Suad "Məhsəti" filminə görə üzr istədi

Xəbər verdiyimiz kimi, rejissor Suad Qarayevanın "Məhsəti" filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalından çıxarılıb.

Sherg.az Axşam.az-a istinadla xəbər verir ki, daha sonra film ətrafında müzakirələr yaranıb. Qısametrajlı ekran işindəki açıq-saçıq səhnələrə görə hər kəs Suadı tənqid edib.

Suad məsələ ilə bağlı paylaşım edib və üzr istəyib:

"Azərbaycan vətəndaşı olaraq ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə, emosional, şəxsi bir düşüncə idi. Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm. Bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm. Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir".

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuradan filmə qoyulan qadağa ilə bağlı yayımlanan açıqlamada bildirilib ki, S.Qarayeva tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir, filmdə görkəmli şairə Məhsəti Gəncəvi gəzəyən, əxlaqsız qadın kimi təqdim edilir. Eləcə də, obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.

Suad ekran işi ilə bağlı davam edən müzakirələr və kəskin tənqidlər fonunda rejissor filmin festivaldan çıxarılamsına etirazı ilə bağlı paylaşımını sosial media hesabından silib.