Şeyxin Amuliyə cavabı gecikmişdi?

Tural İrfan: "Diplomatiyada zaman ən önəmli faktordur. Gecikmiş cavab cavab deyil"

Sərdar Cəlaloğlu: "Şeyxülislamın cavabı daha çox siyasi bəyanatdır: “Gecikmiş də olsa, hər halda cavab verilməsi düzgün addım idi"

Məlum olduğu kimi İranın dini lideri Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin din xadimi Seyid Həsən Amulinin Azərbaycanı hədələməsi ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən şəxslər Amulinin fonunda İranın bu mövqeyini tənqid ediblər. Nəhayət, susqun qaldığı üçün ciddi tənqidlərlə üzləşən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də Ərdəbilin imam-cüməsinin sərsəm fikirlərinə münasibət bildirib. 

Şeyxülislam deyib ki, Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Ərdəbil imamının səsləndirdiyi fikirlər cəmiyyətdə təəssüflə qarşılanıb və dindarların haqlı narazılığına səbəb olub. QMİ rəhbəri qeyd edib ki, Amilininin məlum çıxışı İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət etmir: “Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir. İranın da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını - Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib. Erməni barbarlarının dağıtdığı evlərimizin, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizin bərpası Amulini də sevindirməli idi. Lakin təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər yəqin ki, “şir”dən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq”. 

Məlumat üçün deyək ki, İran mollasına ilk rəsmi və tutarlı etiraz cavabı verən yüksək mənsəbli ruhani məhz Şeyx oldu. Təəssüf ki, bir-iki şəxsi çıxmaqla ölkədə nüfuz sahibi olan heç bir ruhani İrana cavab vermək istəmədi. Özlərində bu cəsarəti tapmadılar. Lakin QMİ sədrinin cavabını da yetərsiz sayanlar, qənaətbəxş hesab etməyənlər var. 

İlahiyyatçı Tural İrfan “Şərq”ə açıqlamasında deyib ki, diplomatiyada zaman ən önəmli faktordur. Gecikmiş cavab isə cavab deyil. Ekspert vurğulayıb ki, cavab dərhal, özü də təkcə Şeyx yox, ona tabe olan bütün ruhanilər tərəfindən verilməliydi: 

“Təəssüf ki, ruhanilərimizin çoxu İran müctəhidlərinə tabe olduqları, onları təqlid etdikləri üçün qarşı çıxa bilmirlər. Çünki Həsən Amili Şeyximizin təqlid etdiyi müctəhidin rəsmi nümayəndəsidir. Şeyx bir neçə gün davam edən tənqidlərə və ictimai qınağa görə, yəni “xalaxətrin” qalmasın deyə bəyanat verdi. Bəlkə qabaqcadan, ya da sonradan İrana mesaj yolladı ki, üzrlü sayın, bunu deməyə məcburam. Yaxud da təqiyyə edə bilər. Təqiyyə İranın indiki vilayəti-fəqih sistemində əqidəsini siyasi məqsədlə gizlətməyə deyilir. İranın ölkəmizdə yetişdirdiyi bu cür yüzlərlə, minlərlə adam var. İran teokratik dövlət olduğu üçün Həsən Amuli rəsmi dövlət adamı sayılır. Ona bizim dövlət rəsmiləri cavab verməlidir”.

T.İrfan hesab edir ki, bu məsələ söz güləşdirmə müstəvisindən kənar, diplomatik yolla həll olunmalıdır: 

“Yoxsa oradan bir söz deyilsin, bizdən kimsə bir söz desin, bununla nəyəsə nail olmaq olmaz. Hər şeydən öncə ölkəmizdə dini islahatlar aparılmalı, din adamlarının İrandan asılılığına son qoyulmalıdır. Onlar ölkəmizdəki əlaltılarına, müqəllidlərinə güvənib belə guruldayırlar. Digər tərəfdən ölkəmizdə Türkiyə və Pakistan yönümlü dini model formalaşdırılmalıdır. Çünki siyasi, hərbi, iqtisadi yöndən bu dövlətlər bizimlə tam səmimi və qardaşdırlar. Mən söz güləşdirməyin əleyhinəyəm. İranda siyasi hakimiyyətə ruhanilər rəhbərlik edir. Dünyəvi və demokratik dövlət olan Azərbaycanda kimlərinsə İrana bağlı olması təhlükəlidir. Ramazan və Qurban bayramı, dini təqvimlər qardaş Türkiyəyə yox, məhz İrana görə müəyyən edilir. Dini sahədə çox böyük islahata ehtiyac var. Gürcüstan Qafqaz Müsəlmanları İdarəsinin tərkibindən niyə çıxdı? Çünki bu qurumu Rusiyanın təsirində olan idarə kimi qəbul etdilər”. 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə “Şərq”ə bildirib ki, Şeyxin cavabını Qafqaz Müsəlmanları İdarəsinin mövqeyi kimi qəbul etmir. Partiya sədrinin sözlərinə görə, Şeyxülislamın cavabı daha çox siyasi bəyanatdır: 

“Gecikmiş də olsa, hər halda cavab verilməsi düzgün addım idi. Ümumən, QMİ sədrinin yanaşmasını, vurğuladığı məqamları qənaətbəxş hesab etmək olar. Məncə, kifayətdir. Bundan kəskin formada hansısa açıqlama İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirə bilər. Buna ehtiyac yoxdur, çünki heç bir tərəfə xeyirli deyil. İran hökumətinin son açıqlamaları göstərir ki, Tehran hökuməti sərt ritorikasından vaz keçib və geri addım atıb. İranın xarici işlər nazirinin müavini də mövqe bildirib və yüklərin Ermənistandan Qarabağa daşınmasının yanlış olduğunu söyləyib. İran tərəfi vəziyyəti yumşaldan addımlar atıb”.

İsmayıl Qocayev