Paşinyan II Qareginə xəbərdarlıq etdi: Özü getməsə, biz uzaqlaşdıracağıq

Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini xəyanətdə ittiham edib.

Teleqraf xəbər verir ki, o, katolikosun Tanrını da aldatdığını bildirib.

“Bəzi evli keşişlər öz rəhbərlərinin (II Qareginin) göstərişi və məcburiyyəti ilə dünən verdiyim bəyanatımı mübahisələndirməyə cəhd edirlər. Mən bəyan etmişdim ki, erməni kilsəsinin bütün evli keşişləri xalqı və Tanrını aldatmadıqları üçün mənim qardaşlarımdır.

Hörmətli atalar, mən sual vermədim, təsdiqlədim və təkrar edirəm: Erməni Apostol Kilsəsinin evli keşişlərinin hamısı mənim qardaşlarımdır, o cümlədən mənfi bəyanatlar verənlər, çünki siz nə xalqı, nə də Tanrını aldadırsınız. Sənin də Ktrij Nersisyan (II Qaregin) kimi övladın varsa, amma o, xalqı və Tanrını aldatdığı halda niyə kilsədə onun səndən yüksək statusu var, sənin yox?”, - baş nazir qeyd edib.

Paşinyan vurğulayıb ki, II Qaregin subaylıq andını pozaraq, kilsəyə xəyanət edib:

“Niyə zinakar bir “subay keşiş” (II Qaregin) sizə hökmranlıq və rəhbərlik etməlidir. O, bu hüququ murdarladığı subaylıq andı sayəsində əldə edib? Ktriç Nersisyan da mənim qardaşımdır. Amma o, katolikos deyil və Ali Patriarxlığı tərk etməlidir. Əgər getməsə, qardaşlar, biz onu hörmətli evli keşişlər kimi birlikdə uzaqlaşdıracağıq”.