Ordumuz həlledici savaşa hazır vəziyyətdədir
Azərbaycanın hərbi gücü danışıqlar masasında da mövqeyimizi gücləndirəcək
Ermənistan tərəfi Azərbaycan ordusunun keçirdiyi təlimlərə görə panikaya düşüb.
Düşmən ölkənin politoloqları və generalları hər an başlaya biləcək müharibə təhlükəsindən danışaraq, bunun olmaması üçün siyasi çıxış yollarının tapılmasının vacibliyini vurğulayıb. Qorxusunu gizlədə bilməyən erməni generallarının iddiasına görə, təlimlər adı altında qüvvələr cəmləşdirilir və təlimlər adına yavaş-yavaş 2-ci mərhələyə keçməklə, müharibə şəklini alırlar.
Beynəlxalq ekspertlər də Azərbaycan Ordusunun keçirdiyi genişmiqyaslı hərbi təlimləri müharibə hazırlığı kimi dəyərləndirir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə Bakıda keçirilən möhtəşəm paradın ardından start verilən genişmiqyaslı təlimlər dünya analitiklərində və erməni cəmiyyətində yekun müharibə hazırlığı qənaəti də yaradıb. Xarici hərbi ekspertlərə görə, Azərbaycan genişmiqyaslı təlimlər fonunda yeni və modern hərbi qüvvələrini münaqişə zonasına yerləşdirmək hədəfi güdür.
Başqa sözlə, geosiyasi şərtlərdən asılı olaraq lokal və ya daha geniş miqyaslı müharibəyə hazırlıq görür. İstənilən halda indiki böyük təlim daha bir neçə aspektdən diqqət çəkir.
Qeyd edək ki, iyulun 2-dən start götürüb 6-dək davam edəcək 5 günlük təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120 tank və digər zirehli texnikalar, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatanlar, 30-a yaxın müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Təlimlərdə silahlanmaya yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışları keçiriləcək, ən mürəkkəb döyüş taktikaları tətbiq ediləcək. Elə bəzi yerli ekspertlər də hesab edir ki, hərbi təlimlər faktiki surətdə işğal altındakı ərazilərimizin azad edilməsi üçün sonuncu əsas məşq sayıla bilər.
Məsələ ondadır ki, 5 günlük təlim iyunun 26-da Bakıda keçirilən möhtəşəm parad və həmin paradda ilk dəfə Türkiyə birləşmələrinin iştirakından cəmi bir neçə gün sonraya təsadüf edir. Bu, hər şeydən öncə işğalçı Ermənistana silsilə güc nümayişinin davamıdır.
Politoloq Qabil Hüseynli də hesab edir ki, ordumuzun qrafik üzrə döyüş qabiliyyətini təkmilləşdirməsi və 2-6 iyul aralığında keçiriləcək təlim-məşq prosesləri ciddi döyüş hazırlığından xəbər verir. Onun fikrincə, Azərbaycan Ordusu həlledici döyüşlərə hazırlıq ərəfəsindədir.
Danışıqlar prosesinin artıq dalana dirəndiyini və erməni tərəfinin sülh prosesi ilə bağlı yerinə yetirilməsi mümkün olmayan ilkin şərtlər irəli sürdüyünü xatırladan politoloq deyib ki, Minsk Qrupunun həmsədrlərinin də çox fəal olmadıqlarını qeyd edib: "Belə görünür ki, ermənilər nəinki Dağlıq Qarabağ, hətta ətraf rayonlarla bağlı uzağa gedən ssenarilər hazırlayıblar. Bizim ərazilərdə, xüsusilə də Suriyadan gələn ermənilərin məskunlaşdırılması prosesi davam edir. Aydındır ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmaq fikrində deyil, buna görə də sülh prosesinə məhəl qoymur. Qarabağ məsələsində açar rolunu oynayan Rusiya tez-tez ritorik bəyanatlar versə də, prosesdə heç bir fəallıq göstərmir. Belə olan halda məsələnin döyüş meydanlarında həll edilməsi variantı önə çıxır”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, hərbi təlimlərdə məqsəd ordumuzun döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma bacarığı, qüvvə və vəsaitlərin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasıdır. ADP sədri Azərbaycanın indiki şərtlər daxilində müharibə hazırlığı aparmasının real olmadığını deyib:
"Ermənistanla Rusiya hərbi müttəfiq ölkələr olduğu üçün genişmiqyaslı əməliyyatlar zamanı rus qoşunları ermənilərə açıq yardım edəcəklər. Azərbaycan isə qüvvələr nisbətini bərabərləşdirmək üçün Türkiyə ilə konfederasiya yaratsın və vahid ordu ideyasını həyata keçirsin. Ancaq o zaman işğal altında qalan torpaqlarımızı azad etmək üçün Ermənistanla müharibə vəziyyətinə daxil ola bilər. Əks halda rus-erməni alyansına qarşı duruş gətirmək bir o qədər də asan olmayacaq”.
Politoloq Natiq Miri isə hesab edir ki, bir dövlətin silahlanması, hərbi gücünü artırması müharibənin olacağı ehtimalını deməyə əsas vermir. Bu, həmin dövlətin qüdrətli olmasını göstərir. Belə olduğu təqdirdə də beynəlxalq aləm güc faktorunu gözardı edə bilmir və sülh masası arxasında həmin dövlətin sözünü gücləndirəcək faktor kimi qəbul olunur. Çünki hamı başa düşür ki, hərbi gücə malik olan dövlətlə razılaşılmasa, həmin dövlət hərbi əməliyyatlarla da öz istəyini reallaşdıra bilər. Bu çox vacib və həlledici faktordur.
Hazırda beynəlxalq hüquq anlayışının yalnız güc faktorundan sonra işə düşdüyünü nəzərə alanda isə, güc toplamağın vacibliyi bir daha təsdiqini tapır: "Azərbaycan ordusunun bu hərbi təlimləri öz miqyasına görə güc nümayişi kimi də dəyərləndirilə bilər. Bütün ordunun hərbi təlimlərə cəlb edilməsi hər şeyin Silahlı Qüvvələri savaşa hazır vəziyyətdə saxlamağa hesablandığını göstərir. Bundan region dövlətləri mütləq lazımi nəticələr çıxartmalıdır. Azərbaycanın hərbi qüdrətinin artması onun beynəlxalq aləmdə mövqeyini və sülh danışıqları masası arxasında sözünün kəsərini gücləndirən amildir. Hərbi təlimlər həm də Ermənistana və himayədarlarına ciddi mesajdır. Belə hərbi təlimlərdən sonra ordu özünü savaşa tam hazır vəziyyətdə olur.
Amma təkcə hərbi güc toplamaq kifayət eləmir. Dünyada və regionda gedən vəziyyəti nəzərə almaq lazımdı. Bu gün Dağlıq Qarabağ problemi təkcə Ermənistan və Azərbaycan arasında yaşanan və həllini gözləyən məsələ deyil. Bu artıq beynəlxalq güclərin də mübarizə meydanıdır. Ona görə də indi Azərbaycanın savaşa başlaması belə, bütün məsələləri həll etmir. Regional və qlobal prosesləri nəzərə almaq məcburiyyətindəyik. Proseslərə nəzər salanda isə görürük ki, bölgədə təsiri olan güclər müharibənin başlamasını istəmirlər. Əsas da Rusiya öz qonşuluğunda yeni bir savaş istəmir”.
Şəymən