolunmaz prosesləri izləyə, dəyərləndirə bildi. Hətta enerji problemi ilə əlaqədar özləri də ciddi çətinliklərlə üzləşən media orqanları buna baxmayaraq, oxucularını məlumatlandırmaq istiqamətində fədakarcasına çalışdılar. Sorğulara vaxtında cavab verməyən mətbuat xidmətlərinin yarıtmaz fəaliyyətlərinə rəğmən, gecəsini-gündüzünə qatan jurnalistlər peşələrini ləyaqətlə icra etdilər. Lakin təəssüflər olsun ki, hər zaman olduğu kimi bu dəfə də bir sıra xəbər saytları dezinformasiya yaymaq ənənələrindən əl çəkmədilər. Aldıqları informasiyaları dəqiqləşdirmədən yayan, mənbələrə diqqət yetirməyən, rəsmi xəbərləri gözləməyən bəzi saytlar yalan-yanlış məlumatları tirajlayaraq, ictimaiyyət arasında ajiotaj yaratmağa səy göstərdilər. Mövcud vəziyyəti nəzərə alan Mətbuat Şurasının rəhbərliyi sosial şəbəkə və media üzərindən ölkə jurnalistlərinə çağırış etmək məcburiyyətində qaldı.
Məsələni "Şərq”ə dəyərləndirən "Lent.az”ın redaktoru Səbinə Əvəzqızı deyib ki, son günlərdə baş verən hadisələr zamanı Azərbaycanda kimin ciddi mətbuatla məşğul olduğu bir daha ortaya çıxdı. Onun sözlərinə görə, fövqəladə vəziyyət yarananda ciddi media qurumunun əməkdaşlarının əksəriyyəti evində, qaranlıqda qorxan övladının yanında yox, məhz iş başında idi:
"Ciddi media orqanlarında bütün xəbərlər dəfələrlə yoxlanılıb, bir neçə mənbədən təsdiqini tapdıqdan sonra cəmiyyətə təqdim olunur. Çünki bu artıq elə bir vəziyyətdir ki, bizlərin nədəsə balaca bir səhv etməsi cəmiyyəti ciddi çaşdıra bilərdi. Təəssüf ki, bəzi media orqanları məsuliyyətsizlik edib olmayan xəbərləri yaydılar. Bunun adı operativlik deyil, dedi-qodu janrıdır. Bizim sosial şəbəkələrdən, vətəndaş mediasından fərqimiz olmalıdır. Əslində bu gərgin günlərdə müvafiq qurumların mətbuat şöbələri pis işləmədi. Onları ittiham etməyə ciddi əsas yoxdur. İşıq məsələsi ilə bağlı həm nazirliyin, həm də "Azərişıq”ın mətbuat rəhbərləri dayanmadan xəbər yaydılar. Onları energetiklərin səhvinə görə, qınamaq gülməlidir. Mətbuat xidmətlərinin rəhbərləri onlara ünvanlanan sorğuların əksəriyyətini, əllərində olan informasiyalar çərçivəsində cavablandırdılar.
Eləcə də Gəncə olayları ilə bağlı eyni proses oldu”. Redaktorun sözlərinə görə, güc strukturlarının media qurumlarının hadisəyə dair belə operativ reaksiya verməsi sevindirici hal idi: "İndi kiminsə tələsib yalan xəbər yaymasının günahını müvafiq qurumların mətbuat şöbələrinin üzərinə atmaq doğru olmazdı. Vəziyyət çox qəribədi. Təsəvvür edin ki, bir sıra mətbuat orqanı yazır ki, icra başçısı "ölüb”. Bu yalandır, digərləri bu yalanı ört-basdır etmək üçün yazırlar ki, indicə danışmışıq, "iclasdadır”. Bu isə ən biabırçı yalan idi. Özü də bunları edənlərin bəzilərinin kifayət qədər təcrübəsi var. Bəs məsələ nə idi, yəni dəqiqləşdirilməmiş xəbərlə irəli düşmək istəyənlər bu qədərmi məsuliyyətsizdirlər? Hesab edirəm ki, bu proseslər Azərbaycan mediasının üzərinə kölgə sala bilməz. Gərgin günlərdə bir çoxları fədakarlıq etdilər, bunun üçün onlar təqdir olunmalıdır”.
"Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə söyləyib ki, jurnalistlərə vaxtında, dəqiq və dolğun informasiya verməklə baş verən hadisələr haqqında dezinformasiyaların yayılmasının qarşısını almaq olar. Baş redaktor diqqətə çatdırıb ki, mötəbər informasiyalar olmadıqda xəbərlərin yerini şayiələr tutur:
"İnsanlar rəsmi qurumların informasiyaları gizlətmək cəhdini gördükdə, alternativ informasiya mənbələri axtarmağa başlayırlar. Bu zaman xüsusi məqsədli qüvvələrin meydanı genişlənir, "yalan ayaq tutub yeriyir”. Ona görə, dövlət qurumları, onların rəsmi şəxsləri, mətbuat xidmətlərinin rəhbərləri daim mətbuatı məlumatlandırmalıdır ki, şayiələrə meydan qalmasın. Əksərən səlahiyyətli qurumların informasiya fəaliyyətində, medianı məlumatlandırmasında natamamlıq müşahidə edirik. Bəzi mətbuat xidmətlərinin rəhbərləri gizlənməyə çalışırlar. Son hadisələr zamanı da eyni situasiya yarandı. Mətbuat xidmətlərinə səslənirəm, belə işləmək olmaz. Mətbuata açıq olsanız, səmimi işgüzar münasibət qurmaq istəsəniz, problem olmayacaq. Biz jurnalistlərin "çörəyi” xəbərdir. Siz vaxtında, dəqiq və dolğun məlumat verin, sonrasına görə narahat olmayın”.
"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova bildirib ki, bütün kütləvi informasiya vasitələrinə eyni nəzərlə baxmaq olmaz. Çünki media qurumları arasında fərq var və hərəsi öz profilinə uyğun hərəkət edir:
"Bu elə bir hadisəydi ki, mütləq işıqlandırmaq lazım idi. Amma panika yaratmadan. Çünki panika əhalinin psixoloji durumunu daha da pisləşdirir. Bütün xəbərlər dəqiqləşdirilməli, əhali düzgün məlumatlandırılmalıdır. Biz belə problemi dəfələrlə yaşasaq da, İP xətrinə eyni hallar yenə təkrarlanır. Neftçilərin dənizdə batması, Binəqədidə binanın yanması və digər yanğın hadisələrində şişirdilmiş rəqəmlər, faciənin miqyasının böyük göstərilməsi kimi məqamlara rast gəldik. Medianın işi şişirtmə deyil. Panika yaratmaq da deyil. Medianın işi məlumatlandırmaqdır, baş verənləri analiz etməkdir. Media belə hadisələrdə ona görə tənqid olunur ki, məlumat fərqliliyi olur. Birinin yazdığı və ya göstərdiyi ilə digərinin məlumatı uyğun gəlmir. Bu isə çaşqınlıq yaradır. Yəni, ola bilməz ki, bir hadisədə ölüm faktı kimi ciddi faciə olsun, amma müxtəlif saytlarda fərqli yazılsın. Əgər faktdırsa, hamısı eyni cür yazmalıdır. Mənəvi məsələ olsa da, belə məqamda KİV-lərin səbrlə hərəkət etməsi vacibdir. Çünki operativlikdən də vacib məsələ əhalinin psixoloji vəziyyətidir. O məqamda istənilən xəbər kütlənin durumuna ciddi təsir edə bilər. Odur ki, KİV nümayəndələri də ən azından Fövqəladə Hallar Nazirliyinin işçiləri, tibbi personal qədər məsuliyyət daşıyırlar”.
"YeniÇağ” Media Holdinqin rəhbəri Aqil Ələsgərin fikrincə, mətbuatı ittiham etmək, hər məsələdə mətbuatı suçlamaq artıq ənənə halını alıb:
"Çox təəssüf ki, bu belədir. Mən bir mətbuat nümayəndəsi olaraq medianın mövqeyindən çıxış edəcəm. Əlbəttə, düzgün informasiya vermək mətbuatın vəzifəsidir. Amma biz vaxtında rəsmi kanallardan, müvafiq qurumlardan informasiya ala bilmiriksə, daha doğrusu, onlar bizə məlumat vermirsə, biz nə etməliyik? Dünyada operativlik xəbərçilik metoduna keçilib. Hər hansı xəbər artıq iki-üç saatdan sonra köhnəlmiş hesab olunur. Səhər ortaya çıxan məlumat günortaya qədər öz aktuallığını itirir. Bu baxımdan hesab edirik ki, dövlət qurumlarının mətbuat xidmətləri yaxşı işləməli, operativ olmalıdır. Ən birinci operativlik gözlədiyimiz qurum Müdafiə Nazirliyidir. Təəssüflər olsun ki, elə ən çox problemimiz həmin nazirliklə bağlıdır. Ortada konkret hadisə var, amma bununla bağlı məlumat verəcək şəxs yoxdur. Heç kimi tapmaq olmur. Tapdığımız zaman da normal açıqlama verilmir. Belə hallar mətbuatın əl-qolunu qırır. Bütün media qurumlarının birlikdə hərəkət etməsi bəlkə də mümkün deyil. Çünki əsas məsələ verilən xəbərin öncə hansı sayt tərəfindən ictimaiyyətə təqdim olunmasıdır. Yəni söhbət normal rəqabətdən gedir. O baxımdan media qurumları arasında rəqabəti sağlamlaşdırmaq missiyasında əsas vəzifə xidmətlərin üzərinə düşür”.
Tanınmış jurnalist Amil Hacıyevin fikrincə, əsas məsələ təcrübə ilə bağlıdır. İndiki media belə çətin sınaqlarla üz-üzə qalmayıb:
"Təcrübəsizlik öz sözünü dedi. Peşəkar rəhbərliyi və kadrları olan KİV-lər üzüağ çıxdı. Amma İP və pul dalınca qaçanlar da iş başında idi. Təəssüf ki, belə məqamlarda panikanın qarşısını almalı olan mətbuat bəzən özü hay-küyə düşür. Belə məqamlarda biz əhalini sakitləşdirməli və məlumatlandırmalıyıq. Bu hadisələrdə aidiyyəti qurumların mətbuat katibləri də iş başında idilər. Mən hamısı ilə gecə saat 3-də danışmışam. Bəzən dövlətçilik baxımından İP-yə yox, əməli işə xidmət etməliyik. Heç bir vəchlə yalana, boş sensasiya və panikaya qaçmamalıyıq”.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, eyni vaxtda iki gözlənilməz hadisənin baş verməsi cəmiyyətdə narahatlıq yaratdı:
"Belə həssas məqamlarda media da ehtiyatla işləməli, cəmiyyəti yanlış yerə yönləndirən xəbərləri yaymamalıdır. Buna görə də media yalnız aidiyyəti qurumların rəsmi məlumatlarını işıqlandırmalıdır. Həmin zaman bəzi saytlar sosial şəbəkələrdə yayılan xəbərlərdən istifadə etdilər. Hətta elə saytlar var ki, Gəncənin icra başçısı Elmar Vəliyevin "ölüm xəbərini” belə yaydılar. Amma sonradan bu fakt təsdiqlənmədiyi üçün xəbərin başlığını dəyişib sual işarəsi ilə verdilər. Bu, bir daha göstərir ki, kiminsə mülahizəsi etibarlı mənbə hesab oluna bilməz. Hər halda belə qeyri-peşəkarlığı əsasən yeni yaranmış saytlar da etdilər. Görünür, jurnalistlərin ekstremal vəziyyətlərdə necə fəaliyyət göstərməsi ilə bağlı təlimlərin davamlı olaraq keçirilməsinə ehtiyac var”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb