Burak Aydın: Paşinyan “sülh istəyiriksə, xəyal satmağı dayandıraq” deyir

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl bildirib ki, “Kərki, Yuxarı Əskipara və Barxudarlı kəndləri Azərbaycana məxsusdur və beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisinin bir hissəsi deyil. Ermənistanın 29.743 kvadrat kilometr ərazisi beynəlxalq səviyyədə tanınmışdır və bu hesablamaya üç Azərbaycan kəndi daxil deyil. Əgər biz bununla üzləşməsək, bu, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin, məsələn, 29.743 kvadrat kilometr deyil, 29.755 kvadrat kilometr olduğunu iddia etmək deməkdir ki, bu da müharibə elanına bərabər olardı”. Paşinyan həmçinin qeyd edib ki, bu yaşayış məntəqələri qanuni olaraq ermənilərin verdiyi uydurma adlarla yox, öz adları ilə adlandırılır. O, nümunə olaraq Kərkini göstərib. Ermənistan lideri yaşayış məntəqələri məsələsinin sərhəd demarkasiyası çərçivəsində həll olunacağını bildirib. Xatırladaq ki, Nikol Paşinyan əvvəllər Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin 1991-ci il xəritələrinə görə Ermənistan ərazisi olmadığını bildirmişdi. Lakin Ermənistan baş nazirinin qeyd etmədiyi Sofulu kəndi də Azərbaycana qaytarılmalı olan ərazilər arasındadır.

Siyasi araşdırmaçı və yazar Burak Aydın Sherg.az-a Paşinyanın bu açıqlamasının mənfi və müsbət tərəflərindən bəhs edib:

"İlk olaraq bizim lehimizə olan tərəfdən baxmaq lazımdır. 30 illik donmuş münaqişə ilə bağlı ilk dəfə bir erməni lider “bizim deyil” deyə bildi. Bu, sülh üçün şərt olan bir şey idi və belə desək, istədiyimizi əldə etdik. Risk daşıyan tərəf isə odur ki, Ermənistanda Paşinyana qarşı “torpağı satdı” reaksiyası gündən-günə artır. Ermənistan siyasəti gələcəkdə çox rəngarəng bir hala gəldikdə və Paşinyana alternativ liderlər ortaya çıxdıqda, onun hakimiyyətinin sona çatması və yerinə Türkiyə əleyhdarı bir hökumətin gəlməsi ehtimalı bölgədəki planlarımızı riskə ata bilər. Müxalifət də hazırda bundan istifadə edir. Lakin onların güclü olmaması bizim üçün yaxşıdır".

Analitik vurğulayıb ki, regional tərəfdən baxdıqda, bu addım reallaşarsa, Qafqazda 100 illik bağlı sərhədlər açılar: 

"Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan, İran-Ermənistan xətləri canlanar. Buradakı ticarətin güclənməsi də birbaşa Avropa-Asiya arasındakı körpünün ən mühüm iki gücü olan qardaşlara, yəni Türkiyə və Azərbaycana fayda verər. Bir sözlə, Paşinyan “sülh istəyiriksə, xəyal satmağı dayandıraq” deyir. Amma bu sözün real həyatda qarşılığının olması üçün sərhədlərin delimitasiyası komissiyasının işləməsi və kəndlərin faktiki olaraq geri qaytarılması lazımdır".