Gürcüstan parlamenti “Toplantılar və nümayişlər haqqında” Qanuna düzəlişləri sonuncu - üçüncü oxunuşda qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, 79 deputat qanun layihəsinin lehinə, 9-u isə əleyhinə səs verib.
Yeni tələblərə əsasən, təşkilatçılar aksiyanın keçirilməsi barədə Gürcüstanın Daxili İşlər Nazirliyini (DİN) öncədən xəbərdarlıq etməli olacaqlar.
Bununla yanaşı, toplantı və yaxud nümayiş ictimai təhlükəsizliyə və asayişə, müəssisə və təşkilatların normal fəaliyyətinə, nəqliyyat vasitələri və insanların hərəkətinə təhlükə yaradarsa, DİN iştirakçıları alternativ məkan, aksiyanın keçirilmə vaxtı və yaxud forması barədə təlimatlandıracaq. Bu təlimatın yerinə yetirilməməsinə görə aksiya iştirakçıları 15 günədək, təşkilatçılar isə 20 günədək inzibati həbs cəzası ilə üzləşəcəklər.
Qanun pozuntusuna təkrar yol veriləcəyi halda aksiya iştirakçısı və ya təşkilatçısı bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.