Kaya Kallas Gürcüstan hakimiyyətinə çağırış etdi

Avropa İttifaqı (Aİ) Gürcüstan hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ATƏT-in Nazirlər Şurasının iclasında bildirib.

Aİ-nin baş diplomatı deyib ki, Gürcüstan hakimiyyəti hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlara qarşı həddindən artıq güc tətbiqi hallarını araşdırmalıdır.

“Moldova Respublikasının Aİ-yə inteqrasiya yolunda irəliləyən islahat səyləri və demokratik davamlılığını dəstəkləməyə davam edəcəyik. Həmçinin, Aİ Gürcüstan hakimiyyətini insan hüquqlarına hörmət etməyə və demokratik geriçəkilməni dayandırmağa çağırır. Hakimiyyət haqsız yerə həbs edilənləri azad etməli, gücdən həddən artıq istifadə ilə bağlı bütün iddiaları araşdırmalı və belə hallara yol verən vəzifəli şəxsləri qanun qarşısında məsuliyyətə cəlb etməlidir”, - Kaya Kallas vurğulayıb.