“Cənubi Qafqaz Federasiyası ideyası yenidən aktuallaşa bilər”
Cənubi Qafqazda sabitliyin qorunması və iqtisadi əməkdaşlığın genişləndirilməsi region ölkələrinin əsas prioriteti kimi təqdim olunur.
APA-nın yerli bürosunun məlumatına görə, bunu İrakli Kobaxidze Gürcüstan–Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında deyib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında imzalanmış sülh sazişi bölgə üçün mühüm əhəmiyyət daşıyır və Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar yaradır.
İclasda çıxış edən Nikol Paşinyan isə Gürcüstanın dəstəyi ilə Ermənistan, Gürcüstan və Azərbaycan arasında üçtərəfli ticarət və münasibətlərin dərinləşdiyini vurğulayıb. O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi regiondakı ümumi mühitin yaxşılaşmasına xidmət edir və rəsmi Tbilisinin bu istiqamətdə davamlı dəstəyi yüksək qiymətləndirilir.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a söyləyib ki hər üç Cənubi Qafqaz ölkəsində uzun illərdir ki, Qafqaz, yaxud Cənubi Qafqaz Federasiyası ideyası mövcud olub.
“İndi isə Ermənistanın məğlubiyyəti və Zəngəzur dəhlizinin reallaşması fonunda bu ideyanın yenidən aktuallaşması üçün daha əlverişli şərait yarana bilər. Çünki üçlük arasında əsas dağıdıcı ritorikanın və ərazi iddiaları kontekstində formalaşan narrativin daha çox Ermənistan tərəfindən irəli sürüldüyünü müşahidə edirdik. Lakin həmin proseslər aradan qalxdıqdan və Ermənistanın məğlubiyyətindən sonra vəziyyət dəyişməyə başlayıb. Digər tərəfdən, Gürcüstan da görür ki, Azərbaycan kommunikasiya xətlərini şaxələndirir və bu, Tbilisinin mövcud tranzit gəlirlərinin azalması riskini yaradır. Hazırkı mərhələdə bütün tərəflər üçün vahid əməkdaşlıq platforması daha cəlbedici görünür. Məncə, Gürcüstan da oyundan kənarda qalmamaq üçün prosesdə pay sahibi olmağa və yeni kommunikasiya layihələrinə qoşulmağa çalışacaq”.