Ermənistanda seçkilər sərhəd prosesinə təsir edə bilər - TƏHLİL

"Əgər bu seçkilərdə Paşinyanın əleyhdarları olan revanşist qüvvələr qələbə çalarsa, bu proses ciddi şəkildə uzana bilər"

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin yaxın vaxtlarda davam etdiriləcəyinə dair açıqlaması Bakı-İrəvan münasibətlərində postmünaqişə mərhələsinin əsas gündəliklərindən birinin hələ də sərhədin hüquqi və siyasi çərçivədə müəyyənləşdirilməsi olduğunu göstərir. Paşinyanın delimitasiya prosesinin “lazımi müddət ərzində yekunlaşacağı” ilə bağlı vurğusu bir tərəfdən bu istiqamətdə siyasi iradənin qorunduğunu nümayiş etdirirsə, digər tərəfdən prosesin qısa müddətdə tamamlanmayacağına dair realist mesaj kimi də qiymətləndirilə bilər. Bu açıqlama onu göstərir ki, İrəvan sərhədin müəyyənləşdirilməsi məsələsini sülh gündəliyinin əsas elementlərindən biri kimi saxlamağa çalışır.

Mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov Sherg.az-a bildirb ki, Azərbaycan və Ermənistan arasında delimitasiya-demarkasiya prosesi 2 il öncə Qazax rayonu ərazisindən başlanıb və 13 km-lik məsafədə delimitasiya və demarkasiya olunub:

“Bu prosesin davam etdirilməsi ilə bağlı tərəflər arasında razılaşma da mövcuddur. Hətta prosesin aparılması üçün hüquqi əsaslar və təlimatlar da hazırlanıb, təsdiq olunub. Əlbəttə ki, sərhədlərin delimitasiya-demarkasiya prosesi sülh prosesinin tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Doğrudur, bu proses texniki proses olduğundan və uzun zaman aldığından bunu sülh müqaviləsi ilə birbaşa əlaqələndirmək doğru olmaz. Çünki Azərbaycanla Ermənistan arasında sərhəd təxminən 1000 km məsafədədir və bu sərhədin demək olar ki, bütün hissəsi mürəkkəb coğrafi relyefə malikdir. O, baxımdan müəyyən ləngimələrin olacağı da məlumdur. Həmçinin bu prosesdə həm də Azərbaycanın Ermənistanın işğalı altında qalan 4 kəndinin azad olunması məsələsi ilə bağlı problem də həllini tapmalıdır”.

Paşinyanın lazımi müddət ərzində yekunlaşacağı ilə bağlı fikrinə gəldikdə, analitik qeyd edib ki, həmin prosesin uzunmüddətli olacağı ilə bağlı bir açıqlama kimi də dəyərləndirilə bilər:

“Yəni bu, tərəflərin həm də iradəsindən asılı olacaq bir məsələdir. Çünki bu proses nə qədər sürətli aparılsa da, bir neçə il çəkəcəyi məlumdur. Nəzərə alsaq ki, bizim Gürcüstanla sərhədlərimiz hələ tam şəkildə demarkasiya edilməyib, mübahisəli məqamlar var ki, bu da tərəflər arasında həll olunmalıdır, o baxımdan bu kifayət qədər zaman alacaq bir prosesdir. Ümumilikdə, nəticəni hələlik pozitiv dəyərləndirmək olar. Digər tərəfdən Ermənistandakı seçkilərin nəticəsi bu prosesə də təsir edə bilər. Əgər bu seçkilərdə Paşinyanın əleyhdarları olan revanşist qüvvələr qələbə çalarsa, bu proses ciddi şəkildə uzana bilər. Çünki sülh prosesi ləngiyəcək və ümumi proseslərdə də ləngimələr baş verəcək. O, baxımdan, əgər Paşinyan bu seçkilərdə növbəti dəfə qələbə çalarsa, sülh gündəliyini sürətlə irəlilədərsə, o zaman prosesin intensiv və sürətli aparılması mümkündür”.