Cənubi Qafqazda böyük güc savaşı başlayır - POLİTOLOQ

Seçkilər həlledici olacaq, Aİ Ermənistanda təsirini artırmaq istəyir

Avropa İttifaqı Ermənistanda mülki missiyanın mandatını genişləndirərək yeni təhlükəsizlik və sabitlik mexanizmləri formalaşdırmağa hazırlaşır. Brüsseldə səfirlərin ilkin razılığı ilə təsdiqlənən sənəd gələn həftə Aİ xarici işlər nazirlərinin iclasında yekun qərara çıxarılacaq. Missiyanın əsas məqsədi Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirmək, təhlükəsizlik institutlarına strateji və texniki dəstək göstərmək və regionda sabitlik proseslərinə töhfə vermək kimi müəyyən edilir.

Eyni zamanda, bu addımın yalnız texniki missiya çərçivəsində deyil, daha geniş geosiyasi kontekstdə -xüsusilə Rusiya və regiondakı digər güc mərkəzləri ilə balans axtarışı fonunda qiymətləndirildiyi bildirilir. Ermənistanın qarşıdan gələn seçkiləri və regional kommunikasiya xətləri ətrafında yaranan gərginliklər də Aİ-nin bölgəyə yanaşmasında həlledici faktor kimi göstərilir. Bu fonda yeni missiyanın tərkibi, mandatı və fəaliyyəti Cənubi Qafqazda siyasi və təhlükəsizlik arxitekturasının dəyişən dinamikasına təsir edə biləcək addım kimi dəyərləndirilir.

Politloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Avropa İttifaqının Ermənistana missiyyə göndərmə planları onun Cənubi Qafqazdakı maraqları ilə bağlıdır:

“Avropa İttifaqının Ermənistanla münasibətləri ciddi şəkildə inkişaf etdirilir və tərəflərin bir çox sahələrdə Ermənistana dəstək göstərdiyini görməkdəyik. Xüsusilə də son 5 ildə bu dəstək ciddi şəkildə artırılıb və bu müxtəlif yolla dəstək proqramlarıdır. Bura mali dəstək, qrant şəkildə olan dəstəklər, Ermənistanda mülkü adlandırılan missiyanın yerləşdirilməsi, Azərbaycan və Ermənistan arasında sülh prosesinə Avropa İttifaqı tərəfindən müxtəlif vasitəçilik edilməsi və s. kimi fəaliyyətlər daxildir. Avropa İttifaqı hal-hazırda Rusiya ilə ciddi şəkildə qarşıdurma şəraitindədir. Hətta Güney Qafqazda nüfuz dairəsi yaratmaq uğrunda mübarizə gedir. Avropa İttifaqı mövqelərini gücləndirmək üçün özünün əsas plasdarmı olan Ermənistan üzərindən prosesi həyata keçirməyə çalışır. Bunun üçün Ermənistandakı qarşıdan gələn seçkilər çox önəmlidir. Aİ Moldovada olduğu kimi Ermənistanda dəstəkləməklə məsələni öz xeyrinə həll etməyə çalışır”.

Analitik qeyd edib ki, bu, daha çox Rusiya ilə strateji qarşıdurma və nüfuz uğrunda mübarizədir:

“Avropa İttifaqının bölgədə nüfuzunun artması, Ermənistanda ciddi şəkildə imkanlara malik olması Rusiyanın maraqlarına uyğun deyil. İranla bağlı məsələ gəldikdə isə Avropa İttifaqının ona olan münasibəti Rusiyadan daha yumşaqdır desək, yanılmarıq. Hətta Avropa İttifaqı İsrail-Amerika-İran qarşıdurmasında yer almadı və faktiki olaraq əksər aparıcı ölkələr bu prosesdən çəkilməklə İranı müdafiə etdilər.Bu baxımdan proses daha çox Rusiyanın maraqlarına zidd bir fəaliyyət kimi dəyərləndirilə bilə. Ancaq Avropa İttifaqı bölgədə nüfuzunun artması İranın da Ermənistan üzərində təsir imkanlarının azalmasına gətirəcək bir durum yarada bilər”.