Ekspert diqqətli olmağa çağırdı: Tikintidəki bədbəxt hadisələrin əksəriyyəti hündürlükdə görülən işlərlə bağlıdır

Ceyranbatanda 46 yaşlı fəhlənin üzərinə beton aşması nəticəsində həyatını itirib.
Axar.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən betonzavodda qeydə alınıb.
1979-cu il təvəllüdlü Saməddin Nurəddin oğlu Rüstəmov zavodda qaynaq işi görərkən onun üzərinə beton aşıb.
Saməddin Rüstəmov elə hadisə yerindəcə həyatını itirib
Faktla bağlı araşdırma aparılır
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, tikinti işləri zamanı təhlükəsizlik qaydaları ön planda olmalıdır: 
"Tikintidə əsas təhlükələr hündürlükdən yıxılma, ağır-tikinti materiallarının fəhlələrin, işçi və qulluqçuların üzərinə düşməsidir. Nəzərə almaq lazımdır ki, ağır tonda olan nəqliyyat vasitələrin hərəkəti zamanı təhlükəsizlik qaydalarına riayət etməliyik. Çünki qaldırıcı qurğularla birlikdə materialların aşması insanlara böyük xəsarət yetirə bilər. Ona görə də tikinti, texniki, əməyin mühafizəsi qaydalarına, sanitar normalara əməl edilməlidir. Tikintidə baş verən bədbəxt hadisələrin əksəriyyəti hündürlükdə görülən işlərlə bağlı olur. Hündürdə görülən işlər zamanı mütləq qoruyucu kəmər bağlanmalı, qoruyucu sipərlər çəkilməli, ayaq altındakı dayaqlar möhkəm və dayanıqlı olmalıdır. Həmçinin fərdi mühafizə vasitələri-kaska, ayaqqabı, əlçək, eynəyin xüsusi rolu var. Məsələn, kaska  hündürlükdən düşə biləcək hər hansı bir parçanın insana zərər verməsinin qarşısını alır. Bütün bu avadanlıqları isə işə götürən tərəf işçiyə verməlidir".