İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gündəmini zəbt edib. Seçkilərdə, Baş nazir Nikol Paşinyanın qarşısında, revanşist mövqeyi ilə tanınan Köçəryan və Ermənistan Milli Konqresinin təmsilçisi Karapetyan dayanıb. Rusmeyilli qüvvələrin Paşinyana qarşı koalisiya şəklində birləşməsi höküməti qorxuya salıb. Rusiyanın Ermənistandakı maşaları, Paşinyanın məğlubiyyəti üçün indidən “şərləmə kompaniyası”na başlayıblar. Artıq vəziyyətin ciddiləşdiyini anlayan hökumət Avropa İttifaqından, seçkilərə müdaxilənin qarşısını almaq üçün dəstək istəyib. Məhz buna görə, Aİ, Ermənistana “hibrid sürətli reaksiya qrupu” göndərməyi planlaşdırır. 9-14 nəfərdən ibarət qrupun, əsas vəzifəsi xarici informasiya manipulyasiyaları və müdaxilələrinə qarşı mübarizə aparmaqdır. Missiya, qanunsuz seçki maliyyələşdirilməsi hallarının aşkarlanmasında aidiyyəti orqanlara kömək etməklə yanaşı, xarici müdaxilələr barədə ictimaiyyəti məlumatlandıracaq.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Sherg.az-a bildirib ki, Avropa İttifaqının Ermənistana xüsusi missiya göndərməsi gözlənilən addım idi:

“Çünki iyun seçkiləri hakimiyyətin taleyi ilə yanaşı, Ermənistanın avrointeqrasiyasının istiqamətini də müəyyən edəcək. Avropa Birliyi Ermənistanda Paşinyan ilə müxalif qüvvələr arasında gedən siyasi qarşıdurmanın sadəcə hakimiyyət uğrunda olmadığını aydın şəkildə görür. Avropadakı siyasi dairələr yaxşı başa düşürlər ki, seçkilərdə prosesinin pərdə arxasında, ölkənin geosiyasi seçimi və Kremlin yenidən Ermənistanı öz təsiri altına alma cəhdlərinin taleyi həll olunacaq. Buna görə göndərilən xüsusi missiya Paşinyanın qələbəsini təmin etmək üçün kifayət qədər səlahiyyət və azadlığa malik olacaq”.
Politoloq, seçki ərəfəsində Ermənistanda, toqquşmaların mümkünlüyündən danışıb:
“Avropanın xüsusi missiyası Paşinyan hakimiyyətinə güclü maliyyə yardımı göstərəcək. Eyni zamanda onlar avrointeqrasiya tərəfdarlarının Paşinyan ətrafında birləşməsinə təsir göstərməyə çalışacaqlar.Ermənistanda revanşist və Kremlin təsirinə düşən qüvvələrin, təmərküzləşdiyini nəzərə alsaq, seçkilərdə siyasi və hərbi toqquşmaların baş verməsi ehtimalını istisna etmək olmaz. Seçki prosesi yaxınlaşdıqca, siyasi qüvvələr arasındakı mübarizə, sivil çərçivədən çıxaraq qanlı toqquşmalara qədər gedə bilər”.
A. Quliyev çətin də olsa, Paşinyanın seçkilərdə qalib gələcəyinə inandığını bildirib:
“Avropa İttifaqının göndərdiyi missiya Paşinyan komandasının maraqları çərçivəsində, seçki prosesləri barədə xalqı məlumatlandırmağa xidmət edəcək. Çünki Ermənistan hökumətinin bu gün izlədiyi yol avrointeqrasiya xətti ilə üst-üstə düşür. Bu da qəti şəkildə Kremlın maraqlarına ziddir. Avropanın diqqətini, Yaxın Şərqdəki hadisələrə və Rusiya-Ukrayna müharibəsinə yönəltməsi, Ermənistanda, Kreml yönümlü qüvvələrin baş qaldırmasına səbəb olub. Paşinyanın seçkilərdə qalib gəlməsi, onun partiyasının mübarizəsi ilə yanaşı Avropa missiyasının verdiyi açıq və gizli dəstəyin təzahürü ilə baş tutacaq”.