Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara müraciət edib.
AQTA-dan Oxu.Az-a verilən məlumata görə, uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır.
"Bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirməsi tövsiyə olunur. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir.
Sadalananlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına diqqət yetirilməlidir. Xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan yoğurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil", - deyə müraciətdə vurğulanıb.