Mənzil başına xanımlar çatdıracaq
Qadın sürücülərin ictimai nəqliyyata qayıdışı yeni layihə deyil
Qadın sürücülər ilkin mərhələdə 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər”. Bunu “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva jurnalistlərə açıqlamasında deyib. Ə.Əliyeva bildirib ki, işə qəbul prosesində namizədlər tibbi müayinədən, psixoloji qiymətləndirilmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçirilib və rəsmi şəkildə “BakuBus” MMC-də işə qəbul olunublar. Sürücülərimiz keçdikləri təlimlər nəticəsində bu məsuliyyətli peşəyə yiyələnməyə tam hazırdırlar. Xanımlarımız bütün sahələrdə olduğu kimi ictimai nəqliyyatda sürücü kimi də məsuliyyət və peşəkarlıq nümayiş etdirəcəklər”.
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi, hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzuya müsbət yanaşdığını bildirsə də, xanımlarımıza incə işlərin təklif olunmasını istədiyini bildirib: "İctimai nəqliyyatda qadınların sürücü kimi fəaliyyət göstərməsi, həm cəmiyyətə verilən bir mesaj, həm də sosial dəyişikliklərə açılan bir qapıdır. İnsanlar bu dəyişikliklərə fərqli reaksiya verə bilər. Bəzən ailənin, bəzən isə ətraf mühitin dəstəyi bu prosesdə önəmli rol oynayır. Amma istənilən halda, peşə seçimi şəxsi bir qərardır və qadınlar öz arzularını reallaşdırmaq hüququna sahibdirlər. Yəni hüquqi baxımdan qadınlara hansı hüquqlar verilirsə, mən müsbət qarşılayıram. Qadınlar avtobus idarə edə bilər. Maşın sürən avtobus da sürər. İndi şəhərin yarısı maşın sürən qadın sürücülərimizdir. Əlbəttə, avtobus da sürə bilərlər. Sadəcə, mən istərdim ki, bizim xanımlarımıza daha incə işlər versinlər, daha gözəl işlər təklif etsinlər, nəinki avtobus sürməyi. Bu mənim şəxsi fikrimdir, amma yenə də bu məsələ ilə bağlı fikirlərim müsbətdir”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında bildirib ki, xanım sürücülərin ictimai nəqliyyatda sükan arxasına keçməsi yeni bir layihə deyil, qadınların ictimai nəqliyyatda sürücü peşəsində çalışması Azərbaycanda olub:

“Burada qeyri-adi bir şey yoxdur. Qadınların ictimai nəqliyyatda sürücü peşəsində çalışması praktikası Azərbaycanda əvvəllər də olub və hazırda da var. İctimai nəqliyyatda qadın sürücülər tramvaylarda, bəzi vaxtlarda avtobuslarda, Sovet dövründə isə trolleybuslarda çalışıblar. Bu praktika hazırda taksi sürücülərində mövcuddur və davam edir”.
Qadınların avtobus sürməsini tamamilə normal hal kimi dəyərləndirən ekspert qeyd edib ki, indi bu sahədə çalışmaq istəyən digər qadınlar üçün daha geniş şərait yaradılıb:
“Çünki sürücülük peşəsində cinsiyyət rol oynamır, həm qadın, həm də kişi bu peşənin sahibi ola bilər. İctimai nəqliyyatda qadınların sayının artması normaldır və müsbətdir. İctimai nəqliyyatda qadınların olması həm sürücülərə etibarı, güvəni artırar, həm də vətəndaşlar üçün ictimai nəqliyyatı daha cəlbedici edər. Bu, cəmiyyətdə gender bərabərliyinin dəstəklənməsi və qadınların bütün sahələrdə bərabər şəkildə fəaliyyət göstərmək hüququnun tanınması baxımından əhəmiyyətlidir. Qadınların bu sahədə işləmək üçün potensialı, bacarığı və hətta marağı da var. Sadəcə, onlara uyğun şəraitin yaradılması, bu sahənin təşviqinə dəstək verilməsi vacibdir. Şəxsən mənim də tanıdığım qadın sürücülər var ki, artıq bu vakansiyalarla maraqlanıblar və müraciət ediblər".