“Asiyadan Afrikaya, Qafqazdan Balkana qədər Türkiyə, türk milləti deyildikdə ilk ağla gələnin nə olduğu məlum deyilmi? Allah eşqinə, bu dəyişməz həqiqətlərə göz yummaq, bu reallıqlara arxa çevirmək mümkündürmü?”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Sadəcə kimlərəsə sərf etmir deyə, öz kökümüzü, nəslimizi və mənəvi əsaslarımızı inkar etməliyikmi? Nəsli kəsilməkdə olan bir neçə köhnə düşüncəli adam narahat olur deyə, bizi biz edən qurucu dəyərlərimizi yox saymalıyıqmı? Bəziləri istəmirlər deyə, “Allah, Allah” nidaları ilə üç qitə, yeddi iqlimdə at çapmış qəhrəman əcdadımızı rədd etməliyikmi?
Heç kim inciməsin, bunu etmərik, edə də bilmərik. Biz öz kökümüzə də, əcdadımıza da heç vaxt arxa çevirmərik. Kim nə deyir-desin, kim hansı bəyanatı verir-versin, bizi biz edən dəyərlərə möhkəm sarılacağıq.
Heç bir daxili və xarici qüvvənin bu xüsusiyyətlərə zərər verməsinə, inancımız və iradəmizi sarsıtmasına, bu milləti saxta və süni qorxularla əsir almasına imkan verməyəcəyik. 86 milyon insan birlikdə bir-birimizin və Türkiyə Cümhuriyyətinin hüququnu canımız bahasına qoruyacağıq”, - o bildirib.