Azərbaycanın son tələbi: Paşinyan artıq gerçəklərin fərqinə varmağa başlayıb -RƏY

Son zamanlar Ermənistanın siyasi dairələrində ən çox müzakirə olunan mövzulardan biri, “Müstəqillik Bəyannaməsi”dir. 1990-cı il avqustun 23-də Ali Sovetin birinci sessiyasında qəbul edilən bəyannamə, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edir. Bu iddialar Ermənistanın iki ölkə ilə normallaşma prosesinə əngəl olur. Bəyannamənin mövcudluğu, Ermənistanın baş naziri Nikol Paşinyanın tənqidinə tuş gəlib. O bildirib ki, ölkənin yeni konstitusiyasında “Müstəqillik Bəyannaməsi”nə yer verilməməlidir. Paşinyan həmçinin, Azərbaycana qarşı ərazi iddiasının yer aldığı bəyannaməni sülh üçün “təhlükə mənbəyi” adlandırıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, konstitusiyadakı zərərli müddəalar qalarsa, Azərbaycan sülh müqaviləsini imzalamayacaq. Bu məsələ, Ermənistan daxilində siyasi mübahisələrə səbəb olub. Müxalifət partiyaları və bəzi ictimai təşkilatlar bəyannamənin dəyişdirilməsinə etiraz edərək, Paşinyan hökumətini “xəyanətdə” ittiham edirlər. 

Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Ermənistan konstitusiyasında “Müstəqillik Bəyannaməsi”nin mövcudluğu digər normativ aktların ona tabe olmasını təmin edir:

“Müstəqillik bəyannaməsi”ndə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları varsa, imzalanan sülh müqaviləsi uzunmüddətli ola bilməz. Hakimiyyət dəyişdiyi təqdirdə, yeni siyasi qüvvələr konstitusiyanın istinad etdiyi “Müstəqillik Bəyannaməsi”ni əsas gətirərək, sülh müqaviləsini rahatlıqla ləğv edə bilərlər. Xatırlayırsınızsa, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulmasını və sərhədlərin açılmasını nəzərdə tutan “Zürix protokolları” imzalanmışdı. Məsələyə Ermənistan konstitusiya məhkəməsi tərəfindən baxıldı. Protokolun Ermənistan Konstitusiyasına zidd olduğu əsas gətirilərək ləğv olundu. Tarixi təcrübə göstərir ki, Ermənistan hökuməti gələcəkdə də bu cür qərarlar qəbul edə bilər”. 

Politoloqun sözlərinə görə, vaxtilə Türkiyə ilə protokolu pozan qüvvələr indi də Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə mane olmaq istəyirlər:

“Ermənistanın “Müstəqillik Bəyannaməsi”ndə yer alan ərazi iddialarının konstitusiyadan çıxarılması sülh müqaviləsinin imzalanmasına mane olan bütün əngəllərin aradan qaldırılmasına şərait yaradacaq. Çünki sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın bundan başqa tələbi yoxdur. Nikol Paşinyan israrla “Müstəqillik bəyannaməsi”nin yeni müharibələrə yol aça biləcək “təcavüzkar akt” olduğunu bildirir. Əslində onun dediklərində həqiqət payı var. Lakin baş nazir, əvvəllər Ermənistan Konstitusiyasında hər hansı bir ərazi iddiasının olmadığını bəyan edirdi. Xüsusilə də “Müstəqillik Bəyannaməsi”nin konstitusion maddə olmadığını əsas gətirirdi”. 

N. Miri bildirib ki, Paşinyan artıq gerçəklərin fərqinə varmağa başlayıb:

“O başa düşür ki, Ermənistan qonşu dövlətlərlə sülh şəraitində yaşamaqla, suveren və müstəqil dövlətə çevriləcək. Maraq doğuran məqamlardan biri isə Paşinyan və komandasının “Müstəqillik Bəyannaməsi”ndəki ərazi iddialarının aradan qaldırılması məsələsini parlament seçkilərindən əvvəl müzakirəyə çıxarmasıdır. Halbuki, indiki vəziyyətdə bunun konstitusiyadan çıxarılmasına dair fikirlərin səsləndirilməsi, Paşinyan hökuməti üçün risklər yaradır. Revanşist qüvvələr bu addımı fürsətə çevirərək, hökuməti xəyanətdə ittiham edə bilərlər. Paşinyan bu məsələni seçkidən əvvəl gündəmə gətirib ki, sonradan “xalqı aldatdı” ittihamı ilə üzləşməsin”. 

Politoloqun fikrincə, bu addımdan sonra Ermənistan xalqı parlament seçkilərində kimlərə səs verdiyini daha yaxşı anlayacaq:

“Çünki parlamentdə Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanı dəstəkləyən seçicilər, sonradan konstitusiya ilə bağlı referendum keçirilərkən onun əleyhinə səs verməkdə çətinlik çəkəcəkdilər. Artıq Ermənistan cəmiyyəti ölkənin taleyi ilə bağlı ciddi seçim qarşısındadır. Onlar müharibə və sülh arasında qərar verməlidir. Qarabağın Ermənistana birləşdirilməsi ideyasının qalması, Azərbaycanın bunu qəbul etməyəcəyi anlamına gəlir. Bu isə iki ölkə arasında növbəti qarşıdurmaya yol aça bilər. Hazırkı vəziyyətdə Ermənistanın nəqliyyat və kommunikasiya blokadaları aradan qaldırılıb. Əgər, ermənilər müharibəyə üstünlük versələr, yaranmış imkanları itirəcəklər”.