Parlamentari: Azərbaycan–Gürcüstan əməkdaşlığı regionun lokomotividir

Azər Allahverənov: Enerji və logistika layihələri strateji tərəfdaşlığı gücləndirir

"Azərbaycanla Gürcüstan arasında münasibətlər uzun illərdir strateji tərəfdaşlığın ən yüksək səviyyəsində formalaşıb və bu əlaqələrin hər yeni təmasla daha da dərinləşdiyi açıq şəkildə müşahidə olunur. Prezident İlham Əliyevin Gürcüstana həyata keçirdiyi rəsmi dövlət səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır və ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir".

Bu barədə Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin Gürcüstan səfərini şərh edən Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Azər Allahverənov deyib.  

Deputatın sözlərinə görə, bu səfər təkcə siyasi dialoqun davamı deyil, eyni zamanda mövcud əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsi üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından mühüm platformadır:

“Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın əsasını təşkil edən iri enerji və nəqliyyat layihələri bu tərəfdaşlığın nə qədər möhkəm və strateji xarakter daşıdığını nümayiş etdirir. Vaxtilə ulu öndər tərəfindən əsası qoyulan Bakı–Tbilisi–Ceyhan neft kəməri, eləcə də sonrakı mərhələdə reallaşdırılan Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan regionun inkişafına ciddi təsir göstərib. Bu layihələr sayəsində Gürcüstan beynəlxalq münasibətlər sistemində daha müstəqil mövqe tutmaq, öz milli maraqlarını daha sərbəst şəkildə müdafiə etmək imkanı qazanıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri təkcə dostluq və qonşuluq prinsiplərinə deyil, həm də qarşılıqlı maraqlara əsaslanan, davamlı və perspektivli strateji əməkdaşlıq modelinə çevrilib”.

Allahverənov qeyd edib ki, Azərbaycan və Gürcüstanın əməkdaşlığı təkcə regional nəqliyyat və logistika infrastrukturuna təsir göstərmir, həm də enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyət kəsb edir:

“ Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən dünya bazarlarına çıxarılması, eləcə də bu ölkədə həyata keçirilən alternativ enerji və infrastruktur layihələri Cənubi Qafqazın iqtisadi və siyasi sabitliyinə birbaşa töhfə verir. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yalnız iqtisadi layihələrlə məhdudlaşmır, həm də beynəlxalq səviyyədə bir-birini dəstəkləyən diplomatik platformalarla müşayiət olunur. Hər iki dövlətin milli maraqlarının üst-üstə düşməsi, Cənubi Qafqaz regionunda ortaq təhlükəsizlik və inteqrasiya məqsədlərinin prioritetləşdirilməsi Azərbaycan–Gürcüstan əməkdaşlığının dayanıqlılığını təmin edir. Orta Dəhliz və digər strateji layihələr sayəsində iki ölkə yalnız regionun nəqliyyat və enerji qovşağı kimi rolunu gücləndirmir, eyni zamanda Avrasiya inteqrasiyasının daha geniş iqtisadi və siyasi çərçivədə inkişafına töhfə verir. Bu əməkdaşlıq modeli həm region üçün nümunəvi, həm də beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyətlidir”.

Deputat hesab edir ki, Azərbaycanın xarici siyasətində Gürcüstan vektoruna xüsusi önəm verilməsi, eyni zamanda iki ölkə arasında yeni perspektivlərin formalaşdırılması və mövcud imkanların daha səmərəli reallaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir:

“ Bu yanaşma, regionun sabitliyinin qorunması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və Cənubi Qafqazın beynəlxalq inteqrasiya proseslərinə aktiv şəkildə cəlb olunması üçün mühüm zəmin yaradır. Azərbaycanın Gürcüstana verdiyi xüsusi önəm yalnız ikitərəfli münasibətlərin möhkəmləndirilməsi ilə məhdudlaşmır, həm də Cənubi Qafqazın siyasi və iqtisadi inkişafına töhfə verən lokomotiv rolunu gücləndirir. Bu əməkdaşlıq modeli region üçün dayanıqlı inkişaf və inteqrasiya baxımından nümunəvi səciyyə daşıyır”.

“Ən azından onu nəzərə almalıyıq ki, Cənubi Qafqaz bölgəsi kifayət qədər sabitdir. Şimal və Cənub qonşularımızda baş verən münaqişələr fonunda, Azərbaycanın iqtisadi inkişaf strategiyasını uğurla həyata keçirməsi üçün əlverişli şərait mövcuddur. Bu baxımdan, Azərbaycan–Gürcüstan münasibətləri regional əməkdaşlıq və inteqrasiya layihələrinin lokomotivi funksiyasını yerinə yetirir. Avrasiya qitəsi üçün əhəmiyyətli olan inteqrasiya layihələrinin reallaşmasında, Azərbaycan–Gürcüstan münasibətlərinin dayanıqlı olması və davamlı inkişaf potensialı xüsusi rol oynayır. Bu münasibətlərin yüksək səviyyədə təmin olunması həmin layihələrin uğuruna birbaşa təsir göstərir”-deyə A. Allahverənov əlavə edib. 

Deputatı onu da bildirib ki, enerji təhlükəsizliyi və logistika layihələri sahəsində yanaşı, iqtisadiyyatın digər seqmentlərində də, məəslən, yaşıl enerji, ticarət, alternativ enerji mənbələri və digər sahələrdə iki dövlət arasında davamlı inkişafın siyasi iradəsi açıq şəkildə görünür:

“ Prezident İlham Əliyevin Gürcüstana səfəri fonunda bu əlaqələrin strateji əhəmiyyəti bir daha təsdiqlənir və regional əməkdaşlığın möhkəmlənməsində yeni imkanlar yaradır.