“Şərq"də Nuru Paşanın odası işıqlandı

Qafqaz İslam Ordusu gəlişi ilə təkcə Bakını deyil, həm də milli mətbuatımızı xilas edib
Bakımızın qurtuluşu günü - 15 sentyabrı "Şərq" qəzeti yenə də özünəməxsus şəkildə, ənənəsinə sadiq qalaraq qeyd etdi. "Şərq"in redaksiyasında türk millətinin dahi oğlu İsmayıl bəy Qaspralının "Dildə, fikirdə, işdə birlik" ideyasına söykənən və Bakının xilaskarı Nuru Paşaya ithaf edilən otaq açıldı. Qeyd etməliyik ki, yeni otaq redaksiyada ötən ilin yayından fəaliyyət göstərən Milli Mətbuat Tarixi Muzeyinin daha bir guşəsi kimi, Bakını erməni daşnakları, bolşeviklər və hər cür yadelli işğalçılardan azad edən Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşaya həsr olunub.
Bakının işğaldan azad edilib Azərbaycan xalqına, Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinə əzəli və əbədi paytaxt olaraq qaytarılması tarixi - 15 sentyabr bu il xüsusi təntənə ilə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Cümhuriyyət ili" elan edilib və Bakının xilası da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərinin bir hissəsidir. Bu münasibətlə sentyabrın 15-də Bakıda Qafqaz İslam Ordusunun tarixi marşrutu üzrə hərbi yürüş canlandırılacaq.
"Şərq"in redaksiyasında Qafqaz İslam Ordusu və Nuru Paşaya əlahiddə bir otağın ayrılması da Azərbaycan mətbuatının bu xilaskara vəfa borcudur.
Və redaksiyamız dünən Qafqaz İslam Ordusu və Nuru Paşaya minnətdarlıq etməyə gələn qonaqlarını qarşıladı.
Qardaş Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş "Azərbaycan" qəzetinin redaktorlarından və baş yazarlarından biri Xəlil İbrahimin varisi, qızı Solmaz xanım, kiçik qızı Güllər xanımın qızı Lalə xanım, "Anadolu" Agentliyinin Azərbaycan təmsilçisi Ruslan Rəhimov, "Real" TV-nin çəkiliş qrupu qonaqlar arasında idi.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qonaqları salamlayıb otağın yaranmasını zəruri edən səbəbdən danışdı:
- Bu ideya ona görə yarandı ki, Qafqaz İslam Ordusu gəlişi ilə təkcə Bakını deyil, həm də milli mətbuatımızı xilas edib. Çünki daşnak-bolşeviklər Bakını ələ keçirdikdən sonra milli mətbuat nümunələrimizin nəşri dayandırıldı. Yalnız bolşevik mətbuatı nəşr olunurdu. Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdikdən sonra milli mətbuat nümunələrimiz, qəzetlər, dərgilər nəşrini bərpa etdi. Bu səbəbdən 15 sentyabr həm də milli mətbuatımızın işğaldan qurtuluşu günüdür. Qafqaz İslam Ordusu ilə bağlı ozamankı mətbuat səhifələrində kifayət qədər məlumatlar var. Həmin tarixi dövrü əks etdirən arxiv materialları, fotolar, sənədlər, qəzet məqalələri məhz bu otaqda, "Nuru Paşanın odası" adlandırdığımız bu otaqda sərgilənir. Hesab edirəm ki, biz bu otağı mütləq formalaşdırmalıydıq, çünki bu, bizim Nuru Paşaya vəfa, sədaqət borcumuzdur.
A.Aşırlı qonaqları sənədlər, materiallar, fotolarla tanış etməyə başladı. Azərbaycanın gərgin, əzablı tarixi günləri - ingilis ordusunun Bakıya gəlişi, erməni daşnaklarının, bolşeviklərlə birlikdə Bakını işğal etmələrini əks etdirən foto-sənədlər, Batum konfransı, Qafqaz İslam Ordusunun 5-ci alayının Bakıya gəlişi, Abdulla Şaiqin Qafqaz İslam Ordusuna ithaf etdiyi "Niyə böylə gecikdin" şeiri, Kürdəmir müharibəsi, "Hümmət" qəzetində dərc olunmuş məqalələr, bolşevik mətbuatının Qafqaz İslam Ordusuna baxışı, ordunun gücünün etiraf edilməsini təsdiqləyən qəzet məqalələri, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xidmətə çağırışla bağlı elanları, Nuru Paşa haqqında mətbuatda çıxan məqalələr, Nuru Paşanın Gəncədə qarşılanma mərasimi, daşnak qulduru Şaumyanın Moskvaya həyəcan teleqramı - "qüvvə göndərin, türklərlə bacarmırıq", dövrün "Azərbaycan" qəzetində Qafqaz İslam Ordusu, Nuru Paşanın yerlərdə əhalini qəbul edib problemlərini dinləməsi barədə yazılmış məqalələr, Qara bəy Qarabəyovun rəhbərliyi ilə nəşr olunan "İttihad" qəzetində çıxan məqalələr, istiqlal şairimiz Əhməd Cavadın qələmə aldığı ilk hərbi marşın mətni, Nuru Paşanın Quba səfəri, əhalinin ordunu qarşılamasını əks etdirən tarixi fotolar, Xəlil İbrahimin "Azərbaycan" qəzetində Qarabağ məsələsi və Qafqaz İslam Ordusu ilə bağlı yazdığı silsilə məqalələr… Bunların hamısı barədə Akif Aşırlı tarixi faktlara söykənərək qonaqlara ətraflı məlumat verdi. Baş redaktor vurğuladı ki, uzun illərdən sonra ilk dəfə Qafqaz İslam Ordusu barədə yazıb onu xalqın yaddaşına qaytaran məhz "sovet yazıçısı" Qılman İlkin olub. Qılman İlkinin Qafqaz İslam Ordusu barədə "Türk ordusu Bakıda" kitabı muzeyin eksponatları sırasındadır. Otağın bir hissəsi isə türk xalqının azman məfkurə sahibləri - 
İsmayıl bəy Qaspralı, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğluna həsr edilib. A.Aşırlı bu guşənin yaradılması üzərində xüsusi dayandı:
- Dediyim kimi, otağın formalaşması səbəbi 15 sentyabr Bakının işğaldan azad edilməsi günü və paytaxtımızın cümhuriyyətə qaytarılmasında əvəzsiz xidməti olmuş Nuru Paşaya olan vəfa borcumuzdur. Bu üç dahi şəxsiyyətlə bağlı sənədlərin bir guşədə toplanması da türkçülük ideyasından - İsmayıl bəy Qaspralının irəli sürdüyü və bütün türk dünyasının şüarına və amalına çevrilmiş "Dildə, fikirdə, işdə birlik" ideyasına söykənir. Nuru Paşanın timsalında Qafqaz İslam Ordusunun formalaşması və bu ordunun gənc cümhuriyyətin köməyinə yetişməsi həmin ideyanın gerçəkdə təzahürüdür. Biz paytaxtımızın cümhuriyyətimizə qaytarılmasını, Bakının və Azərbaycanın digər şəhər və kəndlərinin erməni quldurlarından, bolşevik işğalçılarından təmizlənməsini, xilasını Nuru Paşaya və onunla çiyin-çiyinə döyüşmüş qəhrəman türk-Azərbaycan əsgərinə, bu yolda şəhid olanlara borcluyuq.
A.Aşırlı stenddə yer almış materialları göstərərək dedi:
- Burada Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun sözləri olduğu kimi verilib. Əhməd bəy Ağaoğlu Qafqaz İslam Ordusu şərəfinə təşkil edilmiş ziyafətdə deyir: Mən Bakını İstanbulda, İstanbulu Bakıda görüb, özümü o qədər bəxtiyar görürəm ki, daha ölsəm də o qədər qəmim yoxdur, dünyadan kam almış kimiyəm"
Əli bəy Hüseynzadə isə yazırdı: "Əgər bu gün Anadolu Azərbaycanın azadlığı naminə qan tökürsə, sabah da Azərbaycan Anadolunu yoxsulluqdan xilas edə bilər. Azərbaycanı xilas etməklə Anadolu həm də özünü xilas etmiş olur".
Burada Qafqaz İslam Ordusunun o dövrdə mətbuatda yer almış rəsmi məlumatları, ordunun uğurlu döyüş əməliyyatları, kəndlərdəki vəziyyət, ordunun ümumi vəziyyətinə dair qəzet məqalələri var. Türkiyə mətbuatında "Türk ordusunun Bakı zəfəri" başlığı altında məqalələr çap edilib, onları toplamışıq. Kərim Yaycılının "Anadolu Kafkaz Azərbaycana ərməğan" adlı kitabıdır, hansı ki, içərisində Çanaqqala savaşı, Qafqaz İslam Ordusuna həsr etdiyi şeirlər toplanıb. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra mühacirətdə yaşayan ziyalılarımız 15 sentyabrı hər il yad ediblər. Mirzəbala Məhəmmədzadə "Azərbaycan misaqi-millisi" məqaləsini yazıb, 1927-i ildə İstanbulda çap olunub. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə mühacirət həyatı yaşayıb və ömrünün sonunadək çalışıb, məqalələr yazıb, cümhuriyyətimizin fikirdə, yaddaşlarda yaşadılmasına çalışıb. Türkiyədə çap olunan "İstiklal" qəzetinin 1933-cü il 20 sentyabr tarixli sayında "15 eylül (sentyabr) münasibetilə" başlıqlı məqalə verilib.
A.Aşırlı o zaman gənc Cəfər Cabbarlının "Ədirnə fəthi" əsərini Nuru Paşanın çox bəyəndiyindən, bu əsəri qələmə alan yazıçı barədə soruşması və Cəfər Cabbarlının ona təqdim edilməsini, Nuru Paşanın da gənc yazara hədiyyə verdiyini xatırlatdı. Qeyd edək ki, otaqdakı materiallar arasında Cəfər Cabbarlının 1918-ci ilin mart qırğınlarından bəhs edən "Bakı müharibəsi" pyesinin premyerası haqqında elan da var. Həmçinin Salman Mümtazın da Nuru Paşaya ithaf etdiyi şeiri sərgilənir.
A.Aşırlı bildirdi ki, istiqlal mücahidi Seyidağa Axundzadə Qafqaz İslam Ordusunun gəlişini saatbasaat qeydə alıb. Sərgilənən materiallar arasında "Yeni Qafqaziyyə" dərgisinin Azərbaycan istiqlalının ildönümü şərəfinə xüsusi buraxılışı və buraxılışın üz qabığı görünməkdədir. Dərginin üz qabığında Azərbaycanın üçrəngli ay-ulduzlu bayrağı təsvir olunub.
Akif Aşırlı dedi ki, istiqlal uğrunda canını fəda edənlər, beyinləri və canları ilə mübarizə aparanlar istiqlalın şirin dadını heç vaxt unutmayıblar və gələcək nəsillərin də o şərəfli tarixi unutmamaları üçün ömürlərinin sonunadək çalışıblar: "Bizim də Azərbaycanın övladları kimi borcumuz o şəxsiyyətlərin irsinə sahib çıxmaq və gələcək nəsillərə ötürməkdir. Bu otağın formalaşması və Nuru Paşaya ithaf edilməsinin məğzində məhz bu ideya, bu amal dayanır".
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral belə açılış mərasimində iştirak etməkdən qürur duyduğunu dedi:
- Bu, çox böyük işdir. Azərbaycanın müstəqilliyinin qorunmasında, Bakının xilasında Qafqaz İslam Ordusunun, Nuru Paşanın əməyinin olmasından yalnız qurur duymaq olar. Akif bəy, siz hər zaman milli məsələlərə həssas yanaşmısınız, bu da o həssaslığın örnəyidir. Mən belə bir odanın açılışına qatılmaqdan qürur duyuram.
Qonaqlar otaqdakı digər eksponatlar, materiallarla tanış oldular.
Məlahət Rzayeva