Partiya sədri: Paşinyan erməni toplumunu özünə inandıra bilib

Ermənistanda korrupsioner məmurlara qarşı da ciddi mübarizə aparılır
“Bunlar Paşinyanın əlini gücləndirir. Baş nazir seçkilərədək revanşistləri tamamilə zərərsizləşdirmək niyyətindədir”
Ermənistanda revanşist qüvvələrin, xüsusilə Rusiyapərəst dairələrin yenidən fəallaşması, sülh prosesinə real təhlükə yaradır. Onlar üçün sülh sənədi, əslində, Ermənistanın müstəqil qərarvermə hüququnun təsdiqi deməkdir. Bu da Moskva üçün arzuolunmaz ssenaridir. Ötən gün revanşist dairələrin nümayəndəsi, siyasi şərhçi Benyamin Matevosyan növbəti dəfə məntiqsiz və təxribat xarakterli açıqlaması ilə diqqət çəkib. O, sosial şəbəkədə yaydığı yazısında Paşinyanın ordu islahatını və Azərbaycanla tranzit razılaşmasını “eyni zəncirin halqaları” adlandıraraq guya bu addımların Ermənistan üçün “təhlükə” yarada biləcəyini iddia edib. O, həmçinin Qazaxıstandan gələn buğdanın Azərbaycan və Gürcüstan üzərindən Ermənistana daşınmasını İrəvanın Azərbaycan və Türkiyədən asılı vəziyyətə salacağını iddia edib. Göründüyü kimi Ermənistan regionda illərlə davam edən izolyasiyadan çıxmaq, yeni iqtisadi dəhlizlərə qoşulmaq şansı qazanarkən Matevosyan kimi revanşistlər bu imkanları təhlükə kimi qələmə verməyə çalışırlar. Bu cür “xəstə sərsəmləmələr” illərdir Ermənistanı geridə saxlayan, onu Rusiya asılılığından qurtarmağa imkan verməyən köhnə düşüncənin təzahürüdür. Paşinyan hökuməti erməni Apostol Kilsəsinin sərt müqaviməti ilə də üzləşir. Kilsə uzun illərdir dini təşkilatdan daha çox, siyasi-ideoloji mərkəz kimi fəaliyyət göstərir. Bu mərkəz "Böyük Ermənistan" ideyasının və revanşizmin əsas təbliğatçılarından biri olub. Paşinyanın "29 min kvadrat kilometr" konsepsiyasına əsaslanan realist siyasəti, Azərbaycanın ərazi bütövlüyünü tanıması və sülhə can atması Kilsənin ənənəvi, şovinist xəttinə ziddir. Kilsə-hökumət gərginliyi fonunda Rusiya faktoru vacib rol oynayır. Erməni Kilsəsi tarixən Rusiya ilə sıx əlaqələrə malik olub və Paşinyanın Qərbyönlü kursu Kremli narahat edir. Rusiyadaxili qüvvələr, o cümlədən kilsə vasitəsilə Paşinyana qarşı təzyiqi gücləndirməyə çalışır. Ermənistan bu gün kəsişmə nöqtəsindədir. Paşinyanın məqsədi ölkəni illərlə mövcud olmuş irredentist xülyalardan qurtararaq real dövlətçilik yoluna çıxarmaqdır. Əgər Paşinyan Kilsənin siyasi təsirini məhdudlaşdıra və 2026-cı il seçkilərində mövqeyini qoruyub-saxlaya bilsə, Ermənistanın dünyəvi və Qərbyönlü inkişaf kursu, həmçinin Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı artacaq. 
Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Sherg.az-a deyib ki, Ermənistanda ciddi proseslər gedir. Partiya rəhbəri vurğulayıb ki, Baş nazir Nikol Paşinyan parlament seçkilərinə ciddi hazırlıq görür:
 "Eyni zamanda Paşinyanın rəqibləri - "Qarabağ klanı", "Daşnaksütyun" və Kilsə də seçkilərə hazırlıq görür, bütün güclərini, resurslarını səfərbər edirlər. Məsələ ondadır ki, tərəzinin bir gözündə Paşinyan, digər gözündə isə üç qüvvə yer alır. Yəni Ermənistandakı bütün müxalifət, revanşist güclər Paşinyana qarşı birləşiblər. Bu, Paşinyan üçün "ölüm-qalım" savaşıdır. Paşinyan dərk edir ki, əgər o, hakimiyyəti təhvil versə, ciddi ittihamlara məruz qalacaq və keçmişə görə bütün məsuliyyəti onun üzərinə atacaqlar. Hətta bu, cinayət məsuliyyətinə, həbslərə qədər gedib çıxa bilər. Amma seçkiöncəsi Rusiyaya bağlı olan Kilsə, daşnaklar, revanşistlər, Sarkisyan-Koçaryan cütlüyü, o cümlədən xarici qüvvələr Ermənistandakı prosesləri qızışdırırlar. Çünki Kilsə və revanşistlər də 2026-cı ildə keçiriləcək seçkilərin son şansları olduqlarını çox gözəl bilirlər. Ona görə hər tərəf öz cəbhəsində möhkəmlənərək, silah-sursatını toplayaraq bir-birinə qarşı hücuma keçib". 
M.Rəhimov əlavə edib ki, Paşinyanın üstünlüyü ondan ibarətdir ki, əlində hakimiyyət və onun resursları, inzibati strukturları var:
 "Digər yandan, Paşinyan və komandası erməni ictimaiyyəti tərəfindən dəstəklənir. Baş nazir az da olsa, erməni toplumunu inandıra bilib ki, onlar mövcud reallıqla yaşamalı, onunla barışmalıdırlar. İndiyədək "böyük Ermənistan" xülyası ermənilərə ancaq bədbəxtlik və fəlakət gətirib. Paşinyan ermənilərə qəbul etdirib ki, özündən əvvəlki hakimiyyətlər xalqın hüquqlarını kobud şəkildə pozub. Hazırda Ermənistanda korrupsioner məmurlara qarşı da ciddi mübarizə aparılır. Bunlar Paşinyanın əlini gücləndirir. Baş nazir seçkilərədək revanşistləri tamamilə zərərsizləşdirmək niyyətindədir. Kilsə hökuməti dəstəkləməsə, II Qaregin və ətrafı mühakimə olunacaq. Ümumilikdə Paşinyanın seçkilərdə qələbə çalmaq şansının çox olduğunu deyə bilərik".