Dana əti ucuzlaşdı, səbəb təəccüblüdür -Açıqlama

Alıcılar dana ətindən üz döndərir, qiymət ucuzlaşsa da, tələbat azalır

Paytaxtda ətin qiymətində enmə müşahidə olunur. Məsələn, Bakıda ət 3-4 manat ucuzlaşıb. Bu barədə "Xəzər Xəbər"də yayımlanan süjetdə bildirilir. Xəbər verilir ki, əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb. Satıcılar isə deyir ki, son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən biri bazarda təklifin artmasıdır. Bu da heyvan ətinin ölkəyə idxalı ilə əlaqəlidir. Alıcılar isə qiymətlərdə əsaslı dəyişiklik olmadığını deyirlər. Əvvəlki aylarda dana ətinin qiyməti 15 - 15 manat 50 qəpik, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir. Bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlardan sonra mal ətinə tələbat azalıb. Bu isə mal ətinin qiymətinin enməsinə səbəb olub. Satıcılar ucuzlaşmanın təxminən 2 manat civarında olduğunu bildirirlər. Məsələn, Tovuzda iri və xırdabuynuzlu heyvan ətinin qiyməti enib. İribuynuzlu heyvan ətinin 1 kiloqramı əvvəl 17 manat idisə, indi 15 manata təklif olunur. Xırdabuynuzlu heyvan ətində də 1-2 manatlıq ucuzlaşma müşahidə edilir. Əvvəllər 20 manata satılan quzu əti isə indi 18 manata təklif olunur. Cəlilabadda da ətin qiymətində 1 manat - 1 manat 50 qəpik arası enmə qeydə alınıb. Satıcıların sözlərinə görə, əvvəllər 16-16,50 manata satılan mal əti indi ucuzlaşıb. Hazırda mal ətinin 1 kiloqramı müştərilərə 15 manata təklif olunur. Satıcılar əlavə edirlər ki, qiymətlər düşsə də, alıcı sayı hələ də azdır. Satıcılar bildirirlər ki, ətin qiymətinin aşağı düşməsinin bir səbəbi xəstəliklə əlaqələndirilsə də, digər səbəbi ölkəyə ucuz heyvan ətinin idxal olunmasıdır.

İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirdi ki, ətin qiymətindəki ucuzlaşma təkcə xəstəliklə bağlı deyil. İnsanların əlavə olaraq alternativ üsullara əl atmasıdır:

- İribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması xəbəri alıcıları dana əti almaqdan müəyyən qədər çəkindirib. İnsanlar çalışırlar, bu müddətdə dana ətindən az istifadə etsinlər, tanıdıqları, etibar etdikləri yerlərdən alsınlar dana ətini. Ya da bölgələrdə heyvan saxlayan tanışları, qohumları varsa, oradan sifariş edirlər. Ümumən dana ətinə tələbat azalıb. Alternativ olaraq, dana ətini quş əti, balıqla əvəzləməyə çalışırlar. Əlbəttə ki, imkan daxilində. Sağlam, yerli quş əti, təzə balıq almağa imkanı çatmayanlar ucuz ət almaqdan da çəkinir, xəstəlik səbəbindən. Ona görə də ətdən imtina edənlərin sayında artım var. Bu da ətin qiymətinin düşməsinə səbəb olur. Başqa səbəb bazara digər ölkələrdən idxal olunan ətlərdir. Yerli təsərrüfatlarda heyvandarlıq inkişaf etmədiyindən, yerli istehsal tələbatı ödəmədiyindən idxala üstünlük verilir. İdxal ətin qiyməti ucuz olduğundan satış qiymətində də bu, özünü göstərir. Amma ətin qiymətindəki enmələr qısamüddətli ola bilər. Yəni üzü yanvara doğru ətin qiyməti yenə qalxa bilər.

Qeyd edək ki, dabaq xəstəliyi ilə bağlı məlumatlar yayılandan alıcılar arasında dana ətinə qarşı inamsızlıq və şübhə yaranıb. Ət ucuz qiymətə təklif edilirsə, bu, alıcılarda təlaş yaradır ki, yəqin xəstə heyvanın ətidir. Buna görə də ümumiyyətlə ətə tələbat azalır. Halbuki xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyi yoxdur. Bununla belə, alıcılar yenə də etibar etmir və ət almaqdan çəkinirlər. Belə vəziyyət təklifin azalmasına səbəb olur ki, bu da nəticədə qiymətlərin enməsini labüd edir.