“Paşinyan müxalifətin parçalanmasından uğurla yararlanır” - Analitik

“Ermənistanda müxalifət "siyasi reanimasiya" ilə çıxış edir”

Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi proseslər daha da intensivləşib. Müxalif düşərgədə mümkün birləşmə ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın müxtəlif müxalif qüvvələri vahid platforma ətrafında toplamaq təşəbbüsü diqqət mərkəzindədir.

“Erməni Milli Konqresi” partiyası bu prosesə münasibət açıqlayıb. Partiyanın sədr müavini və baş nazirliyə namizədi Levon Zurabyan bildirib ki, sabiq prezidentin əsas məqsədi parlament seçkilərindən əvvəl müxalifətin birliyinə nail olmaq və Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır.

Zurabyan qeyd edib ki, müxalifətin birləşməsi baş tutarsa, bu, ölkənin qarşısında duran ciddi siyasi və təhlükəsizlik çağırışlarının aradan qaldırılması baxımından mühüm addım olacaq. Bununla yanaşı, o vurğulayıb ki, təşəbbüs uğursuz olarsa belə, partiya öz müstəqil siyasi kursunu davam etdirəcək və mübarizədən geri çəkilməyəcək.

Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan müxalifətinin bu gün nümayiş etdirdiyi mənzərə, siyasi strategiyadan daha çox, "siyasi reanimasiya" cəhdini xatırladır:

“Levon Ter-Petrosyanın müxtəlif qütbləri vahid platformada toplamaq təşəbbüsü ilk baxışda iddialı görünsə də, əslində dərin ideoloji böhranın və alternativsizliyin etirafıdır. Müxalifət düşərgəsi illərdir Nikol Paşinyanı devirmək üçün "vahid namizəd" və ya "vahid cəbhə" kartından istifadə etməyə çalışsa da, hər dəfə daxili ambisiyalar və liderlik davası bu prosesi iflic edir. Levon Zurabyanın "təşəbbüs uğursuz olarsa, müstəqil davam edəcəyik" yanaşması isə müxalifətin hələ prosesin başında məğlubiyyət senarisini qəbul etdiyini və öz tərəfdarlarına tam inam verə bilmədiyini göstərir”.

Analitik vurğulayıb ki, bu birləşmə cəhdlərinin Paşinyan hakimiyyəti üçün real təhlükə yaratma ehtimalı olduqca aşağıdır:

“Çünki Ermənistan seçicisi üçün təqdim olunan "alternativ" similar -Ter-Petrosyan, Koçaryan və Sarkisyan xalqın yaddaşında "köhnə sistemin" qalıqları kimi kodlaşıb. Paşinyan öz reytinqinin aşağı düşməsinə rəğmən, hələ də müxalifətin bu dağınıqlığından və keçmiş rəhbərlərə qarşı olan xalq nifrətindən uğurla qidalanır. Müxalifət xalqa yeni bir inkişaf modeli və ya təhlükəsizlik zəmanəti vermək əvəzinə, yalnız "Paşinyansız Ermənistan" şüarı ilə çıxış edir ki, bu da intellektual və siyasi baxımdan tükənmişliyin göstəricisidir. Nəticə etibarilə, Ter-Petrosyanın bu addımı Paşinyanı devirməkdən çox, köhnə elitanın siyasi arenada sonuncu dəfə "mövcudluq sübutu" cəhdi kimi qiymətləndirilməlidir”.