Təkcə sosial şəbəkələr yox, TV-lər də hədəfdədir, cinayətkarları qəhrəman edən verilişlər dayandırılmalıdır
Yeni cərimə mexanizmləri, həmçinin, uşaqlar və yeniyetmələr də daxil olmaqla internetdən istifadə edən bütün kütlənin daha təhlükəsiz informasiya mühitində qalmasına şərait yaradacaq
İnzibati xətalar məcəlləsinə, o cümlədən informasiyanın mühafizəsi haqqında qanunlara dəyişiklik edilir. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan paylaşımlar və qeyri etik çağırışların edilməsi ilə bağlı yeni cərimələr müəyyənləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin “Xırda xuliqanlıq” maddəsinə yeni hissələrin əlavə olunması təklif edilir.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub. Sənədə əsasən, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə - əxlaqsız ifadələrin səsləndirilməsinə, bu məzmunu yaradacaq jestlərin edilməsinə, eləcə də insan bədəninin hissələrinin əxlaq və milli-mənəvi dəyərlərə zidd şəkildə göstərilməsinə görə 500 manatdan 1 000 manatadək cərimə tətbiq olunacaq. İşin hallarına görə və pozuntu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla bu cəzanın kifayət etmədiyi hallarda 30 günədək inzibati həbs verilə bilər. Təklifə əsasən, göstərilən xətanın inzibati tənbeh almış şəxs tərəfindən qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halında 1 000–2 000 manat məbləğində cərimə ediləcək və zərurət olduqda 1 aydan 2 ayadək inzibati həbs tətbiq edilə bilər. Məcəlləyə əlavə olunan qeydə görə, bu maddələr yalnız həmin əməllər Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaratmadığı hallarda tətbiq ediləcək.
Sözü gedən dəyişiklik sosial mediada geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edir ki, bu məhdudiyyət cəmiyyətin əxlaqi və mənəvi dəyərlərinin qorunması baxımından zəruridir. Amma bu addım yalnızca sosial şəbəkələrlə məhdudlaşmamalıdır. Eləcə də, bəzi televiziya proqramlarında da cəza mexanizmlərinə ehtiyac var.
Sosioloq Üzeyir Şəfiyev bildirib ki, sosial şəbəkələrdə süzgəc mexanizminin tətbiqi uzun müddətdir gündəmdə olan məsələdir: “Çox yaxşıdır ki, artıq qanunverici orqanlarda bu mövzu müzakirə olunur və inzibati xətalar məcəlləsinə dəyişikliklər əlavə edilir. Eyni zamanda cinayət məcəlləsində də adekvat dəyişikliklər olmalıdır. Sosial şəbəkə istifadəçilərinin bir çoxu elə düşünür ki, burada istənilən paylaşımı etmək olar və heç bir məsuliyyət daşımayacaqlar. Lakin bu ciddi yanlış yanaşmadır. Real həyatda hüquqazidd davranışlar cəzalandırılırsa, onlayn platformalarda da eyni prinsip tətbiq olunmalıdır”.
Ü. Şəfiyev həmçinin televiziya proqramlarında da bu addımın atılmasının vacib olduğunu qeyd edib. Lakin ekspertin fikrincə, bu proses yalnız kampaniya xarakterli olmamalı, davamlı və dayanıqlı olmalıdır: “Sosial şəbəkələrdə əxlaqsızlıq, ailə dəyərlərini dağıdan paylaşımlar, boşanmanı təşviq edən subliminal mesajların qarşısı alınmalıdır. Bu hallara qarşı sərt cəzalar tətbiq edilməlidir. Lakin yalnız sosial şəbəkələri tənzimləmək kifayət deyil, eyni zamanda televiziya və digər KİV-lərdə də monitorinq aparılmalı və əxlaqa zidd verilişlərin, subliminal mesajların qarşısı alınmalıdır. Təəssüf ki, bəzi TV kanallarında və qəzetlərdə cinayət aləminin insanları qəhrəmanlaşdırılır, bu da ictimai əxlaq üçün ciddi təhlükə yaradır”.
Sosioloq qeyd edib ki, gələcəkdə qanunvericilik dəyişiklikləri həm sosial şəbəkələrdə, həm də KİV-lərdə cəmiyyətə hörmətsizlik və əxlaqa zidd paylaşımların qarşısını almağa yönələcək: “Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər konkret halları əhatə etməli, ailə və ənənəvi dəyərləri sarsıdan hallar açıq şəkildə müəyyən edilməlidir. Sosial şəbəkələr və KİV-lərdə əxlaqa zidd paylaşımlara qarşı yeni tənzimləmə mexanizmi hazırlanır və bununla cəmiyyətin mənəvi dəyərlərinin qorunması məqsəd qoyulur”.
Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Sherg.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinə və informasiya təhlükəsizliyi ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər sosial şəbəkələrdə davranış mədəniyyətinin müsbət yönə dəyişməsinə gətirib çıxaracaq:
“Cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan jest və ifadələr, eləcə də ictimai əxlaqa zidd paylaşımlar son dövrlər daha da artmışdı və bu haqlı olaraq cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. Bununla bağlı mütəmadi tədbirlər görülsə də, təəssüf ki, bu kimi paylaşımların qarşısını almaq tam şəkildə mümkün olmurdu. Qanuna edilən bu dəyişikliklrə də sosial şəbəkələrdə məsuliyyətin artırılmasına və onlayn mühitin sağlamlaşdırılmasına xidmət edir. Düşünürəm ki, bu dəyişikliklərin tətbiqi sosial şəbəkə istifadəçilərində daha böyük məsuliyyət hissi formalaşdıracaq, etik normalara riayət olunmasını təşviq edəcək və kütləvi şəkildə yayılan təhqiramiz, aqressiv və mənəviyyata zidd kontentin qarşısını almağa imkan yaradacaq”.
H. Heydərli qeyd edib ki, yeni cərimə mexanizmləri, həmçinin, uşaqlar və yeniyetmələr də daxil olmaqla internetdən istifadə edən bütün kütlənin daha təhlükəsiz informasiya mühitində qalmasına şərait yaradacaq: “ Çünki qeyri-etik və ziddiyyətli kontent geniş auditoriyaya sürətlə yayılır və xüsusən gənclərin, yeniyetmələrin psixoloji inkişafına mənfi təsir göstərir. Düşünürəm ki, cəmiyyətin milli-mənəvi dəyərlərinin qorunması, ictimai etik standartların möhkəmləndirilməsi və rəqəmsal platformalarda neqativ halların azalması bu dəyişikliklərin ən mühüm müsbət nəticələri kimi dəyərləndirilə bilər. Bununla da sosial şəbəkələrdə daha mədəni, qarşılıqlı hörmətə əsaslanan kommunikasiya mühiti formalaşması üçün hüquqi baza gücləndirilmiş olur”.