İşlək, hamını qane edəcək bir mexanizm tapmaq mümkün deyil
Sosial şəbəkələrin qanunla tənzimlənməsini həyata keçirmək üçün heç bir uğurlu model yoxdur
Nəmənd Rüstəmov: "Qurşaqdan aşağı məsələlərə maraq azalandan sonra texnoloji vasitələrdən istifadəyə də ehtiyac qalmayacaq"
Osman Gündüz: "Hansı ölkədə qlobal sosial media resurslarının rəsmi nümayəndəlikləri açılıbsa, həmin ölkələrdə sosial medianın fəaliyyəti ilə bağlı çevik, effektiv tənzimləmə mexanizmləri nəzərdə tutulur"
Sosial şəbəkələr günümüzün reallığına, həyatımızın tərkib hissəsinə, ayrılmaz parçasına çevrilib. İstəsək də, istəməsək də, artıq bu virtual məkanın sakinləri, vətəndaşlarıyıq. Ümumən sosial şəbəkələrdən daha faydalı fəaliyyət üçün istifadə olunsa da, bu platformanın neqativ tərəfləri də mövcuddur. Bəzən sosial şəbəkə istifadəçiləri bu məkanı kimlərəsə, hətta dövlətə, millətə, dəyərlərə qarşı savaş meydanına çevirir. Söyüş, təhqir, böhtan, şantaj vasitəsinə döndərir, sosial şəbəkədə əməlli-başlı terror əsdirir. Əlbəttə, bunlar çox narahatedici və təhlükəli tendensiyadır.
Həmçinin, sosial şəbəkələr vasitəsilə saxta məlumatlar yayılaraq informasiyaların manipulyasiya edilməsi, ictimai rəyin məqsədli şəkildə dəyişdirilməsi son zamanlar daha kritik hal almaqdadır. “Digital in 2019.Azerbaijan” qlobal reytinqinin məlumatına görə, Azərbaycanda ötən il 3,10 milyon nəfər aktiv sosial media istifadəçisi olub. Feysbuk sosial şəbəkə istifadəçilərinin sayının isə 1.8 milyon olduğu bildirilmişdi. Bu il həmin göstəricilərin xeyli artması istisna edilmir.
O baxımdan sosial şəbəkələrə nəzarətin tətbiq edilməsi, təhlükəli fəaliyyətin cilovlanması günün əsas tələblərindəndir. Məlumat üçün deyək ki, Almaniyada sosial şəbəkələrlə bağlı müzakirələr, sosial şəbəkə operatorları qarşısında öhdəlik qoyulması məsələsi hələ 2017-ci ildə başlamışdı. O zaman “Sosial şəbəkənin mühafizəsi haqqında qanun” qəbul edilmişdi. Bu, feysbukla Almaniya hökuməti arasında 14 ay davam edən uzun müzakirələrdən, danışıqlardan sonra mümkün olmuşdu. Ancaq vurğulanmışdı ki, bu proses sadəcə qanun qəbul etməkdən ibarət deyil. Qanunu işləyib, yazmaq asandır. Qanun qədər vacib olan onun işləkliyidir.
Verilən məlumata görə, Milli Məclisin payız sessiyasında da sosial şəbəkələrin mövcud durumu müzakirə olunacaq və yeni qanun layihəsi barədə təkliflər veriləcək.
Mövcud problemlə bağlı “Şərq”ə fikirlərini bölüşən BDU-nun Jurnalistika fakültəsinin müəllimi Nəmənd Rüstəmov deyib ki, bütün məsələləri qanunvericiliklə tənzimləmək hər zaman uğurlu nəticələnmir. Ekspert qeyd edib ki, hər hansı məsələylə bağlı qanun qəbul edərkən əvvəlki təcrübələr nəzərə alınır:
“Qanunla sosial şəbəkə arasında ziddiyyətlər var. Bununla bağlı ciddi nümunələr mövcuddur. Ölkəmizdən xaricə gedərək miqrant kimi yaşayan bəzi şəxslər çox uğursuz və bəzən də şərəfsiz metodlarla mübarizə aparırlar. Belə məqamlar vətəndaş kimi hamımızı narahat edir. Amma təəssüflər olsun ki, sosial şəbəkələrin qanunla tənzimlənməsini həyata keçirmək üçün heç bir uğurlu model yoxdur. Yeganə Çin modelidir ki, onlar da bəzi sosial şəbəkələri kökündən qadağan edərək özlərinin yaratdıqları tiktoku meydana çıxarıblar. Əslində, bu, böyük fövqəlgüclərin arasında mübarizə üsuludur. Dünya elə həddə gəlib çatıb ki, sosial şəbəkələr zamanın vazkeçilməz tələbinə çevrilib. Azərbaycanda sürətlə internetləşmə gedir. Şəxsən mənim bir neçə telefonum var, hamısı da internetə qoşuludur. Buna rəğmən, özüm dəfələrlə sosial şəbəkələrlə bağlı ciddi problemlərlə üz-üzə qalmışam. Ona görə də çarələr üzərində işləmək cəhdləri başadüşüləndir. Ancaq mən qismən pessimistəm. Düşünmürəm ki, çox işlək və hamını qane edəcək bir mexanizmi tapmaq mümkündür”.
N.Rüstəmov qeyd edib ki, bəzən cəmiyyəti narahat edən məqamlarla bağlı prosesləri zamanın axarına buraxmaq lazımdır: “Bir məsələyə lazım olandan çox diqqət göstərildikdə süni ajiotaj yaranır. Mənasız, yersiz müzakirələrə səbəb olur. Ölkəmizdə hüquqi sistem, qanunvericilik var. Hər kəs informasiya əldə etmək hüququna sahibdir. Eyni zamanda şəxsiyyətin toxunulmazlığı, şərəf və ləyaqətin alçaldılması, şər-böhtanla bağlı qanunvericilikdə müvafiq müddəalar mövcuddur. İstənilən hadisə hüquqi müstəvidə araşdırıla və cinayət törətmiş şəxslər cəzalandırıla bilər. Burada belə bir məqam da var ki, bənzər əməllər məşhur “trollar” vasitəsi ilə həyata keçirilir. Onların əksəriyyətini isə aşkarlamaq çətin olur. Amma sadəcə, internetdən istifadəni tam ciddiyyətlə rəsmi sənədləşmə üzərindən həyata keçirmək, yaşı 18-dən yuxarı olan şəxslərin sosial şəbəkələrə girişini təmin etmək mümkündür. Müəyyən məqamları da nəzərə almaq lazımdır. 44 günlük müharibə dövründə internetə giriş qapadıldı. Amma demək olar ki, hamı “VPN” proqramları vasitəsi ilə zəif də olsa internetə giriş əldə etdi. Məsələni texniki yöndən tənzimləmək üçün dövlət tərəfindən əlavə xüsusi cihazlar alına bilər. Lakin bu, zaman məsələsidir və bir müddət gözləmək lazımdır. Qurşaqdan aşağı məsələlərə maraq azalandan sonra texnoloji vasitələrdən istifadəyə də ehtiyac qalmayacaq”.
Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də “Şərq”ə açıqlamasında bildirib ki, feysbuk, tvitter, instaqram kimi qlobal sosial media resursları bizə məxsus deyil. Ekspert bildirib ki, bütün şirkətlərin mərkəzləri xarici ölkələrdə yerləşib:
“Həmin mərkəzlər xaricdə olduğuna görə, onların fəaliyyətinin hansısa yolla tənzimlənməsində ciddi problemlər üzə çıxır. Hansı ölkədə qlobal sosial media resurslarının rəsmi nümayəndəlikləri açılıbsa, həmin ölkələrdə sosial medianın fəaliyyəti ilə bağlı çevik, effektiv tənzimləmə mexanizmləri nəzərdə tutulur. Məsələn, Türkiyə son illərdə bunu etməyə nail oldu. Amma resursun özünün nümayəndəliyi olmadan hansısa tənzimləmə problem yaradır, çünki təsir imkanları olmur. Bəs belə halda nə etməliyik? Düşünürəm ki, sosial media ilə bağlı ayrı-ayrı qanunvericilik aktlarında müəyyən dəyişiklik etmək mümkündür. Məsələn, bizdə “KİV haqqında”, “İnformasiya əldə olunması” haqqında, o cümlədən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlar var. Bu qanunların təkmilləşdirilməsi, sosial şəbəkələrlə bağlı məqamların nəzərdə tutulması daha məqsədəuyğun olardı. Rəsmi nümayəndəliklər olmadığı təqdirdə ayrıca qanun layihəsi hazırlamağı faydalı saymıram. Bununla nəyəsə nail olmaq mümkünsüzdür”.
İsmayıl Qocayev