Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olaraq qalır. Ermənistanın təşkilatda tamhüquqlu iştirakı üçün qapılar açıqdır.
APA xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov TASS-a müsahibəsində bildirib.
“Ermənistan bizim müttəfiqimiz olub və olaraq qalır. Ümid edirik ki, Ermənistan yaxın perspektivdə KTMT-də tamhüquqlu iştiraka qayıdacaq. Bunun üçün bütün şərait və ilkin şərtlər mövcuddur: biz ondan çıxış edirik ki, Ermənistan xalqı Avrasiyada ümumi təhlükəsizlik məkanının yaradılmasında maraqlıdır. Üstəlik, noyabr ayında Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, respublikanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil”, — Tasmaqambetov bildirib.
KTMT-nin Baş katibi əlavə edib ki, Ermənistan Respublikası təşkilatda fəaliyyətini müvəqqəti olaraq dayandırıb: “Bu da hazırkı mərhələdə Ermənistanın siyasi rəhbərliyinin KTMT-yə münasibətdə formalaşmış mövqeyini əks etdirir. Bu, müstəqil və suveren dövlətin qərarıdır və ona heç bir başqa dövlət və ya təşkilat təsir göstərə bilməz”.