“Ermənistan ərazisində yerləşən infrastrukturun adlarını yalnız Ermənistan müəyyən edə bilər”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə xarici işlər naziri Hakan Fidanın bəyanatına cavab olaraq söyləyib.
“Ermənistanda “Sülh dəhlizi” və TRIPP layihəsi mövcuddur, hər hansı digər terminologiya (Zəngəzur dəhlizi – red.) Ermənistan Respublikasına aid deyil,” - o bildirib.
Türkiyə xarici işlər naziri noyabrın 18-də verdiyi açıqlamada Zəngəzur dəhlizinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcəyini bəyan edib:
“Ərazi (Zəngəzur dəhlizi) Ermənistanda, bunu tələb edən Azərbaycan. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək. Biz burada onların işini asanlaşdıran tərəfik və Avropadan gələn tranzit marşrutunun əsas quru hissəsini təşkil edən bu sahəyə ehtiyacımız var. Zəngəzur dəhlizi olmadığı üçün Mərkəzi Orta Asiya, Qafqaz və Rusiya ilə quru yolu ticarətini Gürcüstan və İran vasitəsilə həyata keçiririk. Həmçinin dəniz yolu ilə Rusiya limanları, Qara dəniz və digər yerlərdən istifadə edirik. Müharibədən əvvəl daha çox istifadə edirdik. Zəngəzur dəhlizi isə hazırda xüsusilə Azərbaycan və Ermənistan arasında müzakirə mövzusudur”.
İki ölkənin Vaşinqtonda sülh sazişini parafladıqlarını xatırladan Hakan Fidan əlavə edib ki, sazişdə yer almayan iki həll olunmamış məsələ də var:
“Birincisi, Zəngəzur dəhlizi, ikincisi, Ermənistan Konstitusiyası ilə bağlı məsələdir. Bu məsələlər həll olunduqdan və Azərbaycan yekun sazişə imza atdıqdan sonra Türkiyə də Ermənistanla sərhəd qapılarını açacaq”.