Bu həm Paşinyanın seçkiyə güvəndiyini göstərir, həm də sülh yaxınlaşır
Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri Bakı-İrəvan münasibətlərində yeni diplomatik dinamikanın formalaşdığını göstərən mühüm siyasi siqnaldır. Xüsusilə nümayəndə heyətinə sərhədlərin delimitasiyası üzrə dövlət komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etməsi bu səfərin sıradan protokol xarakteri daşımadığını, əksinə, iki ölkə arasında normallaşma və sərhəd gündəliyinin praktik mərhələyə keçdiyini göstərir. Bu baxımdan İrəvan təması yalnız texniki görüş deyil, həm də postmünaqişə dövründə tərəflər arasında birbaşa siyasi dialoqun intensivləşməsinin növbəti mərhələsi kimi qiymətləndirilir. Səfərin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən rəsmi şəkildə təsdiqlənməsi və əlavə açıqlamanın anons edilməsi göstərir ki, görüşün gündəliyi təkcə sərhəd məsələləri ilə məhdudlaşmaya da bilər. Delimitasiya prosesi, kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimadın artırılması və sülh sazişi üzrə növbəti addımların bu təmasların əsas müzakirə mövzuları sırasında yer alacağı gözlənilir. Bu mənada Şahin Mustafayevin İrəvan səfəri regionda sülh prosesinin siyasi və institusional mərhələyə daxil olduğuna işarə edən diqqətçəkən diplomatik hadisədir.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sherg.az-a açıqlamasında bildirib ki, bu çox maraqlı bir addımdır:
“Çünki Ermənistanda Parlament seçkiləri yaxınlaşır. Ermənistan tərəfinin Azərbaycanla İrəvanda belə yüksəksəviyyəli görüş keçirilməsinə şərait yaratması Paşinyan və komandasının seçkilərdə qalib gələcəklərinə inamlarından xəbər verir. Bu isə müsbət bir haldır”.
Eks nazir Azərbaycan tərəfinin Ermənistandakı seçkilərə təsirinə də toxunub:
“Əgər, Ermənistan tərəfi fikirləşsəydi ki, belə bir səfər seçkiqabağı onlara problem yarada bilər, o zaman İrəvanda görüşə razılıq verməzdilər. Azərbaycan nümayəndələrinin təntənəli şəkildə Ermənisatna paytaxtına enməsi onların buna istəkli olduqlarından xəbər verir. Digər tərəfdən bu təmas sülhü bir addım da irəli aparacaq. Paşinyan və komandası seçkilərdə qələbə qazansalar Konstitusiyanı dəyişəcəklər. Bundan sonra isə sülh sazişi imzalamaq olar”.