Ekspert: Simonyanın sərt mövqeyi sülh təşəbbüslərinə mane olan qruplara qarşıdır

“Ermənilərin əksəriyyəti Azərbaycan sərhədçilərini görmək istəmir. Bu, narahatlıq doğursa da, zamanla aradan qalxacaq, çünki biz qonşuyuq”.  Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Simonyan qeyd edib ki, ermənilər və azərbaycanlılar artıq Rusiya  və digər ölkələrdə birgə biznes qurur, dostluq edir və bir-birlərinin ad günlərinə qatılırlar. 
Onun sözlərinə görə, hər iki tərəfdə həssaslıq mövcuddur, lakin onlar üçün kommunikasiyaların mümkün qədər tez açılması prioritet və vacibdir: “Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcəklər, bizim vahid Ermənistan-Azərbaycan mal bazarımız olacaq. Mağazalarımızda Azərbaycan malları, Ermənistan malları isə Bakı və digər şəhərlərin mağazalarında olacaq. Bu, qaçılmazdır”.
Ermənistan parlamentinin sədri həmçinin bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyacaq: “Bizim vahid erməni–Azərbaycan əmtəə bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları görünəcək, Ermənistan məhsulları isə Bakıda və digər şəhərlərdə əlçatan olacaq. Ermənilər Azərbaycan benzinini daha ucuz ala biləcəklər - bu qaçılmazdır”, - deyə Simonyan vurğulayıb.
O etiraf edib ki, hər iki tərəfdə hələ də həssaslıq qalır: “Axı biz insan öldürmədikmi, azərbaycanlı tərəfdən adamlar ölmədimi?”, - deyə spiker xatırladıb.
Onun fikrincə, bu gərginlik zamanla aradan qalxacaq, çünki əsas prioritet sərhədlərin açılması və kommunikasiya xətlərinin tezliklə bərpa edilməsidir.
Simonyan həmçinin qeyd edib ki, artıq Moskvada və digər ölkələrdə çoxsaylı azərbaycanlı və erməni birlikdə biznes qurur, dostluq edir və normal münasibətlər saxlayır.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla ölkəsi arasındakı sülh prosesinə qarşı çıxan yerli müxalifətə sərt reaksiya verib.
O, jurnalistlərə açıqlamasında müxalifətin sülh gündəmi barədə danışmağa ixtiyarının olmadığını bildirib: “Başqa gündəm yoxdursa, siz sülh gündəminizi dilə gətirə bilməzsiniz”.
Jurnalist sülhlə bağlı eyni sualında “müxalifət” ifadəsini işlədəndə Simonyan onun sözünü kəsib: “Hansı müxalifət? Parlamentdə müxalifət yoxdur. Artıq parlamentdə müxalifət yoxdur. Bəzi şəxslər var ki, gələcək parlamentdə görünmək üçün indi başqa siyasi qüvvələrdə özlərinə yer axtarırlar. Artıq Ermənistan parlamentində müxalifət yoxdur”.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamaları ilk növbədə ölkənin daxili siyasi problemləri ilə bağlıdır. Ekspertin sözlərinə görə, əgər Simonyan parlamentdə müxalifətin mövcud olduğunu etiraf etsəydi, cəmiyyətdə elə bir rəy formalaşardı ki, guya parlamentdə güclü müxalifət var və ona dəstək vermək lazımdır: 
“Bu, həm hakimiyyətin mövqeyini zəiflədə, həm də ictimaiyyət arasında siyasi gərginlik yarada bilərdi.
Alen Simonyan isə qəti şəkildə parlamentdə hər hansı bir müxalifətin olmadığını bəyan etməklə strateji siyasi addım atıb. Bu qərar birbaşa hakimiyyətin güclü görünməsinə xidmət edir və həm də sülh prosesinə qarşı çıxan daxili siyasi qüvvələrin təsirini minimuma endirməyə yönəlib.
Simonyanın sərt mövqeyi həmçinin Azərbaycan-Ermənistan arasındakı sülh təşəbbüslərinə mane olan qruplara qarşıdır. Faktiki olaraq, bu qruplar son 30 il ərzində erməni xalqına və dövlətçiliyə ciddi zərbə vurub, həmçinin bəzi hallarda böyük dövlətlərin forpostu və aləti rolunda çıxış ediblər. Bu baxımdan, Simonyanın onların fəaliyyətini qəbul etməməsi tamamilə haqlı bir mövqe kimi dəyərləndirilir”.
Siyasi ekspertin fikrincə, Simonyanın açıqlamaları yalnız daxili siyasət kontekstində deyil, həm də regional sülh prosesinin möhkəmləndirilməsi baxımından önəmlidir. Onun vurğuladığı kimi, hakimiyyətin vahid mövqedə olması və sülh təşəbbüslərinə qarşı çıxan qüvvələrə qarşı sərt mövqe nümayiş etdirməsi, həm Ermənistan cəmiyyətinə, həm də Azərbaycan ilə münasibətlərin inkişafına müsbət təsir göstərə bilər.