Türkiyə kimi nəhəng bir ölkə Aİ-yə üzv ola bilmirsə, Ermənistanın ittifaqa daxil olması real deyil
Ermənistanın xarici siyasət kursunda Qərbə inteqrasiya məsələsi yenidən aktuallaşıb. Baş nazir Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı ilə münasibətlərinə toxunaraq, üzvlük məsələsinin siyasi qərardan asılı olduğunu bildirib. Onun sözlərinə görə, Aİ-nin genişlənmə ilə bağlı mövqeyi müəyyən məntiqə əsaslanır və bu prosesdə son söz qurumun özünə məxsusdur.Paşinyan vurğulayıb ki, Ermənistan heç bir tərəfin iradəsini məcbur edə bilməz, lakin Avropa İttifaqı tərəfindən tamhüquqlu üzvlük qərarı verilərsə, bu, ölkə üçün müsbət nəticə olacaq. Eyni zamanda o qeyd edib ki, belə bir qərar qəbul edilməsə belə, Ermənistan inkişaf strategiyasından geri çəkilməyəcək. Baş nazirin fikrincə, rəsmi İrəvanın əsas hədəfi ən yaxşı beynəlxalq standartlara cavab verən dövlət qurmaqdır. Bununla yanaşı, o etiraf edib ki, Ermənistan hazırda bu səviyyədən hələ xeyli uzaqdır. Bu yanaşma ölkənin həm daxili islahatlara, həm də beynəlxalq inteqrasiyaya paralel şəkildə üstünlük verdiyini göstərir.
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a bildirib ki, Paşinyan iqtidara gəldikdən sonra Ermınistanın siyasət kursunda Qərbə inteqrasiya baş rol oynamağa başlayıb:
“Amma görünən odur ki, erməni baş nazir hələki istədiyinə tam şəkildə nail ola bilmir və ola da bilməz. Çünki ölkəsi ölkəsi Rusiyadan qopa bilmir. Ümumiyyətlə ərazisində Rusiya hərbi bazası yerləşən Ermənistan tam şəkildə Qərbə inteqrasiya edə bilmir. Avropa İttifaqı ilə üzvülük məsələsinə gəlincə isə, burada da Rusiya faktoru rol oynayır. Çünki Moskvanın razılığı olmadan Ermənistanın Aİ-yə üzvlüyü mümkünsüz görünür. Təbii ki, Paşinyan bunu çox arzulayır. Amma arzular heç də hər zaman gerçək olmur. Yəni Ermənistanın Aİ üzvülüyü yaxın perspektivdə real görünnmür. Həmçinin Ermənistan indiki vəziyyətə Aİ-yə üzvülüyə layiq deyil. Çünki qurumun kriteriyalarına cavab vermir. Hətta Avropa ölkələri özləri də onun ittifaqa üzvülüyünü istəmirlər. Çünki Ermənistan kimi ölkələrin üzvülüyü Aİ-nin ciddiyətini aşağı sala bilər”.
Analitik qey edib ki, Paşinyanın bu cür açıqlamaları seçkiöncəsi xal qazanmağa hesablanıb:
“Seçki gününə qədər belə tipli açıqlamaların daha çox şahidi olacağıq. Türkiyə kimi nəhəng bir ölkə Aİ-yə üzv ola bilmirsə, Ermənistanın ittifaqa daxil olması real deyil. Avropa İttifaqının genişlənmə siyasətində ölkənin gücü, hansısa dövlətdən asılı olmamaq, iqtisadiyyatının güclü olması və.s amillər əsas götürülür. Ermənistan isə bunların heç birinə cavab vermir.Ümumiyyətlə biz son 8 ildə Paşinyandan bu tipli çox açıqlamanın şahidi olmuşuq. Lakin onun ardınca erməni baç nazir dərhal Moskvada görünüb”.