
Analitik: Bir-birimizlə yaşamalı, birgə mövcudluğa öyrəşməliyik
Nə ermənilər, nə də biz - azərbaycanlılar regiondan gedəcəyik
Samir Əsədli: "Sülh sadəcə dövlət başçılarının imzaladığı sənədlərlə tamamlanmır"
“Bu yolda hər bir ziyalının, jurnalistin, ictimai xadimin və sadə vətəndaşın rolu əvəzsizdir”
Azərbaycanla Ermənistan arasında vətəndaş cəmiyyəti nümayəndələrinin heç bir vasitəçi olmadan ilk görüşü reallaşdırması müzakirə mövzusudur. Uzun fasilədən sonra ictimaiyyət nümayəndələri arasında keçirilən bu görüş bir sıra detallara görə diqqət çəkir. Əvvəla, Azərbaycana məxsus təyyarənin çarter reysi ilə İrəvan hava limanına enməsi iki ölkə arasındakı münasibətlərdə və qarşılıqlı etimad mühitinin formalaşdırılması baxımından verilən ciddi mesaj sayılır. İkincisi, tərəflər ilk dəfə olaraq, heç bir vasitəçi olmadan, görüşdülər ki, bu da iki ölkə liderinin başladığı birbaşa təmasların ictimai səviyyədə davam etdirilməsi deməkdir. Bu, həm də öz maraqları çərçivəsində vaxtaşırı "dialoqu" imitasiya etməyə çalışan Qərb institutlarının prosesdən kənarda qalmasından xəbər verir. Məlumdur ki, həm işğal illərində, həm də postmüharibə dövründə ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti institutları arasında müəyyən təmaslar olub. Bu görüşlər əsasən üçüncü ölkələrin ərazisində baş tuturdu. Bu zaman həm Qərb institutlarının təşəbbüsü əllərində saxlayıb iradələrini diktə etmələri, həm də erməni təmsilçilərinin özlərini "qalib" hesab edərək, fərqli prizmadan mövqe nümayiş etdirməsi bu tip görüşləri faydasız edirdi. Lakin müstəqil şəkildə təşkil edilən görüşlər sülh prosesinin tərəflərində əlavə məsuliyyət yaradır, prosesə təkan verir. Vaşinqton Bəyannaməsindən sonra hər iki ölkənin lideri tərəfindən atılan real addımlar cəmiyyətləri hər ötən gün sülhə daha çox yaxınlaşdırmaqdadır. Nəzərə almaq lazımdır ki, iki ölkənin birgə sülh şəraitində yaşaması zəruridir və ömürlük düşmənçiliyin mümkün olmadığı da məhz hər iki xalq tərəfindən qəbul edilməlidir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında rəsmi səviyyədə sülh danışıqları aparılır, kommunikasiya xətləri bərpa olunur, qarşılıqlı etimadın qurulması üçün addımlar atılır. Ekspertə görə, belə bir şəraitdə Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin Ermənistana səfəri mühüm hadisə idi:

"Prinsip etibarilə, vətəndaş cəmiyyəti təşkilatları, xüsusilə də sülh, insan hüquqları, mədəni əməkdaşlıq və regiondakı sabitliyin təşviqi ilə məşğul olan QHT-lər bu prosesi dəstəkləyən "xalq diplomatiyası" vasitəsi ola bilər. Bir məqamı da nəzərə alaq ki, hər iki tərəfdən minlərlə insan doğmasını, yaxınını itirib. Milyona yaxın azərbaycanlı öz evindən didərgin düşüb. İnsanların taleyi, həyat məqsədləri dəyişib. Cəmiyyətlərin bu ağrılı mərhələdən keçərək sülh şəraitində yaşamağa uyğunlaşması çox mürəkkəb prosesdir. Amma bütün bunlarla yanaşı, biz qonşu dövlətik və sülh son dərəcə böyük bir prosesdir. Cəmiyyətlərin bir-birini anlaması, postmüharibə dövrünün travmalarını tədricən geridə qoyması, ən azı uyumlu yaşamağı qəbul etməsi vacibdir. Biz qəbul etməliyik ki, nə ermənilər, nə də azərbaycanlılar regiondan gedəcək. Bu, bizim taleyimizdir. Bir-birimizlə yaşamalı, birgə mövcudluğa öyrəşməliyik".
Analitik hesab edir ki, sülh şəraitində yaşamaq hər iki tərəf üçün daha faydalıdır:
"Sülh təkcə müharibənin yoxluğu deyil, həm də ədalətin, qarşılıqlı hörmətin və inamın bərpasıdır. Hər iki xalqın gələcək nəsilləri barış və təhlükəsizlik şəraitində böyüməlidir ki, tarixdə baş verən faciələr bir daha təkrarlanmasın. Sülhün bərqərar olması həm regionun iqtisadi inkişafını, həm də yeni əməkdaşlıq imkanlarını genişləndirəcək. Enerji, nəqliyyat, ticarət və turizm kimi sahələrdə birgə layihələr təkcə ölkələrimizi deyil, bütün Cənubi Qafqazı sabitlik məkanına çevirə bilər. Xüsusi olaraq vurğulanmalıdır ki, münaqişənin kökündə siyasi-ideoloji məqamlar üstünlük təşkil edib. Bu gün də Ermənistanda revanşist mövqedə olan siyasi cərəyan mövcuddur. Bu qüvvələr regionda sabitliyə, əməkdaşlığa və sülhün davamlı olmasına ən böyük maneədir. Lakin dialoq və təmaslar davam etdikcə, bu radikal baxışların təsir gücü azalacaq, qarşılıqlı anlaşma isə güclənəcək. Azərbaycan tərəfi sülh prosesinə realist, ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqedən yanaşır. Ermənistan isə bu tarixi fürsəti dəyərləndirməli, gələcək nəsillər üçün düşmənçilik deyil, əməkdaşlıq irsi qoymalıdır".
S.Əsədli bəyan edib ki, gələcəkdə bu cür görüşlər siyasi partiyalar, media mənsubları və gənclər təşkilatları ilə davam etdirilməlidir:
"Sülh sadəcə dövlət başçılarının imzaladığı sənədlərlə deyil, həm də xalqların bir-birini tanıması və etimadın bərpası ilə mümkündür. Bu baxımdan, ziyalıların, mədəniyyət xadimlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə keçirilən görüşlər mühüm əhəmiyyət daşıyır. Xüsusən də gənc nəslin sülh mədəniyyətinə yiyələnməsi, ortaq humanitar layihələrdə iştirakı və təhsil mübadilələri regionda yeni etimad mühitinin formalaşmasına mühüm töhfə verə bilər. Unutmaq olmaz ki, sülh prosesi yalnız keçmişi bağışlamaq deyil, gələcəyi birgə qurmaq bacarığıdır. Tarixi ədalət və insanlıq dəyərləri üzərində qurulan sülh gələcək onilliklərin təhlükəsizliyini təmin edə bilər. Bu yolda hər bir ziyalının, jurnalistin, ictimai xadimin və sadə vətəndaşın rolu əvəzsizdir".